Azərbaycan nümayəndə heyəti Avropa Şurasında bəyannamə yayıb

Azərbaycan nümayəndə heyəti Avropa Şurasında bəyannamə yayıb

Azərbaycanın Avropa Şurasına üzvlüyünün 10 illiyinə dair qurumda "Azərbaycanın Avropa Şurasında on ilinin qarşılıqlı faydalı nəticələri və perspektivləri" adlanan bəyannamə yayılıb. SİA-nın AŞ-nın saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan nümayəndə heyəti adından, millət vəkili Rafael Hüseynovun hazırladığı bəyannamədə deyilir: "Ümummilli lider Heydər Əliyev 2001-ci ilin yanvarında Azərbaycan nümayəndə heyətini Avropa Şurasına yola salarkən tapşırmışdı ki, Azərbaycanın nailiyyətlərini və həqiqətlərini Avropa Şurası tribunasından istifadə edərək dünyaya çatdırılsın, və ən vacibi ərazilərimizin işğal edilməsi, yüz minlərlə insanımızın qaçqın və köçkünə döndərilməsi faktını qurumun daim diqqətində saxlanılsın. Biz Avropa Şurasında olduğumuz on il boyunca həmişə buna riayət etmişik. Yeni müstəqil dövlətlərin və o sıradan Azərbaycanın Avropa Şurasının tərkibinə daxil olması son on beş il ərzində həm bu təşkilatda, həm də və yeni üzv dövlətlərdə ciddi dəyişikliklərə gətirib çıxarıb".

Sənəddə bildirilir ki, yeni müstəqil dövlətlərin və o sıradan Azərbaycanın Avropa Şurasının tərkibinə daxil olması nəticəsində son on beş il ərzində həm bu təşkilatda, həm də və yeni üzv dövlətlərdə ciddi dəyişikliklər baş verib: "2011-ci ilin yanvarında AŞPA - dakı fəaliyyətlərinin on ili tamamlanan Azərbaycanın nümunəsi bu əməkdaşlığın nəticələri və gələcək imkanları barədə əyani təsəvvür yaradır. 70 il qapalı rejim içərisində yaşamağa məcbur olan Azərbaycan Avropa Şurasına həqiqi üzv kimi qəbul edildikdən sonra bu təşkilatın bilavasitə təsiri və zəngin təcrübəsinin tətbiqi ilə ölkədə demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, azad mətbuat məkanının formalaşdırılması, insan hüquq və azadlıqlarının daha geniş ölçüdə təmin edilməsi istiqamətində sürətli inkişafa nail olub. Azərbaycanın dövlət başçısının Avropa Şurasını dəyərlərinə sadiqliyi əməkdaşlığın səmərəliliyi və intensivliyini şərtləndirən başlıca amillərdəndir. Eyni zamanda, Azərbaycan da Avropa Şurasının bütövləşməsi və zənginləşməsi üçün bu müddət ərzində öz layiqli töhfələrini verib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri təşkilatın bir sıra strukturlarında rəhbərlikdə təmsil olunmuş, ümumavropa əhəmiyyətli ondan çox məruzə hazırlamış, yüzlərlə çıxış etmiş, istisnasız olaraq on ilin bütün sessiyalarında fəallıqları ilə seçilmişlər. Parlament Assambleyasının bir sıra komitə və alt komitələrinin iclasları və kollokviumları da Azərbaycanda keçirilib.

Qarşılıqlı əməkdaşlığın ən mühüm tərəflərindən biri Assambleyanın Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi və 1 milyona yaxın insanın qaçqına və məcburi köçkünə çevrilməsinə Avropa Şurasının həssas, obyektiv münasibət göstərməsi, bu haqda ayrıca qətnamə (1416) qəbul etməsidir. Azərbaycan AŞPA-nın bu məsələdə gələcəkdə daha qətiyyətli mövqe tutacağı, problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinə səy göstərəcəyi inamındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə