"Türkiyənin ABŞ və Rusiya ilə münasibətləri geri dönməz halına gələ bilər" ÖZƏL-ŞƏRH

"Türkiyənin ABŞ və Rusiya ilə münasibətləri geri dönməz halına gələ bilər" ÖZƏL-ŞƏRH

"Türkiyənin həm ABŞ-la münasibətinin zəifləməsi, həm də Rusiya ilə güclənməsi geri dönməz vəziyyət halına gələ bilər. ABŞ Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edə bilər. Türkiyəli mütəxəssislərin hesablamalarına görə, bu ildə Türkiyə üçün 63,7 milyon dollar ziyan deməkdir. Rəqəm elə də qorxulu deyil, amma siyasi yük ağırdır. Əsas səbəb Türkiyənin Rusiyadan S-400 almaqdan imtina etməməsidir. Buna görə Türkiyə hətta Amerikanın “Patriot”larından imtina etdi. Eləcə də Türkiyə ABŞ-ın F-35 qırıcı təyyarələrini almaqdan əlini üzüb. Amma Rusiya ilə əlaqələri gücləndirməkdə davam edir. Prezident R.T.Ərdoğanın dediyinə görə, hətta Türkiyə Rusiyadan S-500 də ala bilər". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərində dinamikanın güclülüyü diqqəti xüsusilə çəkir və demək olar ki, Rusiya ilə Türkiyənin münasibətlərini stimullaşdıran əlavə parametrlərdə mövcuddur: "Türkiyə ərazisində “Türk axını” layihəsinin quru və dəniz hissələri birləşdirildi. Rusiya və Türkiyə Qara dənizdə birgə hərbi təlimlər keçirir. Rusiya və Türkiyə hər ikisi Tel-Rifatda (Suriyada) ilk koordinə olunmuş patrullaşmanı reallaşdırdılar. Eyni zamanda Türkiyənin atdığı bəzi addımların Rusiya tərəfindən cavabsız qalması da mümkün deyil.

Krımın Rusiyaya ilhaq edilməsini Türkiyə Krımın Rusiya tərəfindən işğalı kimi dəyərləndirir. Bu hadisənin 5 illiyi ərəfəsində Türkiyə mətbuatı, xüsusən də rəsmilərə yaxın mətbuatı məhz Krımın Rusiya tərəfindən işğalı kimi dəyərləndirdilər.

İsraillə Türkiyə arasında gərginlik var. Həm Suriya ilə əlaqəli məsələlərdə İsrailin atdığı addım, eləcə də müqəddəs dağdakı məscidlərlə bağlı İsrailin apardığı dağıntılar R.T.Ərdoğan tərəfindən kəskin qiymətləndirildi. İsrailin Baş naziri B.Netanyahu da R.T.Ərdoğan haqqında xoş olmayan sözlər işlətdi və onu “kürdlərin soyrımında” günahlandırdı.

Çin-Türkiyə münasibətlərində də gərginlik yaradan faktorlar azalmır. Türkiyədəki uyğurlar Çindəki uyğurların taleyindən narahat olduqları üçün siyasi mübarizəyə başlayıblar. Çin bunu rəsmi Ankara tərəfindən təşkil olunmuş aksiya kimi qiymətləndirir. D.Trampın Colan təpələrini İsrailin ərazisi hesab etməklə bağlı qərarına ən kəskin reaksiyanı verən də yenə Türkiyə, onun prezidenti R.T.Ərdoğan oldu.

Yeni Zelandiyada məsciddə terror hadisəsinin törədilməsinə də R.T.Ərdoğan kəskin reaksiya verdi. Yeni Zelandiyada məsciddə terror törədənlərin Türkiyədə olması, işlətdikləri silahın üstündəki ingilis, rus, gürcü, erməni dilində olan yazılar və Türkiyənin ünvanına yazılmış bəzi hədələr R.T.Ərdoğanın diqqətindən yayınmadı. R.T.Ərdoğan Aya Sofya məbədinin statusunu dəyişməyə qərar verdi. Məbəd bundan sonra məscidə çevrilə bilər.

R.T.Ərdoğan İstanbulun Konstantinopola çevrilməsinə də imkan verməyəcəyini bildirdi".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə