Baş prokurorluq və Ədliyyə Nazirliyinin əməkdaşları Antikorrupsiya Orqanları Assosiasiyasının konfransında iştirak edib

Baş prokurorluq və Ədliyyə Nazirliyinin əməkdaşları Antikorrupsiya Orqanları Assosiasiyasının konfransında iştirak edib

Korrupsiyaya qarşı mübarizənin qlobal səviyyədə təşviqi məqsədilə Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası yaradılaraq artıq beşinci ildir ki, uğurlu fəaliyyət göstərir. Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası bu sosial bəla ilə mübarizəyə mühüm əhəmiyyət verərək, Assosiasiyanın təşkilatçılarından biri kimi çıxış edib, ölkəmizin ədliyyə naziri qurumun vitse-prezidenti seçilib. Ötən müddət ərzində 100-dən çox dövlətin iştirak etdiyi təşkilatın 4-cü Konfransı çərçivəsində korrupsiyaya qarşı mübarizədə səmərəli qabaqlayıcı tədbirlər, onun istintaqı və təqibi beynəlxalq əməkdaşlıq kimi aktual məsələlər geniş müzakirə olunub.

 

Sonuncu Konfransda təşkilatın səmərəliliyinin artırılması, əhatə dairəsinin genişləndirilməsi üçün gələcək fəaliyyətinə dair strateji proqramın hazırlanması barədə qərar qəbul edilib. Həmin sənədin işlənilməsi üçün Assosiasiya tərəfindən ötən həftə korrupsiya ilə mübarizə sahəsində dünyada 3-cü yer tutan Sinqapurda xüsusi yığıncaq təşkil edilib.

 

Bu mühüm tədbirə Assosiasiyanın işində yüksək fəallıq və təşəbbüskarlıq göstərən, habelə korrupsiyaya qarşı qlobal mübarizəyə səmərəli töhfələr verən 15 dövlətin, o cümlədən Azərbaycanın nümayəndə heyəti dəvət olunub. Yığıncaqda ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev və ədliyyə nazirinin köməkçisi Adil Əbilov təmsil ediblər.

 

Tədbirdə Azərbaycan Respublikasının nümayəndəsi Strategiya layihəsi üzrə məruzəçi təyin olunmuşdur. Hərtərəfli və müfəssəl müzakirələr şəraitində keçən yığıncaqda fəal iştirak edən ölkəmizin nümayəndə heyəti BMT-nin müvafiq Konvensiyasının tələbləri, mübarizənin müasir tendensiyaları, korrupsiya formalarının mürəkkəbliyi nəzərə alınmaqla layihənin təkmilləşdirilməsinə dair əhəmiyyətli təkliflər irəli sürüb və onlar tam bəyənilib. Maarifləndirmə və tədris tədbirlərinin gücləndirilməsi, yaxşı praktikaların təşviqi, beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılmasını əhatə edən Strategiya layihəsi İcraiyyə Komitəsinin növbəti iclasında baxılması üçün razılaşdırılıb.

 

Səfər zamanı, həmçinin iştirakçılar tərəfindən Sinqapurun dünyada səmərəli antikorrupsiya fəaliyyəti ilə fərqlənən Korrupsiya hallarının istintaqı Bürosunun fəaliyyəti ilə tanış olunub, korrupsiya ilə mübarizənin müasir üsulları barədə faydalı fikir mübadiləsi aparılıb, habelə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunaraq dünyada böyük maraq doğuran Sinqapur təcrübəsini öyrənmək üçün azərbaycanlı həmkarların tədris səfəri ilə bağlı razılıq əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə