Cəmiyyət nə etməlidir?
Artıq neçə gündür ki, ölkə ictimaiyyəti 162 saylı məktəbdə özünü pəncərədən ataraq canına qəsd edən 14 yaşlı Elinadan danışır. Əslində, Elinanın intihar nəticəsində həyatını itirməsi və bu hadisədən doğan gerçəkliklər hər kəsi ciddi şəkildə düşündürməli və narahat etməlidir. Çünki Elinanın nakam taleyi bu gün onun kimi həssas yaş dövrü yaşayan digər elinaların da başına gələ bilər. Bəs nə etməli, belə hadisələrin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir? Bu gün ölkədə təhsil sahəsi üzrə kifayət qədər ictimai birlik və təşkilatlar fəaliyyət göstərirlər və deyə bilərik ki, onların hamısı deyil, müəyyən qədəri qarşılarına qoyduqları məqsədləri üçün çalışırlar. Misal üçün, məktəblərdə, digər təhsil müəssisələrində müəyyən layihələr həyata keçirir, yeniyetmə və gənclərlə işlər aparırlar. Amma təəssüf ki, bu da yetərli deyil...
Direktor öz mövqeyini qorumaq üçün azyaşlı uşaqlardan istifadə edib!
Elinanın ölümü ətrafında ən ağrıdıcı fakt, 162 saylı məktəbin artıq işindən uzaqlaşdırılmış direktorun hadisə günü və sonrası mərhum qızcığaz haqqında yaydığı söz-söhbətlər və bu söz-söhbətləri onun sinif yoldaşlarına (?!-R.N.) zorla, məcburi şəkildə dedirtməsidir. Direktor burada öz mövqeyni qorumaq üçün hətta azyaşlı uşaqları da alət edib ki, buna hansı qiymətin verilə biləcəyini elə ictimai rəy özü müəyyənləşdirməlidir.
Düzdür, Elinanın valideynləri ayrılıblar və 13-14 ildir ki, bir yerdə yaşamırlar. O cümlədən, yenidən ailə quraraq, həyatlarını davam etdiriblər. Burada hər hansı bir qəbahətli iş də yoxdur. Çünki direktor öz adamları vasitəsi ilə məhz bu məsələni önə çıxararaq, qızcığazın intiharını “tərbiyəsiz ailə” ittihamı ilə əlaqələndirməyə cəhdlər göstərdi. Bununla bağlı səs yazısı da ictimailəşdirildi və nəticədə bu cəhd baş tutmadı. Alınmadı ona görə ki, istər Elinanı tanıyanlar, istərsə də onun anasını-atasını tanıyanlar bu iddiaları sübutlarla rədd etdilər. Bəlli oldu ki, Elina zaman-zaman atasının da, anasının da yanında qalıb və onun valideyin sarıdan heç bir problemi olmayıb.
14 yaş bir uşaq üçün çox həssas dövrdür və bu yaşda olan uşaqlara diqqət daha çox olmalıdır
Lakin bu hadisənin digər təfərrüatlarını da araşdırarkən, problemin bilavasitə məktəb rəhbərliyində olduğunu kifayət qədər sübut etmək mümkündür. Məsələn, Elinanın sinif rəhbəri son zamanlar qızcığazın özünə qapandığını hiss edərək, bir neçə dəfə məktəb direktoruna müraciət edib, ancaq məktəbin rəhbəri bu müraciətlərə etinasız yanaşıb. Həmçinin, məktəbin psixoloqunun olduğu halda, qızcığazı onun yanına yönləndirməyiblər ki, bu da nəticə olaraq intiharla sonunu tapıb. O cümlədən, valideynlərinə də heç bir xəbərdarlıqlar edilməyib. Çünki 14 yaş bir uşaq üçün çox həssas dövrdür və bu yaşda olan uşaqlara diqqət daha çox olmalıdır. Amma təəssüf ki...
Təəssüf ki, o məşum gündə Elina həyatı ilə vidalaşdı və...
Və vidalaşması ilə yanaşı, ola bilsin ki, digər təhsil müəssisələrində də bənzər halların yaşana biləcəyi SOS-unu verdi. Ona görə də, yenidən qayıtmalı oluruq həmin məşum günə...
Elinanın üzərindəki qanla yanaşı, düşdüyü ərazidən də həmin ləkələr yuyulub
Elina intihar etdikdən sonra, 162 saylı məktəbin direktoru bu hadisəni amansızcasına gizlətməyə cəhd göstərib. Əbəs deyil ki, hadisədən sonra təcili yardım çağırılsa da, həkimlər məktəbə vaxtında çatsa da, artıq Elinanın üzərindəki qanla yanaşı, düşdüyü ərazidən də həmin ləkələr yuyuldu. Halbuki, cinayət hadisəsi baş verib və onun baş verdiyi ərazi hüqiq-mühafizə orqanları tərəfindən nəzarətə götürülür. Məgər direktor bunu bilmirdimi? Əlbəttə ki, bilirdi. Sadəcə, baş vermiş cinayəti əlində olan direktorluq imkanlarından istifadə edərək, gizlətməyə çalışdı, üstəlik, hadisə barədə xəbər valideynlərinə qızcığaz xəstəxanaya çatdırıldıqdan sonra verildi. Faktlar çoxdur və bu faktları incələdikcə, təfərrüatların da sayı artır. Fəqət, bir əsas fakt özünü öndə sxlayır – əgər sənə böyük bir məktəbin rəhbərliyi etibar edilibsə, sən bu etibardan niyə sui-istifadə etdin? Niyə imkan, şərait yaratdın ki, 14 yaşlı qızcığaz hələ həyatının böyük hissəsi - uşaq arzuları, gələcəyi barədə düşüncələri yarımçıq qalsın?
Baş verənlər dövlət başçısının şəxsi nəzarətindədir!
Artıq bu hadisə dövlət başçısının da xüsusi nəzarətinə götürülüb və söz yox ki, burada günahı olanlar mütləq cəzalarını alacaqlar. Ancaq Elina artıq geri dönməyəcək, məktəbinə getməyəcək, anasına, atasına doğru qucaq açmayacaq. Artıq onun üçün hər şey bitib əfsuslar olsun ki...
Bundan sonrasına gəldikdə isə, gərək cəmiyyət, sağlam düşüncəli insanlar Elinanın taleyinin digər Elinalarda da yaşanmaması üçün əllərindən gələni əsirgəməməlidirlər. İstər məktəbdə, istərsə də ailələrdə ciddi nəzarət, təlim-tərbiyə işləri prioritetlik təşkil etməlidir, uşaqların, övladların gələcəkləri naminə...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB