"Türkiyəyə əsas təzyiq məhz ABŞ-dan gəlir" ÖZƏL-ŞƏRH

"Türkiyəyə əsas təzyiq məhz ABŞ-dan gəlir" ÖZƏL-ŞƏRH

Türkiyə və Rusiya arasında imzalanan "S-400" müdafiə sistemlərinə dair saziş Vaşinqton-Ankara münasibətlərini daha da gərginləşdirib. Hətta son günlər amerikalı rəsmilər Türkiyənin NATO-dan çıxarılması ilə bağlı məsələni gündəmə gətiriblər.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, Türkiyə hökuməti ölkəsinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı düşünməyə məcburdur: “Türkiyə vaxtilə ABŞ və Avropadan bu cür silahlar almaq istəsə də, ona bu silahları satmadılar. Ona görə də Türkiyə Rusiya ilə anlaşmaya getməyə məcbur oldu. Fikir verirsinizsə, bu gün də Türkiyəyə əsas təzyiq NATO və Avropadan deyil, məhz ABŞ-dan gəlir. Bu da ABŞ və Rusiya arasında olan problemlərdən qaynaqlanır. Ona görə də, ABŞ rəsmiləri Türkiyəyə qarşı “Ya biz, ya Rusiya”, “Ya Rusiya, ya NATO” kimi təzyiq göstərən açıqlamalar səsləndirir”.

Politoloq vurğulayıb ki, Türkiyə “S-400” raketlərini hərbi arsenalına daxil etdikdən sonra ABŞ bu reallığı qəbul etməyə məcbur olacaq: “Çünki Yunanıstan da vaxtilə Rusiyadan “S-300” raketlərini almışdı. Buna görə Yunanıstanı NATO-dan çıxarmadılar. Üstəlik, ABŞ-Yunanıstan münasibətləri də pozulmadı. "Türkiyə NATO üçün son dərəcə vacib tərəfdaşdır". Bunu NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtondakı çıxışında bir daha vurğuladı. Türkiyə faktiki NATO-da “Şərqin qapısı” sayılır. ABŞ-Türkiyə münasibətləri də zamanla öz axarına qayıdacaq. Tramp özü ticarətçidir. Gəlir əldə edəcəyi dövlətlə əməkdaşlığa böyük önəm verir. Türkiyənin də “F-35”-lərə görə ABŞ-a milyardlarla dollar pul ödəcəyini nəzərə alsaq, bu münasibətlərin düzəlməməsi mümkün deyil".

O həmçinin əlavə edib ki, Rusiya NATO ölkələrinin qarşı-qarşıya gəlməsindən məmnundur: “Rusiya bundan sonra da çalışacaq ki, NATO və Türkiyə arasında soyuqluq yaransın. Amma bu münasibətlərin tənzimlənməsi Rusiyanın əlində deyil. Türkiyə Rusiyaya görə həm NATO, həm də ABŞ-la düşmən olmayacaq. Rusiya-Türkiyə münasibətləri müəyyən həddə qədər inkişaf edə bilər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə