AŞPA-da Azərbaycanda keçirilən seçkilərlə bağlı birgə bəyanat qəbul edilib
Avropa Şurası Parlament Assambleyasının daimi komitəsinin Azərbaycanda ötən ilin noyabrında keçirilmiş parlament seçkiləri ilə bağlı hazırladığı məruzə ətrafında müzakirələr davam etdirilib. SİA-nın xəbərinə görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, seçkilərlə bağlı AŞPA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosu, ATƏT Parlament Assambleyası və Avropa Parlamenti birgə bəyanat qəbul edib. Sənədə imza atan təşkilatlar Azərbaycanın gələcəyi naminə ölkəmizlə əməkdaşlıqlarını davam etdirəcəklərini qeyd edib. Assambleya üzvləri Azərbaycanda seçkilərin keçirilməsi prosesində irəliləyişlərin qeydə alındığını bildirib.
Azərbaycandakı seçkilərdə müşahidə qrupunun üzvü olan Avropa Şurasının Finlandiyadan olan deputatı Caakko Laakso isə bildirib ki, bu seçkini əvvəki parlament seçkiləri ilə müqayisə etdikdə, Azərbaycanın çox müsbət addımlar atdığını görmək mümkündür: "Ən əsası isə odur ki, seçki müddətində hər hansı bir toqquşma qeydə alınmadı. Digər müsbət hal müxalifət partiyalarının seçkilərdə iştirak etməsidir. Düşünürəm ki, onlar anladılar ki, parlament seçkilərini boykot etmək mənasızdır".
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, AŞPA-nın hər sessiyası zamanı Dağlıq Qarabağ məsələsi gündəmə gətirilir. S.Seyidov bildirib ki, nümayəndə heyətinin əsas məqsədi Dağlıq Qarabağ problemini AŞ-a çatdırmaqdır: "Bu, birbaşa yaxud dolayısı yolla da ola bilər. Əsas məsələ müxtəlif vasitələrlə bu problemi Avropa Şurasının gündəmində saxlamaq və Azərbaycan torpaqlarının azad olunması üçün addımlara nail olmaqdır. Məsələni iki-üç nəfərdən ibarət komitə çərçivəsində məhdudlaşdırmaq fikrimiz yoxdur. Ayrıca komitənin fəaliyyət göstərməsi də bizim xeyrimizədir. Amma biz məsələni qlobal şəkildə götürməli, Dağlıq Qarabağ probleminin hər məkanda - komitədə, siyasi qruplarda, AŞPA-da müzakirəsinə nail olmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB