Prezident İlham Əliyev tərəfindən imzalanan Əfv Sərəncamı və Amnistiya Aktları bu reallığın bariz nümunəsidir
Böyük qürur hissi və fəxrlə qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin humanist siyasəti bütün dünyada yüksək dəyərləndirilir. Ölkə başçısının 16 illik Prezidentlik fəaliyyəti dövründə, humanist siyasəti istər dünya dövlətləri, istərsə də xalqımız tərəfindən böyük razılıqla qarşılanıb. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Əfv Sərəncamı və Amnistiya Aktları Prezidentimizin humanist siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə göstərdiyi yüksək diqqət və qayğısının bariz nümunəsidir.
Beynəlxalq təşkilatlar Azərbaycanda əsas insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində uğurlu işlər aparıldığını qeyd edirlər. Belə ki, Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Ketrin Eşton və Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissar Ştefan Fülenin birgə bəyanatında Prezident İlham Əliyevin Prezidentlik fəaliyyəti dövründə Əfv və Amnistiya Sərəncamını müsbət addım kimi dəyərləndiriblər. Bəyanatda Avropa İttifaqının Azərbaycanla əlaqələrə verdiyi önəm xüsusi vurğulanıb və Avropa İttifaqı-Azərbaycan münasibətlərinin hər iki tərəfin xeyrinə əhəmiyyətli potensialı olduğu qeyd edilib: "Biz Azərbaycanın sabit, təhlükəsiz və firavan gələcəyə malik ölkə olması ilə bağlı istəklərini bölüşür və Avropa Şurasının hazırkı sədri kimi, Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq, açıq və əhatəli milli dialoqun ən yaxşı yol olduğuna əminliyimizi bildiririk".
Polşa Xarici İşlər Nazirliyi də Prezident İlham Əliyevin bu humanist siyasətini alqışlayaraq, bildirir ki, Azərbaycan Prezidentinin insan azadlığına yüksək dəyər verməsi Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atılmış müsbət addımdır.
Ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması və beynəlxalq aləmdə reytinqinin getdikcə yüksəlməsini gözü götürməyən, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində əhəmiyyətli tədbirlərin həyata keçirilməsindən qışqanclıq hissi keçirən, erməni lobbisi tərəfindən maliyyələşdirilən və onların diktəsi ilə hərəkət edən "Human Rights Watch", "Freedom House", "Amnesty İnternational", "Sərhədsiz Reportyorlar" və digər ermənipərəst təşkilatların yalan və qərəzli hesabatlarına, artıq inanan yoxdur. Azərbaycan Prezidentinin sonuncu Əfv Sərəncamından sonra, mötəbər beynəlxalq təşkilatların və bir sıra ölkələrin rəsmi bəyanatları qərəzli qeyri-hökumət təşkilatlarına tutarlı cavab oldu.
Dövlət başçısının humanizmin və insansevəriyin əsas prinsip olması rəqəmlər və faktlarla
Prezident İlham Əliyevin fəaliyyətində humanizmin və insansevəriyin əsas prinsip olmasını rəqəmlər və faktlar da təsdiqləyir. Bu gün imzalanan Sərəncam 2003-cü ildən bəri dövlət başçımızın imzaladığı sayca 33-cü əfv sənədidir. Ümumilikdə, 16 il ərzində, imzalanan fərman və sərəncamlarla 4.500-dən çox şəxs azadlığa buraxılmaqla, 5 minə yaxın məhkum əfv edilib. Təsadüfi deyil ki, əfv sənədləri, adətən, bayramlar ərəfəsində imzalanır. Bununla, dövlət başçısı yüzlərlə insana dünyada ən qiymətli neməti - azadlığı hədiyyə edir. Bir faktı qeyd etmək istərdik. Belə ki, ötən il də mayın 24-də, Cümhuriyyətin 100 illiyi münasibətilə 634 şəxs əfv olundu. Göstərilən rəqəmlər, onu bir daha təsdiqləyir ki, imzalanan Əfv Fərmanı ölkənin siyasi-ictimai həyatında mühüm hadisə kimi qiymətləndirilir. Çünki bu humanizm və insanpərvərlik siyasətinin kökləri Ulu Öndər Heydər Əliyevin atdığı addımlardan qaynaqlanır. Belə ki, Ulu Öndər ölkə rəhbərliyinə qayıdandan sonra, 1995-ci ildə əfv və amnistiya praktikasını bərpa etdi və hakimiyyətdə olduğu dövrdə, ümumilikdə, 65 Fərman və Sərəncamla 8 minə yaxın şəxs əfv olundu.
1995-ci ildən başlayaraq, bu günə qədər qəbul edilmiş 11 Amnistiya Aktı, ümumilikdə, 117.000-ə yaxın şəxsi əhatə edib ki, onlardan da 30.000-i azadlığa buraxılıb. Qalanların cəzaları müxtəlif formalarda yüngülləşdirilib. Bu Amnistiya Aktlarından sonuncu 4-ü - yəni 2007, 2009, 2013 və 2016-cı illərdə baş tutan amnistiyalar Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyevanın təşəbbüsləri olub. 2016-cı ilin amnistiyası 10.000-dən çox məhkumu əhatə etmiş, 3.000-ə yaxın şəxs penitensiar müəssisələrdən buraxılıbdır.
Göstərilən bu faktlar, bir daha onu təsdiqləyir ki, humanizm Azərbaycan iqtidarı üçün prioritet dəyərlərdən biridir. Həm də, məhz bu səbəbdən, cəzaların yüngülləşdirilməsi, alternativ cəza növlərinin tətbiqi istiqamətində fəal iş aparılır. Çünki dövlətin məqsədi, əsla, vətəndaşını cəzalandırmaq deyil. Dövlətin məqsədi vətəndaşı islah etmək və qanunsuz əməllərdən uzaqlaşdırmaqdır. Çünki Azərbaycan Prezident beynəlxalq təşkilatların tələblərindən çox, Azərbaycan vətəndaşının mənafeyini daha üstün tutur. İmzaladığı Sərəncamı ilə ailələrə ikiqat sevinc bəxş edən dövlətimizin başçısının növbəti humanist addımı, bir daha göstərir ki, ölkəmizdə insan amilinə diqqət dövlət siyasətinin əsas parametrlərindəndir. "Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq" deyən dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, diqqətə çatdırır ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz: "İqtisadi cəhətdən güclü ola bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur qazana bilməzsən".
Bəli, bu gün Azərbaycanda mövcud olan dinamik inkişaf insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Ölkəmizin normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB