"Əldə olunan nailiyyətlər vətəndaşlarımıza Prezidenti dəstəkləməyə imkan verir" AÇIQLAMA

"Əldə olunan nailiyyətlər vətəndaşlarımıza Prezidenti dəstəkləməyə imkan verir" AÇIQLAMA

“Əldə olunan uğurlar Azərbaycan vətəndaşlarına Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qəti şəkildə dəstəkləməsinə imkan verir. Məhz bunun nəticəsidir ki, 1 il bundan öncə Azərbaycan vətəndaşları növbəti dəfə seçimlərini İlham Əliyevdə görərək Ona səs veriblər. Düşünürəm ki, bu doğru seçimdir”. SİA-nın xəbərinə görə, bu fikri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, bundan əvvəlki illərin təcrübəsi bu fikri səsləndirməyə ciddi əsaslar yaradır ki, növbəti illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək, ölkənin iqtisadiyyatı daha da artacaq, möhkəmlənəcək, dövlətçiliyimiz daha da güclənəcək və bunun əsasında vətəndaşlarımızın rifah halında daha ciddi dəyişikliklər baş verəcək: “Bundan əvvəlki illərdə, xüsusilə də Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət ərzində ölkəmizdə baş verən dəyişikliklər elə möhkəm, etibarlı bünövrə yaradıb ki, bu bünövrənin əsasında bütün sferalarda böyük islahatlar aparmaq mümkün olacaq. İnsanlarımız Prezident İlham Əliyevin görə biləcəyi işlərə inanaraq növbəti dəfə Onu Azərbaycana prezident seçiblər. Mən güman edirəm ki, 2018-ci ildə xalqımız əvvəlki illərə qiymət verərək Prezident İlham Əliyevi növbəti 7 il müddətinə prezident seçilməsinə səs verdikləri kimi, 2025-ci ildə keçiriləcək seçkilərdə də Azərbaycanın 2018-2025-ci illər ərzində ölkəmizin nə qədər inkişaf mərhələsinin keçdiyinin şahidi olacağıq. Bir neçə ildən sonra biz bu hesabatı Azərbaycan xalqı qarşısında verərək, insanlarımızın göstərdiyi etimadın doğrulduğunu onlara bəyan etmiş olacağıq”.

YAP-ın sədr müavini qeyd edib ki, Azərbaycan sözün əsil mənasında böyük inkişaf mərhələsi yaşayır: “Bu bir çox səbəb və amillərlə bağlıdır. Birincisi, birmənalı şəkildə hər birimizin etiraf etdiyi kimi Ulu Öndər Heydər Əliyev siyasəti ilə əlaqədardır. Heydər Əliyev siyasəti Azərbaycana uzun illərdir uğur gətirir. Yeri gəlmişkən onu da bildirim ki, 2019-cu ildə Azərbaycanda Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlməsinin 50 ili tamam olacaq. Bu müddət ərzində Azərbaycan böyük inkişaf mərhələsi keçib. Yaşlı nəsil çox yaxşı xatırlayır ki, 1969-cu ilə qədər Azərbaycan sözün əsil mənasında bütün parametrlərə görə ən geridə qalan respublikalardan biri idi. Lakin Ümummilli Lider hakimiyyətə gəldikdən sonra bir neçə il müddətdən sonra Azərbaycan iqtisadiyyatı, sosial həyatında, sənayedə, kənd təsərrüfatında, o cümlədən mədəniyyətdə böyük dəyişikliklər baş verdi. Azərbaycan Ulu Öndərin rəhbərliyi ilə sovetlər birliyinin ən geridə qalan respublikasından ən inkişaf edən respublikasına çevrildi. Azərbaycanda Heydər Əliyevin gəlişi ilə böyük intibah dövrü, epoxa, mərhələ başlayıb. Bu mərhələ müxtəlif dövrlərə keçərək bu günə qədər davam edir. Ən başlıcası ondan ibarətdir ki, bu illər Azərbaycan üçün həmişə uğurlu, faydalı olub. Azərbaycan respublikasının, ölkəmizin həyatında bütün dəyişikliklər bu illərdən sonra baş verib. İnsanlarımızın həyatında baş verən dəyişikliklər də bu illərlə əlaqədardır. Ayrı-ayrı dövrlərdə insanlarımızın rifahı yaxşılaşıb, bu gün isə sözün əsil mənasında Azərbaycan yüksək rifaha, təhlükəsizliyə, sabitliyə nail olan respublikalardan birinə çevrilib”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə