Politoloq: “İrandaki kimi hicaba bürünüb çadranın altında hər oyundan çıxılan şeylər Azərbaycana lazım deyil"

Politoloq: “İrandaki kimi hicaba bürünüb çadranın altında hər oyundan çıxılan şeylər Azərbaycana lazım deyil"

İranın özü nə islam qaydalarına riayət edir nə də, müsəlmançılığı gözləyir. İran bu qədər islam dini carçısıdırsa, elə öz qonşusu Misirdə, Əlcəzairdə, Tunisdə bu çağırışları etsin. 22 ərəb ölkəsinin cəmi üç və ya dördündə qadınlar çadradan istifadə edir. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, bu məsələlərin bu qədər şişirdilməsinin ayrı bir mənası var. Belə ki, İran özünün islam inqilabını Azərbaycana ixrac etmək istəyir: "Məhz ona görə də, İran mətbuatında yer alıb ki, guya Azərbaycan əhalisinin 80 faizi şiyədir. Bu yalandır. Əgər təriqət məsələsinə nəzər salsaq, heç əhalinin əlli faizi şiyə deyil. Ötən ay mən İranda olanda orada yaşayan azərilər bizə çox maraqlı bir faktı dedilər. İrandan Azərbaycana göndərilən və burada müdafiə etmək üçün gələn əksər dissertantlar Azərbaycan dilini mənimsəyən kimi, azərbaycanlıların adından leksikonu qorumaqla buradan "Səhər" telekanalına ayrı-ayrı Bakı kəndlərinin əhalisi adından müraciət edirlər. Guya ki, burada dini, hicabı boğurlar. Azərbaycanda olan islam İranda yoxdur. Çünki biz islam qaydalarına uyğun böyüyüb, Allaha daxilimizdə sevgi aşılayırıq. Eyni zamanda dini müəyyən məqsədlər üçün istifadə etmirik".

 

Politoloq hesab edir ki, rəsmi Tehranın son zamanlar fəallaşmasının məqsədi ona verilən tapşırıqdan irəli gəlir. Bu tapşırıq eyni zamanda Ermənistanla olan münasibətlərdən irəli gələn məsələdir. C. Nuriyev deyir ki, tapşırıq tək Ermənistanla məhdudlaşmır. Burada başqa bir formada şimal qonşunun da dəstəyi mövcuddur: "ATƏT-in həmsədr dövləti kimi Rusiyanın müdaxiləsi bir qədər yol veriləz olduğuna görə, İranı önə veriblər. İran öz gözündə tiri görmür, amma qonşusunun gözündə tük axtarır. Əhmədinejat bu qədər demokratdırsa, onda ona etiraz edənləri nədən asdırır? Hələ bu günə qədər də Müsəvinin adamları həbsxanada ölüm hökmünü gözləyirlər və asılırlar. Bundan əlavə İrana hansı beynəlxalq hüquq icazə verir ki, Azərbaycanın daxili işinə qarışsın. Azərbaycan əleyhinə "Səhər" 1 və 2 kanalında təbliğat aparır."

 

Politoloq vurğulayıb ki, Azərbaycan suveren bir dövlətdir və din dövlətdən ayrıdır. Bu zəmində hicab taxıb-taxmamaq Azərbaycanın öz daxili işidir: "İrandaki kimi hicaba bürünüb çadranın altında hər oyundan çıxılan şeylər Azərbaycana lazım deyil. Əgər bunu guya ki, islam dinin bilmək məsələsidirsə, bu da boş şeydir. Ən böyük savadsızlıq İrandadır. 200 il Rusiya təsiri altında biz islamı itirmədik əksinə yaşatdıq. İndi də İran bizə islamı yaşatdığımıza görə təşəkkür etmək əvəzinə bunu siyasi müstəviyə keçirib. Əvvəla islamda öz dinindən qeyrisi ilə işləmək qadağan olduğu halda Ermənistanla dostluq edir və qucaq açır. Başqa bir nüans İran Ermənistanla eyni mövqedən çıxış edir".

Bütün xəbərlər Facebook səhifəmizdə