Deputat son 1 ildə həyata keçirilən xarici siyasəti şərh etdi ŞƏRH-ÖZƏL
“Əgər son 1 il müddətində Azərbaycanın xarici siyasətini qiymətləndirməyə çalışsaq, görərik ki, ölkəmiz bu müddətdə çox mürəkkəb mərhələdən keçib və hazırkı mərhələ yenidir”. Bu fikirləri SİA-ya “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib
Bir il müddətində bütövlükdə regionda, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərin öz mövqelərini dəqiqləşdirilməsi kimi yeni siyasi sürprizin ortaya çıxdığını deyən millət vəkili söyləyib ki, 2018-ci ildə Ermənistanda yeni baş nazir sistemi yarandıqdan sonra yeni hakimiyyət Ermənistanı işğal məsuliyyətindən kənarda saxlamaq üçün müxtəlif siyasi manipulyasiyalar ortaya atmağa başladı: “Çılpaq bir həqiqət ondan ibarətdir ki, danışıqlar prosesində biz əslində ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyindən daim narazıyıq və bu narazılığı ən yüksək səviyyədə dilə gətiririk. Çox təəssüf ki, biz bəzi hallarda bu siyasi kaprizlərə ATƏT-in Minsk qrupu həmsədrlərinin loyal münasibətini də görürdük. Burada Azərbaycan Prezidenti sərt hücum diplomatiyası həyata keçirdi. İlk növbədə problemi həll etməli olan, bunun üçün BMT Təhlükəsizlik Şurasından mandat almış olan ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı mövqe ortaya qoydu. Avropa İttifaqının da bu istiqamətdə mövqeyinin şahidi olduq. Regionumuzun ən böyük hərbi, siyasi təşkilatı olan NATO-nun rəhbərliyi də bununla bağlı eyni fikri ifadə etdi. Bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan öz manipulyasiyasına son qoymaq məcburiyyətində qaldı. Bu, şübhəsiz ki, diplomatik səylər Azərbaycanın xarici siyasətinin uğuru kimi qiymətləndirilir”.
H.Babaoğlu qeyd edib ki, ümumiyyətlə xarici siyasət dedikdə, hər şeydən öncə Azərbaycan vətəndaşının, seçicisinin ağlına gələn ilk fikir ərazi bütövlüyümüzün bərpa edilməsidir: “Bunun üçün xarici siyasət alətdir. Lakin bu hamısı deyil. İlk növbədə Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün mükəlləf olan ordumuzdur ki, onun quruculuğunda da mühüm işlər həyata keçirilib. İkinci komponent isə xarici siyasətdir. Ancaq bunların hamısının güc aldığı mənbə xalq-iqtidar birliyi, iqtisadi inkişafdır. İqtisadi inkişaf olmasa bu sahədə islahatlar aparılmaz, iqtisadi islahatlar aparılmadan əhalinin sosial problemləri həll oluna bilməz. Bu problemlər həll olunmasa isə xalq-iqtidar birliyindən danışmaq olmaz. Bu baxımdan xalq-iqtidar birliyini təmin edən əsas məsələ Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaşlarımızın mənafeyinin dayanmasıdır ki, bunucənab Prezident də dəfələrlə qeyd edib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB