"Müharibəni dövlət, döyüşü ordu aparır" ÖZƏL-ŞƏRH

"Müharibəni dövlət, döyüşü ordu aparır" ÖZƏL-ŞƏRH

“Aprel döyüşlərinin ildönümündə baxıram hamı özünü tərifləyir. Bəziləri özü barəsində 3 ildə 3 kitab, mahnı yazdırıb, klip, film çəkdirib. Sözüm yoxdur. Danışanların hamısının zəhmətləri olub, şəhidliyi göz önünə alıb döyüşə atılıblar. Allah bütün əsgər və zabitlərimizə qüvvət versin, qələbə nəsib eləsin. Hamısı bizim qardaşlarımızdır. Qələbə də dövlətin qələbəsidir. Heç kim Aprel döyüşündə döyüşün taleyini, psixoloji vəziyyəti xeyrimizə dəyişən Dövlət Sərhəd Xidmətinin fəaliyyətindən nədənsə danışmaq istəmir. Ona görə də mən danışacam”. Bunu SİA-ya açıqlamasında “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov deyib.

“3-4 aprel 2016. Talışda xüsusi təyinatlı qüvvələrimizin şəhid verdi. Onların cəsədlərini çəkib nümayiş etdirən erməni tərəfi bununla döyüşün ilk günü baş vermiş mənəvi psixoloji itkinin yerini bağlamağa nail oldu. Eləcə də qocaları səfərbərliyə alıb cəbhəyə göndərməyə başladı. Hansı ki, bu plan erməni tərəfində illərdir mövcuddur. Erməni generallarının fikrincə, gənc əsgərlərdən ibarət birinci eşalonu asanlıqla yaran Azərbaycan ordusunu ikinci eşalonda yorduqdan sonra, birinci Qarabağ müharibəsi veteranlarından və könüllülərdən ibarət ehtiyat qüvvə döyüş zonasına yeridiləcək, rəqibin gənc yaşlı, yorulmuş qüvvələri əks hücumla ağır təlfata uğradılıb geri atılacaq. Bizim Qazilər və Veteranlar qrupunda illər əvvəl müzakirə etdiyimiz bu planı düşmən reallıqda aprel döyüşlərinin gedişatında gerçəkləşdirməyə çalışdı.

Düşmən qeyd olunan günlərdə Ermənistan ərazisindən bir neçə tabor həcmində qüvvəni və qocaları cəbhənin şimalında Talış və Seysulan istiqamətində artilleriya atəşi ilə yorduğu qüvvələrimizin üzərinə atdı.

Həmin vaxt DSX tərəfindən ilk dəfə olaraq düşmənə qarşı HAROP gəzən sursatının atışları həyata keçirildi. Nəticədə ilk Haropla düşmənin Madagiz yaxınlığında komanda idarəetmə məntəqəsi vuruldu. Məntəqədə olan, qarşıdakı əməliyyatı planlaşdıran yüksək rütbəli zabitlər məhv edildi,

- ikinci atışda Ağdərə-Madagiz yolunda Sisyandan döyüşə gələn silahlandırılmış veteranların olduğu avtobus məhv edildi,

- düşmənin özüyeriyən haubitsa batareyasının mövqeləri vurularaq tələfata uğradıldı,

- düşmənin cəbhənin dərinliyindəki hərbi hissəsi vuruldu,

- nəhayət aprelin 5-də Xocalı aeroportunun uçuş eniş zolağına zərbə endirilməklə sıradan çıxarıldı. Nəticədə düşmənin İrəvandan Xocalı aeroportuna yük təyyarələri ilə yardım və Su-25 döyüş təyyarələrini gətirməsinin qarşısı alındı.

HAROP-un tətbiqinin həmin günlərdə düşmən tərəfində yaratdığı psixoloji gərginlik faktiki olaraq sonrakı dövrlərdə də davam etmişdi. Sosial şəbəkələrdə və mediada yer alan görüntü və informasiyalarda düşmən hərbçilərinin həyacanı, yaşadıqları depressiya onların özləri tərəfindən etiraf edilirdi. (həmçinin bax: http://az.azeridefence.com/aprel-doyusleri-ile-bagli-ermen…/)

Başqa sözlə, HAROP atışı ilə DSX döyüşün taleyinə təsir göstərdi və yenidən Azərbaycan Ordusunun psixoloji üstünlük əldə etməsində danılmaz rol oynadı.

Döyüşlərin ilk saatlarında cəbhənin cənub qanadında (Füzuli - Cəbrayıl) DSX qüvvələri ehtiyat qüvvə olaraq həmlə edən Müdafiə Nazirliyinin ehtiyatı kimi ön cəbhəyə dislokasiya edilmişdi. Ağdam istiqamətində də DSX - nin böyük qüvvəsi motoatıcı briqada ilə birlikdə manevrlər etmişdi.

Sərhəd Qoşunlarının xüsusi hazırlıqlı bölməsi Talış istiqamətinə göndərilsə də atəşkəs razılaşmasına görə ehtiyatda saxlanmışdır. Yazdıqlarımdan əlavə də yaza bilərdim. Hələlik bunlar bəs edər.

Müharibəni dövlət, döyüşü ordu aparır. Bu müharibə hamımızındır. Fərq etməz, kamuflajı yaşıl, ya boz olsun. Hər ikisi Azərbaycan əsgəridir. Sabah dünən olduğu kimi hamı çiyin-çiyinə döyüşəcək”-deyə, baş redaktor fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə