Azərbaycandakı bütün nəqliyyat və xüsusi obyektlərə nəzarət daha da gücləndirilib

Azərbaycandakı bütün nəqliyyat və xüsusi obyektlərə nəzarət daha da gücləndirilib

Rusiyada "Domodedovo" hava limanında baş verən terrordan sonra Azərbaycandakı bütün xüsusi obyektlərdə nəzarət daha da gücləndirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov SİA-ya deyib ki, bütün xüsusi obyektlərdə, o cümlədən, beynəlxalq neft kəmərlərində, enerji daşıyıcılarında, xarici ölkələrin respublikamızdakı səfirlik və nümayəndəliklərində, böyük ticarət mərkəzlərində, hava limanlarında, dəmiryol qovşağlarında, metro stansiyalarında nəzarət gücləndirilib.

 

"Azərbaycan Hava Yolları" QSC-nin xidmət rəisi Məhərrəm Səfərlinin SİA-ya verdiyi məlumata görə, Moskva aeroportunda ötən gün baş vermiş hadisə ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanında təhlükəsizlik tədbirləri bir qədər də gücləndirilib.

 

Eyni ilə işlər Bakının dəmir yolu vağzalı və beynəlxalq avtovağzalında da görülür. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, ümumiyyətlə, dəmir yolu vağzalında mütəmadi olaraq təhlükəsizlik tədbirləri görülür, bütün sərnişinlər yoxlanılır, qatara minənlər barədə məlumat isə kompüter vasitəsilə birbaşa olaraq sərhədə çatdırılır.

 

Analoji hal Bakı metropolitenində mövcuddur. Belə ki, metroda təhlükəsizlik tədbirləri bir qədər də gücləndirilib, bütün əl çantaları yoxlanılır, ümumiyyətlə, bütün ərazisində hüquq mühafizə işçiləri xidmət aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə