Elman Nəsirli: "Xarici işlər nazirlərinin bu görüşü bundan sonrakı görüşlərin keçirilməsinin zəruri olması və ya lüzumsuz olmasına bir aydınlıq gətirəcək” - MÖVQE

Elman Nəsirli: "Xarici işlər nazirlərinin bu görüşü bundan sonrakı görüşlərin keçirilməsinin zəruri olması və ya lüzumsuz olmasına bir aydınlıq gətirəcək” - MÖVQE

Cari il başlayan kimi məhz Rusiyanın iştirakı ilə görüşün keçirilməsi artıq belə bir nəticəyə gəlməyə imkan verir ki, 2010-cu ildə olduğu kimi bu il də estafeti Rusiya öz əlində saxlayacaq. Hesab edirəm ki, görüşün üçtərəfli xarici işlər nazirləri səviyyəsində keçirilməsinin əsas mənası ondan ibarətdir ki, sanki bu görüş göstərici rolunu oynayacaq. Bunu SİA-ya açıqlamasında politoloq Elman Nəsirli Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın Moskvadakı üçtərəfli görüşünə münasibət bildirərkən deyib. Politoloq qeyd edib ki, görüş əslində bundan sonrakı görüşlərin keçirilməsinin zəruri olması və ya lüzumsuz olmasına bir aydınlıq gətirəcək: "Görüşdə bundan sonra danışıqların aparılması, prezidentlər səviyyəsində görüşün nə dərəcədə zəruri olması və hansı məsələlərin prinsip etibari ilə razılığa gəlmək mümkünlüyü ilə bağlı bir anlaşma ortaya qoyula bilər. Bütünlükdə isə bu görüşün ardınca prezidentlərin görüşünün baş tutması nə dərəcədə vacib olması müəyyən olacaq".

 

Politoloq hesab edir ki, münaqişənin həllində rəsmi İrəvanın yanaşmalarında da radikallıq artıb. Bu isə münaqişənin hərbi yolla həllini daha real edir: "Yəni Ermənistanda daha çox yüksək səviyyələrdə belə fikirlər daha çox səslənməkdədir ki, qondarma Dağlıq Qarabağ respublikasının Ermənistana birləşdirilməsi lazımdır. Bu tendensiya, çağırışlar indi güclənib. Azərbaycan isə məhz rəsmi İrəvanaın bu mövqeyini, qeyri-konstruktiv danışıqlar yolunu seçməsini qəbul etmir. Bu zəmində münaqişənin hərbi yolla həlli daha asanlaşmağa başlayır. Burada yenə də Ermənistanın atdığı addımlar nəticəsində Azərbaycanda hərbi ritorika gündəmə gəlib. Mənə elə gəlir ki, xarici işlər nazirlərinin görüşündə bu məsələlərədə aydınlıq gətirilməli idi. Yəni doğurdan da Ermənistan radikallaşma mövqeyində nə əldə edəcək? Eyni zamanda rəsmi İrəvanın kompromisə getmək niyyəti var yoxsa yox?".

 

Politoloq eyni zamanda İran tərəfindən Azərbaycan barəsində səslənən bəyanatları mənasız və düşünülməmiş addım kimi qiymətləndirib: "Mənə elə gəlir ki, əslində İran respublikası isteriya və beynəlxalq təzyiqlər altında sanki ağıllarını itiriblər. İranın dini liderləri siyasi moizə verməklə məşğul olurlar. Bunlar düşünülməmiş və digər ölkələrin daxili işinə qarışması kimi qiymətləndirilən bir addımlardır. İran ən azı Azərbaycanla bağlı belə bir fikir söyləyəndə fərqində olmalıdır ki, rəsmi Tehran orta əsrlərin cəza verildiyi, bu və ya digər əməllərinə görə dəyənəkdən istifadə edən bir dövlətdir. Eyni zamanda İranda Azərbaycan dilində təhsil yoxdur. Bu, ikili standartdan xəbər verir. İranın dini liderləri Azərbaycan Respublikasında bir neçə qız uşağının təhsil hüququnun pozulmasını Azərbaycana qarşı təzyiqə çevirdikləri halda, İranda Azərbaycan dilində məktəb açılmasını qadağan ediblər".

Bütün xəbərlər Facebook səhifəmizdə