Xalqın Prezidenti! İLHAM ƏLİYEV

Bu gün dünyaya təqdim edilən inkişaf və tərəqqi modelinin Azərbaycan brendi bilavasitə Prezident İlham Əliyev cənablarının yorulmaz, qətiyyətli və möhkəm iradəyə söykənən siyasətinin isbatıdır

Fransanın “OpinionWay” şirkətinin keçirdiyi rəy sorğusu istər Azərbaycanda, istərsə də beynəlxalq aləmdə Prezident İlham Əliyevin uğurlu fəaliyyətinə verilən yüksək qiymət kimi tərənnüm edilməkdədir. Belə ki, ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlar, aparılan islahatlar və bu islahatların inqilabi nəticələr əldə etməsi söz yox ki, bilavasitə cənab İlham Əliyevin yürütdüyü siyasətin bariz sübudur. Əbəs deyil ki, yalnız “OpinionWay” şirkəti deyil, zaman-zaman digər nüfuzlu sorğu şirkətlərinin gəldikləri qənaətlərində dövlət başçımızın siyasi, sosial, iqtisadi və s. sahələrdə əldə etdiyi uğurları, o cümlədən, xalqın Onun siyasətini dəstəkləməsi faktları özünü kifayət qədər sübuta yetirib.

Azərbaycanda İlham Əliyev cənabları tərəfindən müəyyənləşdirilən siyasi strategiya ilk növbədə sabitliyi təmin edib, onun ardınca isə, inqilabi islahatlara başlanılıb

O cümlədən, Prezident İlham Əliyevin öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq edən sorğunun nəticələri həm də belə deməyə zəmin yaradır ki, Azərbaycanda sabitlik və inkişafın mövcudluğu xalqın marağına cavab verən danılmaz gerçəklikdir. Artıq bəllidir ki, soğruda iştirak edən respondentlərin 80,1%-i ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını dövlət başçısının fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndiriblər. Xatırlatmaq yerinə düşərdi ki, sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?” sualına respondentlərin 85,1%-i, seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair suala isə 75,6%-i müsbət münasibət bildiriblər ki, bu da yüksək göstərici kimi qiymətləndirilib. Beləliklə, ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin 83-85 faizinin səsini qazana bilər. Bu, birbaşa Azərbaycan xalqının gəldiyi qənaətdir ki, “Opinion Way” şirkəti bu rəyi dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Burada diqqətçəkici məqamlardan biri də, dünyaya təqdim olunan müasir, inkişaf və tərəqqi yolunu gedən Azərbaycan modelidir. Çünki çoxsaylı təcrübələrdən uğurla çıxan bu model təməlli olaraq, sabitliyin qarantı olaraq dəyərləndirilir. Əbəs deyil ki, bu gün bir çox siyasilər öz çıxışlarında xüsusilə vurğulayırlar ki, əgər ölkədə sabitlik olmazsa, inkişafdan danışmağa, bu istiqamətdə fəaliyyət göstərməyə dəyməz. Məhz Azərbaycanda təmin edilən sabitlik nəticəsində inkişaf çoxşaxəli şəkildə davam etdirilməkdədir. Bu baxımdan, deyə bilərik ki, Azərbaycanda İlham Əliyev cənabları tərəfindən müəyyənləşdirilən siyasi strategiya ilk növbədə sabitliyi təmin edib, onun ardınca isə, inqilabi islahatlara başlanılıb. Bu islahatlar iqtisadi inkişafdan, daxili siyasətdən başlayaraq, xarici siyasətə qədər mövcuddur və ölkəmizi nəhəng trayektoriya ilə beynəlxalq aləmdə də əhatə edir. Təbii ki, atılan hər bir addım xalqın rifahı, xoşbəxtliyi naminədir.

Əli Həsənov: “Prezidentin islahatlar strategiyasının başlıca məqsədi ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi, demokratik dəyərlərin inkişafı və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi təşkil edir”

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sorğunun nəticələri və yenidən ölkə başçısı seçilməsinin birinci ildönümü ilə bağlı fikirlərini açıqlayarkən vurğulayıb ki, dövlət başçımız yeni prezidentliyi dönəminin ilk ilində həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətlə ölkəmizin inkişafının, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında və yüksək səviyyədə yerinə yetirib. “Azərbaycanın əldə etdiyi uğurlar xalqımızın bir il bundan əvvəl keçirilən prezident seçkilərində cənab İlham Əliyev kimi uzaqgörən siyasi lideri dəstəkləməklə düzgün mövqe tutduğunu bir daha sübut edir”, deyə qeyd edən Prezidentin köməkçisi vurğulayıb ki, cənab İlham Əliyevin seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın son 15 il ərzində onun rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər dayanır: “Prezidentin islahatlar strategiyasının başlıca məqsədi ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi, demokratik dəyərlərin inkişafı və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi təşkil edir. Həyata keçirilən sosial təminat paketi ölkədə sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində atılan mühüm addımdır. Ötən bir ildə iqtisadiyyatın dayanıqlığının təmin edilməsi, onun rəqabətə davamlılığının artırılması məqsədilə ardıcıl tədbirlər davam etdirilmiş, iqtisadi və maliyyə sektorlarında maksimum şəffaflığın təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycanın liderliyi ilə və yaxından iştirak etdiyi nəhəng transmilli layihələrin reallaşması Avrasiyanın enerji və nəqliyyat xəritəsində ciddi dəyişikliklər yaratmışdır. Ötən bir il ərzində ölkənin sosial-mədəni xidmət sahələrində və təsərrüfat infrastrukturunda mühüm yeniliklər baş vermiş, turizm infrastrukturu ən müasir standartlara uyğunlaşdırılmışdır. Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin sayəsində Azərbaycanın dünya dövlətləri və beynəlxalq güc mərkəzləri ilə səmərəli, işgüzar və bərabərhüquqlu münasibətləri daha da möhkəmlənmişdir”.

“OpinionWay” şirkətinin keçirdiyi rəy sorğusu xarici kütləvi informasiya vasitələri tərəfindən də işıqlandırılır, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti dünyanın diqqət mərkəzindədir!

“OpinionWay” şirkətinin keçirdiyi rəy sorğusu xarici kütləvi informasiya vasitələri tərəfindən maraqla qarşılanmış və geniş işıqlandırılmışdır. Artıq bir neçə gündür ki, Rusiya, Türkiyə və ərəb ölkələrinin bir çox nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlarını şərh etmiş və bu siyasətin xalqın böyük dəstəyinə malik olduğunu xüsusi vurğulayırlar.

TÜRKSOY baş katibinin müavini Fırat Purtaş qeyd edib ki, Azərbaycanda əhalinin təbii artımındakı dinamik inkişaf dövlətlərimizin gücünə güc qatır. Bu, Prezident İlham Əliyevin müdrikcəsinə düşündüyü neft kapitalını insan kapitalına çevirmək strategiyasının təntənəsidir.

Rusiyalı politoloq Sergey Markov isə bildirib ki, Azərbaycanda siyasi və sosial-iqtisadi sabitlik qorunub saxlanılıb, bu isə insanlar üçün çox qiymətlidir. Ölkədə fasiləsiz iqtisadi inkişaf davam edib. Son bir ildə çoxvektorlu xarici siyasət davam edib. Azərbaycan bütün qonşuları ilə və dünyamiqyaslı iri subyektlərlə yaxşı münasibətlərə malikdir.

“Caspian Group Holdings” şirkətinin baş direktoru Rob Sübhani də öz növbəsində vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair Prezident İlham Əliyevin ölçülmüş və qəti addımları ölkənin beynəlxalq statusunun davamlı yüksəlişində əsas faktor olub. Beynəlxalq KİV-lər aqrobiznes, yüngül sənaye, sahibkarlıq, turizm, ətraf mühitin sağlamlaşdırılması və informasiya texnologiyaları sahəsində atılan addımları Azərbaycanın düzgün istiqamətdə irəliləməsinin sübutu kimi qeyd ediblər. Prezident İlham Əliyev qeyri-sabit bir regionda Azərbaycanı sabitlik adası kimi təqdim etməyi bacardı. Azərbaycan ərazilərinin işğal altında olmasına baxmayaraq, cənab İlham Əliyev münaqişənin sülh yolu ilə həll olunmasına sadiq qalmaqla məsuliyyətli dünya liderlərindən biri olduğunu beynəlxalq ictimaiyyətə göstərdi.

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso da bildirib ki, ötən 20 il ərzində Azərbaycan dövləti tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün təqdirəlayiq işlər görülüb.

Qardaş Türkiyənin nüfuzlu media qurumları da bu məsələ ətrafında geniş şərhlərlə, məqalə və təhlillərlə çıxış edirlər. Belə ki, Anadolu Agentliyi, “Ülke TV”, “CNN Türk TV” kanalları, www.yeniakit.com.tr, www.timeturk.com, www.4haber.com, www.tbajansi.com və digər nüfuzlu xəbər saytları türkdilli oxucuların diqqətinə çatdırıb ki, “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualını respondentlərin 85,1 faizi bütövlükdə yüksək dəyərləndirib.

Haabergazetesi.com.tr isə yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən ABAD layihəsi ailə iqtisadiyyatına dəstək verməklə yanaşı, tədricən unudulan sənət və yemək növlərini yenidən canlandıracaq. Beləliklə aqrar sahə inkişaf dəstəklənəcək, qeyri neft-sektorunun inkişafına töhfə veriləcək. ABAD mərkəzlərinin yaradılmasında məqsəd Azərbaycan vətəndaşların ölkənin sosial-iqtisadi həyatında aktiv iştirakını təmin etmək, kiçik və orta ailə sahibkarlığını inkişaf etdirmək, ölkədə məşğulluq səviyyəsini artırmaq, sahibkarlar arasında inkişafyönümlü rəqabət mühiti yaratmaqdır.

Beləliklə, büt reallıqlar bir amili əks etdirir – bu gün dünyaya təqdim edilən inkişaf və tərəqqi modelinin Azərbaycan brendi bilavasitə Prezident İlham Əliyev cənablarının yorulmaz, qətiyyətli və möhkəm iradəyə söykənən siyasətinin isbatıdır. Azərbaycan xalqı isə, məhz xalq-dövlət sarsılmaz vəhdətinə sadiqlik nümayiş etdirərək, bu inkişafa bundan sonra da dəstək göstərəcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə