Masallı Tarix-Diyarşünaslıq Muzeyində aprel döyüşlərinin üçünçü ildönümünə həsr olunmuş “Qəhrəmanlıq salnaməsi “ adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva açaraq, şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdi.
Ə.Tağıyeva aprel döyüşlərinin Azərbaycan dövlətinin hərbi-siyasi qüdrətini, Azərbaycan xalqının birliyi və dəyanətini, düşmən hücumlarına layiqli cavab verən hünərli iğidlərimizin Vətən torpağının sahibsiz olmadığını bir daha sübut etdiyini söylədi. O bildirdi ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda, ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da, cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Aprelin 4-ündə Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin, əsasən, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi və təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə, hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı. Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində, şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmişə bəyan edir ki, Ermənistanın müstəqil bir ölkə kimi fəaliyyəti qonşularla münasibətlərini tənzimləməkdən və öz qüvvələrini Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarmaqdan asılıdır.
Aprel qələbələrinin cəmiyyətimiz və ordumuzda yaratdığı özünəinam və ruh yüksəkliyi haqqında muzeyin elmi işçisi Həbib Ağayev mühazirə ilə çıxış etdi.
Tədbirdə aprel döyüşlərinin iştirakçısı Əziz Cankişizadə çıxış edərək, həmin günləri yaxşı xatırladığını, vətən uğrunda hər zaman canından keçməyə hazır olduğunu, aprel qələbələri ilə qürur duyduğunu söylədi.
Tədbirdə, həmçinin, Masallı rayon MƏSQVŞ sədri Məmmədağa Şiriyev, "Masallı ziyalılar" İctimai Birliyinin sədri Fətullayev Qardaş, QMƏV və ŞAİB Masallı rayon şöbəsinin sədri Nahid Rəhimov, SHXÇDX Masallı rayon şöbəsinin baş leytenantı Rəvan Nəsibov çıxış edərək, şanlı Aprel qələbələri, ölkəmizin siyasi-iqtisadi və hərbi-texniki gücü haqqında danışdılar. Bununla yanaşı, bu kimi tədbirlərin gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna rolu olduğunu söylədilər.
Şəhid anası Ziba Əsgərli, şəhid Aqil Məlikovun qardaşı Ədalət Məlikov çıxış edərək, şəhid doğmalarının keçdiyi şərəfli döyüş yolundan, şəhidlik məqamının ucalığından danışdılar.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Aprel döyüşləri və birinci Qarabağ müharibəsində həyatını itirmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ümid edirik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq və üçrəngli bayrağımız tezliklə Şuşa, Xocalı, Laçın və digər işğal altındakı torpaqlarımızda dalğalanacaqdır.
Əlihüseyn Şükürov,
Masallıda çıxan həftəlik "Yeni həyat" qəzetinin baş redaktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB