"Ölkə başçısı tərəfindən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzalanan Fərman 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra başlayan dərin islahatların tərkib hissəsidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Fəzail Ağamalı deyib.
Ölkəmizdə iqtisadi, sosial, siyasi və idarəçilik sistemini özündə əhatə edən islahatlar geniş miqyas aldığını deyən deputat söyləyib ki, Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə atılan addımlar həm cəmiyyətimizdə yüksək səviyyədə qarşılanır, həm də ayrı-ayrı beynəlxalq təşkilatlar, ekspertlər tərəfindən yüksək qiymətləndirilir: "Əgər bütün sahələrdə islahatlar geniş xarakter alırsa, əlbəttə ki, hüquqi islahatlar da onun içərisində yer almalı idi. Prezident İlham Əliyev bir müddət bundan öncə məhkəmə hüquq sistemində islahatların aparılmasının zəruriliyinin anonsunu vermişdi. Çox keçmədən məhkəmə hüquq sistemində həyata keçiriləcək islahatlarla bağlı mühüm Fərman imzalandı”.

Azərbaycanda hakimiyyətin üçüncü qolu olan məhkəmə sistemində problemlərin olduğunu deyən deputat söyləyib ki, Ədliyyə Nazirliyi, eyni zamanda nazirliyin tərkibində fəaliyyət göstərən Məhkəmə Hüquq Şurası tərəfindən məhkəmənin sağlamlaşdırılması, məhkəmədə yol verilən nöqsanların aradan qaldırılması, korrupsiya və rüşvətxorluğa qarşı təsirli tədbirlər keçirilsə də, bu kifayət deyil: “Məhkəməyə hər hansı müdaxilənin olmaması üçün ilk növbədə onun müstəqilliyini təmin etmək lazımdır. Məhkəmə prosesinə çıxan dövlət ittihamçısının təsir imkanları sıfıra bərabər olmalıdır. Ölkə başçısının fərmanında da bu məsələlər əsas olaraq qoyulub. Fərmanda bütün bunlarla yanaşı, məhkəmələrin sosial müdafiəsi məsələləri də xüsusi bənddə öz əksini tapıb ki, bu da hakimlərin, məhkəmə sistemində çalışanların əmək haqlarının artırılmasında çox ciddi kardinal dəyişikliklərə səbəbə olacaq. Məhkəmələr haqqa ədalətə söykənməli, qanunlarımızın aliliyini əsas götürməli, vətəndaşların hüquqlarının pozulmasına qarşı sərt mövqe ortaya qoymalıdır. Bu məsələlər Fərmanda ayrı-ayrı maddələrdə yer alıb. Eyni zamanda Fərmanda Ədliyyə Nazirliyinə qısa zaman kəsiyində məhkəmə hüquq sistemini təkmilləşdirmək, burada özünü ifadə edən neqativ halların tamamilə aradan qaldırılmasını təmin etmək üçün təkliflərini hazırlayıb, ölkə Prezidentinə təqdim etməklə bağlı tapşırıqlar verilib. Artıq bununla bağlı Ədliyyə Nazirliyində xüsusi komissiya da yaradılıb”.
F.Ağamalı vurğulayıb ki, vacib məqamlardan biri ixtisaslaşmış məhkəmələrin yaradılmasıdır: “Azərbaycan məhkəmə sistemində ixtisaslaşmış məhkəmələr fəaliyyət göstərsə də, bu kifayət deyil. Məhkəmələrə edilən müraciətlərdə mülkiyyət, vergi, gömrük, əmlak və sahibkarların hüquqlarının ayrı-ayrı şəxslər tərəfindən pozulması məsələləri çoxluq təşkil etdiyi üçün, hesab edirəm ki, məhz bu sahələrlə bağlı ixtisaslaşmış məhkəmələr yaradılmalıdır. Ölkəmizdə bir neçə il bundan öncə iqtisadi məsələlərə baxan məhkəmələr yaradılmışdı. Lakin həmin məhkəmələrə müdaxilələr edilirdi. Hətta millət vəkili olaraq bizə bu məhkəmələrə müdaxilələrin edilməsi ilə bağlı bir sıra müraciətlər də daxil olub. Artıq yeni Fərmana əsasən, bu cür müdaxilələr aradan qaldırılacaq. Əsas hədəf Azərbaycanın məhkəmə - hüquq sistemini dünyanın aparıcı demokratik ölkələrindəki sistemə uyğunlaşdırmaqdır. Hesab edirəm ki, atılan addımlar məhkəmə sisteminin nüfuzunun artmasına təsir etməklə yanaşı, məhkəmə sistemi ilə vətəndaşlar arasında münasibətlərin daha yüksək səviyyədə qurulmasını təmin etmiş olacaq”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB