"Uğurlarımızı təhrif etmək istəyənlərə qətiyyətlə cavab verilməlidir"

"Uğurlarımızı təhrif etmək istəyənlərə qətiyyətlə cavab verilməlidir"

“Həm ölkəmizdə, həm də ölkədən kənarda Azərbaycana qara yaxmaq istəyən, əldə olunan uğurları götürməyən və müxtəlif formalarda təxribatlar etməklə bu nailiyyətlərin üzərinə kölgə salmağa çalışan qüvvələr var. Bu mənada zidd siyasətimizin mahiyyətini, ölkəmizin uğurlarını təhrif etmək istəyən müxtəlif yalan informasiyaları yaymaqla əldə olunan nailiyyətlərin həcmini azaltmağa çalışan qüvvələrə YAP-ın hər bir üzvü qətiyyətlə cavab verməlidir”. SİA-nın xəbərinə görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib.

YAP-ın sədr müavini söyləyib ki, sosial şəbəkələr artıq həyatımıza ciddi şəkildə daxil olub: “Onlardan qaçmaq, onsuz yaşamaq mümkün deyil. Biz sosial şəbəkələrdə fəallıq göstərməklə bu yalanların ifşa olunmasına çalışmalıyıq. YAP-ın üzərinə düşən vəzifə həyata keçirmək istədiyimiz nailiyyətləri təhrif edənlərə layiqli cavab verməkdir. Biz imkan verməməliyik ki, böhtançılar, yalançılar, xainlər haqq işimizin üzərinə kölgə salsınlar. Bəzi dairələr Prezidentin həyata keçirdiyi böyük sosial layihələri öz adlarına çıxaraq əldə olunan uğurları onların keçirdikləri mitinqlərlə əlaqələndirir, səfeh fərziyyələr irəli sürürlər. Bayaq söylədiyim kimi, sosial siyasətin həyata keçirilməsi üçün əvvəlcədən baza yaradılmalıdır. Bu, digər sahələrdə olan siyasətdən fərqli olaraq böyük, əsasən də geri qayıtmayan vəsaitlər tələb edir. İnsanlara verilən maaşlar, müavinətlər, güzəştlərin tətbiqi üçün böyük vəsait olmalıdır. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin çox mühüm xüsusiyyətlərindən biri odur ki, O vəd vermir, həyata keçirir”.

Ə.Əhmədov qeyd edib ki, YAP verdiyi vədləri real işə çevirməyi bacarır: “Bu, daha səmimi və insanlara xidmət edən siyasətdir. Azərbaycan Prezidentinin gördüyü işlər nəticəsində yaranan imkanlardan son dövrlərdə həyata keçirilən layihələrdə istifadə olunub. Bunu təhrif etmək istəyənlər xalq-iqtidar birliyinin üzərinə kölgə salmaq istəyir, insanların qəlbinə şübhə toxumu səpməklə, Azərbaycana problem yaratmaqla öz çirkin niyyətlərinə nail olmağa çalışırlar. YAP olaraq bizim əsas məqsədimiz yalanları ifşa etməkdir. Beləliklə YAP öz üzərinə düşən missiyanı uğurla həyata keçirə bilər. Biz Azərbaycanın maraqlarının əleyhinə çalışan insanların ölkəmiz haqqında həm xaricdə mənfi təəssüratlar yaratmaq, həm də xalq-iqtidar birliyinə zərbə vurmaq istəyinə mane olmalıyıq. İnanıram ki, o qruplaşmaların həyata keçirdikləri heç bir uğur qazanmayacaq. Xalqın rəyini dəyişdirmək mümkün olmayacaq. Çünki, həyatımızda baş verən dəyişikliklər o qədər böyükdür ki, bunu yalanlarla, böhtanlarla insanların qəlbindən çıxarmaq mümkün deyil. O qədər də böyük zaman keçməyib. 2003-cü ildən indiyədək həyatımızda baş verən dəyişikliklər hər birimizin həyatının ciddi şəkildə yeni səviyyəyə qaldırmasına gətirib çıxarıb. İndi Azərbaycan vətəndaşı sözün əsil mənasında yeni bir şəraitdə, insan üçün daha real, rahat imkanların yarandığı şərait yaşayır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə