Əli Əhmədovun rəhbərliyi ilə Ağcabədi rayonunda regional müşavirə keçirilib YENİLƏNİB - VİDEO

Əli Əhmədovun rəhbərliyi ilə Ağcabədi rayonunda regional müşavirə keçirilib YENİLƏNİB - VİDEO

Bu gün Ağcabədi rayonunda "Məcburi köçkünlərə və şəhid ailələrinə göstərilən dövlət qayğısı" mövzusunda regional müşavirə keçirilib. SİA-nın xəbərinə görə, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədovun rəhbərliyi ilə keçirilən müşavirə 9 rayonu əhatə edir. Müşavirədə millət vəkilləri Tahir Rzayev, Bəxtiyar Əliyev, Bəxtiyar Sadıqov, İlham Məmmədov, Elman Məmmədov və Yeni Azərbaycan partiyasının rayon təşkilatının sədrləri iştirak edir.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Daha sonra müşavirə rayonun mədəniyyət mərkəzində davam etdirilib.

Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon icra başçısı Şahin Məmmədov bildirib ki, rayon ərazisində ümumilikdə 5999 məcburi köçkün ailəsi məskunlaşıb. Onun sözlərinə görə, rayon ərazisində köçkünlər üçün iki şəhərcik salınıb.

Daha sonra çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov deyib ki, 1 il bundan öncə Azərbaycan vətəndaşları öz seçimini edərək Prezident İlham Əliyevi yeni müddət ərzində, yəni 2025-ci ilədək dövlət başçısı vəzifəsinə seçiblər.

Onun sözlərinə görə, Azərbaycan xalqı tərəfindən növbəti dəfə belə bir seçimin edilməsi, bir yandan vətəndaşların Ulu Öndər Heydər Əliyevin siyasətinə hörmətin, inamın ifadəsi, ikinci tərəfdən isə Prezident İlham Əliyevə bundan əvvəlki fəaliyyəti dövründə Azərbaycanın inkişafı yolunda əldə etdiyi nailiyyətlərinə, uğurlarına verilən qiymətdir: "Sözün həqiqi mənasında Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan böyük inkişaf mərhələsi keçib, ölkəmizin iqtisadiyyatından tutmuş həyatımızın bütün sferalarında ciddi, əhəmiyyətli dəyişikliklər baş verib. Ölkəmizin siması dəyişib, insanların rifahı yaxşılaşıb. Azərbaycan xeyli dərəcədə müasirləşərək, dünyanın uğurlu dövlətləri kimi qiymətləndirilir".

Baş nazirin müavini söyləyib ki, əldə olunan nailiyyətlər, uğurlar Azərbaycan vətəndaşlarına Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qəti şəkildə dəstəkləməsinə imkan verir: "Məhz bunun nəticəsidir ki, 1 il bundan öncə Azərbaycan vətəndaşları növbəti dəfə seçimlərini İlham Əliyevdə görərək, Ona səs veriblər. Düşünürəm ki, bu, doğru seçimdir. Bundan əvvəlki illərin təcrübəsi bu fikri səsləndirməyə ciddi əsaslar yaradır ki, növbəti illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək, ölkənin iqtisadiyyatı daha da artacaq, möhkəmlənəcək, dövlətçiliyimiz daha da güclənəcək və bunun əsasında vətəndaşlarımızın rifah halında daha ciddi dəyişikliklər əldə ediləcək".

Ə.Əhmədov vurğulayıb ki, bundan əvvəlki illər ərzində, xüsusilə də Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət ərzində ölkəmizdə baş verən dəyişikliklər elə möhkəm, etibarlı bünövrə yaradıb ki, bu bünövrənin əsasında bütün sferalarda böyük islahatlar aparmaq mümkün olacaq: "İnsanlarımız Prezident İlham Əliyevin görə biləcəyi işlərə inanaraq növbəti dəfə Onu Azərbaycana prezident seçiblər. Mən güman edirəm ki, necə ki 2018-ci ildə əvvəlki illərə qiymət verərək xalqımız Prezident İlham Əliyevi növbəti 7 il müddətinə Prezident seçilməsinə səs veriblər, 2025-ci ildə keçiriləcək seçkilərdə biz qəti əminik ki, Azərbaycanın 2018-2025-ci illər ərzində ölkəmizin nə qədər inkişaf mərhələsinin keçdiyinin şahidi olacağıq. Bir neçə ildən sonra biz bu hesabatı Azərbaycan xalqı qarşısında verərək, insanlarımızın göstərdiyi etimadın doğrulduğunu onlara bəyan etmiş olacağıq".

YAP-ın sədr müavini qeyd edib ki, Azərbaycan sözün əsil mənasında böyük inkişaf mərhələsi yaşayır: "Bu, bir çox səbəb və amillərlə bağlıdır. Birincisi birmənalı şəkildə hər birimizin etiraf etdiyi kimi Ulu Öndər Heydər Əliyev siyasəti ilə əlaqədardır. Heydər Əliyev siyasəti Azərbaycana uzun illərdir uğur gətirir. Yeri gəlmişkən onu da bildirim ki, 2019-cu ildə Azərbaycanda Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlməsinin 50 ili tamam olacaq. Bu müddət ərzində Azərbaycan böyük inkişaf mərhələsi keçib. Yaşlı nəsil çox yaxşı xatırlayır ki, 1969-cu ilə qədər Azərbaycan sözün əsil mənasında bütün parametrlərə görə ən geridə qalan respublikalardan biri idi. Lakin Ümummilli Lider hakimiyyətə gəldikdən sonra bir neçə il müddətdən sonra Azərbaycan iqtisadiyyatında, sosial həyatında, sənayedə, kənd təsərrüfatında, o cümlədən mədəniyyətdə böyük dəyişikliklər baş verdi. Azərbaycan Ulu Öndərin rəhbərliyi ilə sovetlər birliyinin ən geridən respublikasından ən inkişaf edən respublikaya çevrildi. Azərbaycanın Heydər Əliyevin gəlişi ilə böyük intibah mərhələsi başlayıb. Bu mərhələ müxtəlif dövrlərə keçərək bu günə qədər davam edir. Ən başlıcası ondan ibarətdir ki, bu illər Azərbaycan üçün həmişə uğurlu, faydalı olub. Azərbaycan Respublikasının, ölkəmizin həyatında bütün dəyişikliklər bu illərdən sonra baş verib. İnsanlarımızın həyatında baş verən dəyişikliklər də bu illərlə əlaqədardır. Ayrı-ayrı dövrlərdə insanlarımızın rifahı yaxşılaşıb. Bu gün sözün əsil mənasında Azərbaycan yüksək rifaha, təhlükəsizliyə, sabitliyə nail olan respublikalardan birinə çevrilib".

Azərbaycan hökuməti qarşısında duran vəzifələrdən söz açan Ə.Əhmədov bildirib ki, bu vəzifələrdən ən vacibi sosial siyasətin uğurla həyata keçirilməsidir: "Ümumiyyətlə, dövlətin həyata keçirdiyi ən başlıca iki siyasət var ki, bura dövlətin, insanların təhlükəsizliyi və insanların rifah halının, həyat səviyyəsinin yaxşılaşdırılması daxildir. Məmnunluqla deyə bilərəm ki, Azərbaycan dövləti qarşısında duran ən mühüm hər iki vəzifənin öhdəsindən layiqincə gəlir. Bu gün Azərbaycan ən sabit, insanlarımızın yaşaması üçün ən təhlükəsiz ölkələrdən biridir. Ölkəmizdə sabitlik, əmin-amanlıq, dinclik, rahatlıq bugünkü Azərbaycanın mövcudluğunu xarakterizə edən ən mühüm xüsusiyyətlərdən, vacib cəhətlərdən biridir. Hesab edirəm ki, Azərbaycanın bu sabitliyinin, əmin-amanlığının nə qədər böyük dəyər kəsb etdiyini insanlarımız kütləvi informasiya vasitələri, dünyada baş verən hadisələri müşahidə etdikdə daha da dəqiqliklə qiymətləndirə bilirlər. Dünyanın ayrı-ayrı ölkələrində, fəlakətlərin, toqquşmaların, müharibələrin, ayrı-ayrı şəhərlərin yerlə yeksan olmalarının kadrlarını gördükdən, bütün bu faciələrlə televiziya, kütləvi informasiya vasitələri ilə tanış olduqdan sonra ölkəmizdəki dincliyin, rahatlığın, təhlükəsizliyin, abadlığın və əmin-amanlığın nə qədər böyük dəyər kəsb etdiyin daha yaxşı dərk edirik. Əgər sülh, əmin-amanlıq, təhlükəsizlik olmasaydı, əldə etdiyimiz sosial, iqtisadi nailiyyətlər heç bir dəyər, məna kəsb etməzdi. İnsanın həyatında yaşaması üçün təhlükəsizlikdən böyük dəyər təsəvvür etmək mümkün deyil. Digər dəyərlər, sərvətlər yalnız insanın, ailəsinin təhlükəsizliyinin olduğu şəraitdə məna kəsb edir. Hesab edirəm ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə təhlükəsizliyin təmin edilməsi, sabitliyin, əmin-amanlığın qorunması məhz bu mənada daha mühüm əhəmiyyət kəsb edir və dövlət siyasətində ən vacib yerlərdən birini tutur. Çünki, bu, insanların yaşaması üçün ən vacib şərtlərindən biridir. Yaxşı yaşamaq üçün təhlükəsizlik təmin edilməlidir. Azərbaycan hökuməti qürur hissi ilə qeyd edir ki, bu vəzifənin öhdəsindən layiqincə gələ bilib".

Baş nazirinin müavini deyib ki, qarşıya qoyulan ikinci vəzifə vətəndaşlarımızın sosial problemlərinin həll olunması, onların rahat yaşamaları üçün şəraitin təmin edilməsidir ki, bu istiqamətdə böyük işlər, uzun müddət ərzində həyata keçirilib: "Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ayrı-ayrı dövrlərdə bu vəzifəyə xidmət edən müxtəlif hədəflər həyata keçirilib. 1990-cı illərin əvvəllərində Azərbaycanda sabitlik pozulmuşdu, əmin-amanlıq yox idi, insanlar çörək növbələrində dayanırdılar. O zaman dövlətin qarşısında duran əsas vəzifə ilk növbədə əmin-amanlığın təmin edilməsi, dinclik, rahatlığın yaradılması, ikincisi isə insanların hiss etdiyi, ağırlığının altında əzildiyi sıxıntılardan, çörəklə imtahana çəkilməkdən azad olmaq idi. Heydər Əliyev bu vəzifəni 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra yerinə yetirdi və daha sonra digər vacib vəzifələrin həyata keçirilməsi zəruri şərt kimi qarşıda dayandı ki, bu da iqtisadi, siyasi islahatlarla bağlı idi. Bütün bunların nəticəsində insanların rifah halının daha da yaxşılaşdırılması üçün zəmin hazırlanmalı idi. İqtisadiyyatda yüksəlişi təmin etmədən hökumətin həyata keçirməli olan sosial siyasətin reallaşması üçün resurslar yaradılmadan, niyyətin nə qədər çox, arzun nə qədər böyük olsa da sosial siyasətin həyata keçirilməsi sadəcə olaraq mümkün ola bilməzdi. Buna görə də Azərbaycan hökumətinin seçdiyi yolun mahiyyəti insanların rifah halının yaxşılaşdırılması üçün daha layiqli sosial siyasət həyata keçirməyə xidmət edən iqtisadi, maliyyə zəmini yaratmaqdan ibarətdir. Bu baxımdan Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar, daha sonra Prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra həyata keçirilən iqtisadi islahatlar məhz bu məqsədlərə xidmət edir. İqtisadiyyatı gücləndirmək, güclənən iqtisadiyyatın yaratdığı imkanlardan istifadə edərək insanlarımızın rifah halının yaxşılaşdırılmasına nail olmaqdır. Hesab edirəm ki, bu vəzifəni iqtisadi islahatlar həyata keçirməklə sosial siyasətdə uğurlara imza atılıb".

Ə.Əhmədov deyib ki, bir sərəncamla ölkəmizdə minimum əmək haqlarının, hər hansı sosial tədbirin ən azı 38 faiz artırılması sözün həqiqi mənasında inqilabi addımdır: "Eyni zamanda minimum pensiyanın 116 manatdan 160 manata çatdırılması da məhz əldə olunan maddi bazanın sayəsində atılan addım, həyata keçirilən aksiyalardır. Bu, eyni zamanda insanların rifah halının yaxşılaşdırılması üçün ölkə başçısı tərəfindən atılan cəsarətli bir addımdır. Müavinətlərin, minimum əmək haqlarının, pensiyaların bir dəfəyə 40 faizədək artırılması, böyük maliyyə vəsaiti tələb edən cəsarətli addımdır. Azərbaycan hökuməti insanların rifahının yaxşılaşdırılması ilə bağlı çox ciddi addımlar atmağa hazırdır. Bu, hökumətin həyata keçirdiyi siyasətin əsas vəzifələrindən biridir. İkincisi isə bu cəsarətli addımı atmaq üçün etibarlı baza yaradılıb. Sərəncamların sayı həddindən artıq çoxdur. Çox müxtəlif təbəqələrin həyatının yaxşılaşdırılmasına əsas yaradan sərəncamlar imzalandı, addımlar atıldı. 600 minə yaxın insan təkcə minimum əmək haqlarının artırılması istiqamətində atılan addımdan bəhrələnmiş oldu. Bu rəqəmi eynilə minimum əmək pensiyası alanlara da şamil etmək olar. Minimum əmək haqlarının 180 manata qaldırılması o deməkdir ki, ölkəmizdə bundan az əmək haqqı alan olmayacaq, bunun nəticəsində həyatı yaxşılaşan insanlar daha da çoxalacaq. Bu, avtomatik olaraq digər səviyyələrdə əmək haqqı alanların maaşların artırılmasına səbəb olacaq. Əlillərin, müxtəlif səbəblərlə əlaqədar əlillik pensiyası alanların, Qarabağ müharibəsi əlillərin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı çox ciddi güzəştlər tətbiq edilib, aldıqları müavinətlərin səviyyəsi artıb. Elə bir təbəqə qalmayıb ki, onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün bu və ya digər formada güzəşt və müavinətlər artırılmasın. O cümlədən məcburi köçkünlər üçün verilən müavinətlərin 50 faiz artırılması da bu kateqoriyadan olan dövlət yardımları hesab oluna bilər. Azərbaycan hökumətinin və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin əsas məqsədi, başlıca niyyət insanların rifah halının yaxşılaşdırılması, onlara göstərilən qayğının daha artırılması və onun həyat yaşayışının müasirləşməsidir. Təbii ki, bütün bunların hamısı iqtisadi bazanın yaradılması sayəsində mümkün ola bilər. Ona görə də, bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə geniş miqyaslı iqtisadi islahatlar həyata keçirilir. Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə əlaqədar görülən tədbirlər, ölkəmizdə bu sahənin inkişafı üçün ciddi əsaslar yaratmaqla yanaşı, eyni zamanda kənd yerlərində yaşayan insanların həyatında da çox mühüm dəyişikliklərə səbəb olub. İnsanlar işlə təmin olunmaq imkanı qazanıblar. Bütün bunların nəticəsində insanlarımızın həyat səviyyəsinin yüksəldilməsi üçün daha etibarlı əsaslar yaradılıb. Dövlətin dəstəyi ilə özünəməşğulluq proqramları həyata keçirilib ki, bu da aztəminatlı ailələrin işlə təmin olunması və özlərinin həyat səviyyəsinin yüksəldilməsi üçün verilən şans kimi qiymətləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında 2004-cü ildən indiyədək təxminən 2 milyon yeni iş yerləri yaradılıb. Bu da insanların rifah halının yaxşılaşdırılması, daha çox sayda insanların işləmək, əmək haqqı almaq imkanı qazanması nöqteyi-nəzərdən böyük sosial layihə hesab oluna bilər. Bu layihənin həyata keçirilməsi nəticəsində insanların həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib".

YAP-ın sədr müavini vurğulayıb ki, Azərbaycanda hansı işlər həyata keçirilirsə, nə edilirsə, bütün bunların hamısı yalnız insanların rifahının yüksəldilməsi, onların daha rahat yaşayışının təmin edilməsi ilə əlaqədardır: "Kommunal layihələrin, işıq, qaz, su təchizatlarının yaxşılaşdırılması insanların məişət şəraitinin və yaşayışının rahatlaşdırılmasına xidmət edir. Bu da sosial layihə kimi təqdim oluna bilər. Bu gün Azərbaycanda işıqla bağlı problem yoxdur. Qazla bağlı problemlər demək olar ki, həll olunmaq üzrədir. Əhalinin içməli su ilə təmin edilməsi ilə əlaqədar böyük layihələr həyata keçirilir. Bir sıra rayonlarda kanalizasiya sisteminin yaradılması və digər işlər bütövlükdə insanların rahatlığının təmin edilməsi məqsədilə görülən işlərdir. Beləliklə nə edilirsə, bu yalnız insanın rifahının yaxşılaşdırılması ilə birbaşa əlaqədar, bu vəzifələrin həyata keçirilməsi üçün əsasların, fundamentin yaradılması ilə bağlıdır. Ölkədə həyata keçirilən sosial siyasətin çox vacib istiqamətlərindən biri də məcburi köçkünlərin yaşayışının yaxşılaşdırılması ilə əlaqədardır. Təəssüf ki, Azərbaycan illərdir ki, bu problemi yaşamaqdadır. Vətəndaşlarımız erməni təcavüzü nəticəsində yurd-yuvalarını tərk etməyə, məcburi köçkün həyatını yaşamağa məhkum olunublar. Bu, Azərbaycan üçün ağır problemdir. Əhalimizin hər on nəfərindən biri məcbur köçkün statusundadır. Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan əhalisinin 1 faizindən də azını təşkil edir. Amma təəssüf ki, müəyyən səbəblərə, müəyyən dairələrin təsirinə görə Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın vətəndaşımız məcburi köçkün vəziyyətində yaşamaqdadır. Azərbaycan dövlətinin, hökumətinin qarşısında duran ən əsas vəzifələrdən biri məcburi köçkünlərin sosial problemlərinin həll edilməsini təmin etməkdir. Müxtəlif dövrlərdə, illərdə bu vəzifələrin təsirlik dərəcəsi müxtəlif olub. Vaxtilə insanlarımız çadırlarda, vaqonlarda yaşayırdılar. Lakin 2003-cü ildə dövlət başçısı İlham Əliyev prezident seçildikdən sonra Azərbaycanda çadır şəhərciklərinin aradan qaldırılması vəzifəsini irəli sürdü. Qısa müddətdə Azərbaycanda demək olar ki, çadır şəhərcikləri ləğv edildi. Prezidentin həyata keçirdiyi layihələr nəticəsində ağır vəziyyətdə yaşayan məcbur köçkünlər müasir mənzillərə köçürüldü, məcburi köçkünlərin həyatında ciddi dəyişikliklərin baş verməsi mərhələsi başladı. Bu siyasət indi də davam etməkdədir. Artıq məcbur köçkünlər üçün 100-dən artıq şəhərciklər tikilib. Bu şəhərciklərdə onların rahat yaşaması üçün bütün imkanlar təmin edilib, məktəblər, bağçalar, lazımi infrastruktur yaradılıb. Onların işlə təmin olunması ilə bağlı da işlər görülür. Təbii ki, işlər bununla bitmir. Bundan sonra da lazım olan işlər həyata keçiriləcək. Bildiyiniz kimi bu yaxınlarda Prezident İlham Əliyevin iştirakı ilə Bakının Kürdəxanı qəsəbəsində böyük şəhərcik salındı. Çoxlu sayda məcburi köçkünlər yeni yaşayış massivinə köçəcək, müasir mənzillərlə təmin ediləcəklər. Bundan sonra da digər yerlərdə şəhərciklər salınacaq, mənzillər tikiləcək. Sonuncu məcbur köçkünümüz evlə təmin olunanadək bu siyasət həyata keçiriləcək. Bizim hədəfimiz, qarşımızda duran əsas vəzifə məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarmaqdan ibarətdir. Amma bu vəzifə öz həllini, Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə həllini tapanadək insanlarımızın layiqli yaşayışının təmin edilməsinə ehtiyac var. İnsan layiqli şəraitdə yaşamalıdır. Bu məqsədlə Azərbaycan hökuməti böyük vəsaitlərin xərclənməsinə getmək niyyətini açıq şəkildə ortaya qoyub. Əlbəttə bu böyük layihədir. Onun həyata keçirilməsi üçün illər tələb olunur. İllərlə məcburi köçkünlərin yaşayış evlərinin tikilməsi üçün 300 milyon manatdan çox vəsait ayrılıb. Həyata keçirilən siyasətin ən vacib məqamlarından biri ondan ibarətdir ki, tikilən mənzillər ən çox ehtiyacı olan ailələr üçün nəzərdə tutulsun. Bu gün ən ağır şəraitdə yaşayan ailələr tikilən binalara köçürüləcək. Hesab edirəm ki, bu, ən ədalətli, düzgün yanaşmadır. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasəti bütün vətəndaşlarımız, məcburi köçkünlərimiz lazımınca qiymətləndirib, dəyərləndirirlər. Etiraf edək ki, məcbur köçkünlər üçün istifadə olunan vəsait bütün Azərbaycan vətəndaşının hər birinin əməyinin sayəsində əldə olunan vəsaitlərdir. Azərbaycan vətəndaşı bu məsələdə dövlətimizlə həmrəy olduğunu göstərmiş olur. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti üçün xas olan, milli birlik, həmrəylik burada özünü göstərir. Bütün vətəndaşlarımız öz səylərini bir yerə cəmləyərək, ağır duruma düşən vətəndaşlarımızın rifahının yaxşılaşdırılması üçün səylərini göstərir, bu siyasətin uğurla yerinə yetirilməsinə dəstəklərini ifadə edirlər. Məcburi köçkünlərimiz də Prezidentin bu istiqamətdə həyata keçirdiyi işləri yüksək qiymətləndirirlər. Bu, bizi sevindirir. Azərbaycan cəmiyyəti üçün xas olan birlik, həmrəylik bütün formalarda, sahələrdə özünü göstərməkdədir. Bu, Azərbaycanda xalq-iqtidar birliyini birmənalı şəkildə təsdiq etmiş olur. Bu birlik olmasaydı, Azərbaycanda əldə olunan bu nailiyyətlər, uğur, irəliləyiş bu səviyyədə mümkün ola bilməzdi, ölkəmizin inkişafı intensivlik səviyyəsinə yüksəlməzdi. Qarşımızda duran əsas borc bu siyasəti dəstəkləmək, bu siyasətin uğur qazanmasına töhfə verməkdir. Yeni Azərbaycan Partiyası da dövlət başçısının həyata keçirdiyi siyasətdə yaxından iştirak edən böyük bir zümrədir, partiya sıralarında 740 minə yaxın vətəndaş birləşib. Hesab edirəm ki, Prezident İlham Əliyevin əldə etdiyi uğurların əldə olunmasında Azərbaycanın bütün vətəndaşları ilə birlikdə YAP üzvlərinin böyük fədakarlığı, əməyi olub. Bu gün partiya olaraq qarşımızda duran əsas vəzifə həyata keçirilən siyasəti dəstəkləmək, onun uğur qazanmasına töhfə vermək, fədakarlıqlar göstərməkdir. İdeoloji sferada da YAP üzvlərinin üzərinə böyük məsuliyyət düşür".

Ə. Əhmədov qeyd edib ki, həm ölkəmizdə, həm də ölkədən kənarda Azərbaycana qara yaxmaq istəyən, əldə olunan nailiyyətləri götürməyən və müxtəlif formalarda təxribatlar etməklə bu uğurların üzərinə kölgə salmağa çalışan qüvvələr var: "Bu mənada zidd siyasətimizin mahiyyətini, uğurlarımızı təhrif etmək istəyən, müxtəlif yalan informasiyaları yaymaqla əldə olunan nailiyyətlərin həcmini azaltmağa çalışan qüvvələrə YAP-ın hər bir üzvü qətiyyətlə cavab verməlidir. Sosial şəbəkələr artıq həyatımıza ciddi şəkildə daxil olub. Onlardan qaçmaq, onsuz yaşamaq mümkün deyil. Biz sosial şəbəkələrdə fəallıq göstərməklə bu yalanların ifşa olunmasına çalışmalıyıq. YAP-ın üzərinə düşən vəzifə həyata keçirmək istədiyimiz nailiyyətləri təhrif edənlərə layiqli cavab verməkdir. Biz imkan verməməliyik ki, böhtançılar, yalançılar, xainlər haqq işimizin üzərinə kölgə salsınlar. Bəzi dairələr Prezidentin həyata keçirdiyi böyük sosial layihələri öz adlarına çıxararaq əldə olunan uğurları onların keçirdikləri mitinqlərlə əlaqələndirir, səfeh fərziyyələr irəli sürürlər. Bayaq söylədiyim kimi, sosial siyasətin həyata keçirilməsi üçün əvvəlcədən baza yaradılmalıdır. Bu, digər sahələrdə olan siyasətdən fərqli olaraq böyük, əsasən də geri qayıtmayan vəsaitlər tələb edir. İnsanlara verilən maaşlar, müavinətlər, güzəştlərin tətbiqi üçün böyük vəsait olmalıdır. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin çox mühüm xüsusiyyətlərindən biri odur ki, O vəd vermir, həyata keçirir. Biz verdiyimiz vədləri real işə çevirməyi bacarırıq. Bu, daha səmimi və insanlara xidmət edən siyasətdir. Azərbaycan Prezidentinin gördüyü işlər nəticəsində yaranan imkanlardan son dövrlərdə həyata keçirilən layihələrdə istifadə olunub. Bunu təhrif etmək istəyənlər xalq-iqtidar birliyinin üzərinə kölgə salmaq istəyirlər. İnsanların qəlbinə şübhə toxumu səpməklə, Azərbaycana problem yaratmaqla öz çirkin niyyətlərinə nail olmağa çalışırlar. YAP olaraq bizim əsas məqsədimiz yalanları ifşa etməkdir. Beləliklə YAP öz üzərinə düşən missiyanı uğurla həyata keçirə bilər. Bu missiyanı yerinə yetirmək üçün partiyamızın hər bir üzvü insanlar arasında daha fəal olmalı, ciddi iş aparmalıdır. Biz Azərbaycanın maraqlarının əleyhinə çalışan insanların ölkəmiz haqqında həm xaricdə mənfi təəssüratlar yaratmaq, həm də xalq-iqtidar birliyinə zərbə vurmaq istəyinə mane olmalıyıq. İnanıram ki, o qruplaşmaların həyata keçirdikləri heç bir uğur qazanmayacaq. Xalqın rəyini dəyişdirmək mümkün olmayacaq. Çünki, həyatımızda baş verən dəyişikliklər o qədər böyükdür ki, bunu yalanlarla, böhtanlarla insanların qəlbindən çıxarmaq mümkün deyil. O qədər də böyük zaman keçməyib. 2003-cü ildən indiyədək həyatımızda baş verən dəyişikliklər hər birimizin həyatının ciddi şəkildə yeni səviyyəyə qaldırmasına gətirib çıxarıb. İndi Azərbaycan vətəndaşı sözün əsil mənasında yeni bir şəraitdə, insan üçün daha real, rahat imkanların yarandığı şərait yaşayır".

Müşavirənin davamında çıxış edən natiqlər Azərbaycanda həata keçirirlən uğurlu iqtisadi- sosial islahatlar haqqında fikirlərini bildiriblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə