"İran erməni kilsəsinin tapşırıqlarını yerinə yetirir" - MÜNASİBƏT

"İran erməni kilsəsinin tapşırıqlarını yerinə yetirir" - MÜNASİBƏT

Ölkəmiz region ölkələri ilə münasibətlər müstəvisində ancaq dostluq, mehriban qonşuluq, səmərəli əməkdaşlıq prinsiplərinə üstünlük verir. SİA-nın xəbərinə görə, eyni zamanda bütün bunların əsasında dövlətimiz heç vaxt digər ölkələrin daxili işlərinə müdaxilə etmirvə istənilən qonşu ölkə daxilində baş verən proseslərə tolerant münasibət bəsləyir. Ölkəmizin bu cür strategiyası isə uğurlu xarici siyasət yürütməyə etibarlı təminat verir. Bütün bunların müqabilində isə beynəlxalq münasibətlər sistemində hər bir məsələdə qarşılıqlı anlaşma böyük önəm kəsb etməlidir. Bu baxımdan da, hər hansı bir tərəfin qeyri-adekvatlılıq nümayiş etdirdiyi təqdirdə anlaşılmazlıq və gərginlik yaranması qaçılmaz olur.

Son vaxtlar İranın qonşuluq siyasətində müəyyən dərəcə tərəflilik etməsi, haqqı və mənəvi hüququ çatmadığı halda digər dövlətin daxili məsələlərinə dair özlərinin boğazdan yuxarı mülahizələri Azərbaycan cəmiyyətinin bütün təbəqələri tərəfindən hiddətlə qarşılanıb. İctimaiyyət nümayəndələri istənilən halda İran kimi hüquqdan və bəşəri dəyərlərdən uzaq dir dövlətin Azərbaycanın daxili işlərinə qarışmaq üçün cəhdlər etməsini pisləyirlər. Tanınmış iictimai-siyasi xadimlər İranı öz vətəndaşlarına hansı prinsiplərlə hörmət qoymasına diqqəti çəkməklə bu ölkənin nə tərzdə qanunlarla idarə olunduğunu bir daha dilə gətiriblər. Məhz İranın "Səhər-2" kanalının "canıyananlıq" edirmiş kimi görüntü yaratması əslində isə birbaşa təmsil oluduğu dövlətin Azərbaycan qarşı münasibətini ortaya qoyan bir mövqe sərgilədiyini açıq şəkildə təsdiqləyir. Bu isə birmənalı şəkildə İran dövlətinin Azərbaycanın əldə etmiş olduğu böyük uğurlarına qısqanclıqla yanaşmasını, onun bundan sonrakı perspektivini gözü götürməməsi ilə sıx bağlılıq təşkil edir. Amma fars şovinizminin açıq şəkildə ortada olmasını istəsə də gizlədə bilməyən İran təcavüzkar Ermənistana qucaq açmaqla əslində özünün nə dərəcədə İslam mənsəbinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Bütün bu faktlar ortada ola-ola İran sanki heç nə baş verməmiş kimi görüntü yaradaraq, ölkəmizdə müəyyən qüvvələri qızışdırmaqla öz maraqlarını reallaşdırmağa can atır. Bu isə heç bir halda baş tutan bir məsələ deyil. Çünki müasir düşüncəyə malik olan Azərbaycan cəmiyyətinə İranın gerilikçi təfəkkürünün qalıqları tamamilə gərəksizdir.

Biziimlə həmsöhbət olan millət vəkilləri, ictimaiyyətin ayrı-ayrı nümayəndələri, pedaqoqlar İranın din pərdəsi altında çirkin niyyətindən hər kəsin xəbərdar olduğunu vurğulayıblar.
Öncə bir məqamı da qeyd edək ki, bir müddət öncə İranda təşkil olunmuş oyuncaq aksiyada radikal dini şüarlarla yanaşı ölkəmiz, ərazi bütövlüyümüz və digər məsələlərlə bağlı hədələr səsləndirilməsi və sonda Azərbaycana ünvanlanmış bəyanatı İranın rəsmi dövlət qurumlarının dəstəkləməsi olanları hər kəs üçün gün kimi aydın etdi. İran dövlətinin iddiasına görə, Azərbaycan ABŞ və İsraillə yaxın münasibətlər qurur və buna görə bizləri ittiham edir. Amma onlara xatırlatmaq lazımdır ki, Dağlıq Qarabağ müharibəsinin ən ağır vaxtlarında İran Ermənistana hər cür yardım göstərirdi. Özlərini İslam dininin müdafiəçiləri kimi qələmə verənlər rəsmi Tehrandan işğal altında olan Azərbaycan ərazilərində dağıdılan, viran edilən İslam mədəniyyətinə məxsus abidələr, məscidlər haqqında Ermənistan rəhbərliyi qarşısında məsələ qaldırmağı niyə tələb etmirlər?

Mübariz Qurbanlı: "İranın hansısa bir formada Azərbaycanın daxili işlərinə qarışmasına nə siyasi, nə də mənəvi haqqı var"

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da mətbuata açıqlamasında İranın bəzi dini xadimlərinin Azərbaycandakı ictimai-siyasi vəziyyətlə əlaqədar açıqlamalarına toxunub. Bildirib ki, İran dövləti öz daxili siyasətində müxtəlif addımlar atır, qanunlar qəbul edir. "Azərbaycan İranın həyata keçirdiyi daxili siyasətə müdaxilə etməyib, qonşu dövlətin daxili işlərinə qarışmayıb və İran xalqının seçiminə hörmətlə yanaşıb. Ola bilsin ki, Azərbaycanda bəzi insanlar, ayrı-ayrı mətbu orqanlar, eyni zamanda siyasətşünaslar İranın daxilində həyata keçirilən bu və ya digər siyasi xətti bəyənməsin, onunla razılaşmasın və bununla bağlı öz fikirlərini ifadə etsin. Amma bunlar heç də həmişə Azərbaycan dövlətinin rəsmi mövqeyi olmayıb. Heç bir zaman Azərbaycan hakimiyyətinin nümayəndələri, dövlətin idarəçiliyində təmsil olunan şəxslər çıxışlarında Azərbaycan-İran münasibətlərinə xələl gətirə biləcək fikirlərə yer verməyiblər. Amma təəssüflər olsun ki, son vaxtlar İranın din xadimləri çıxışlarında İran-Azərbaycan münasibətlərinə xələl gətirən fikirlər səsləndirirlər. Onlar baş örtüyü məsələsinə istinad edərək Azərbaycanın daxili siyasətini tənqid etməyə cəhd göstəriblər. Onlar həm İranın, həm də dünya ictimaiyyətinin diqqətinə belə bir fikir çatdırmağa çalışırlar ki, guya Azərbaycanda dövlət səviyyəsində qadınların baş örtüyündən istifadə etməsinə qadağalar qoyulur, bununla əlaqədar olaraq hökumət hansısa addımlar atır. Əlbəttə ki, bu, yolverilməz haldır və Azərbaycan-İran münasibətlərinə, dövlətlərimizin əməkdaşlıq ruhuna uyğun deyil", -deyən M.Qurbanlı vəziyyətin heç də İranın bəzi din xadimlərinin, eyni zamanda İran parlamentinin bir sıra deputatlarının söylədiyi, təsvir etdiyi kimi olmadığını da dilə gətirib.
Millət vəkili qeyd edib ki, Azərbaycanın daxili siyasəti ilə bağlı atdığı addımlar haqqında İranda səhv fikirlərin səsləndirilməsi dövlətlərimiz arasındakı münasibətlərin və əməkdaşlığın ruhuna, mehriban qonşuluq siyasətinin prinsiplərinə, imzalanmış sənədlərin tələblərinə uyğun deyil. "Yəni İranın hansısa bir formada Azərbaycanın daxili işlərinə qarışmasına nə siyasi, nə də mənəvi haqqı var. Nəinki İranın, digər başqa dövlətlərin də buna haqqı yoxdur. Azərbaycanda bütün işlər qanunlar çərçivəsində həyata keçirilir. Azərbaycanın bu seçimi xalqımızın iradəsini, cəmiyyətimizin istəyini ifadə edir. Xaricdən kimlərinsə Azərbaycanın qəbul etdiyi qərarlara, ölkəmizdə həyata keçirilən siyasətə irad tutması qətiyyətlə rədd edilir", - deyən YAP icra katibinin müavini Azərbaycan ictimaiyyətinin həmişə bu cür hərəkətlərə mənfi münasibət bəslədiyini də dilə gətirib.

Yaqub Mahmudov: "Azərbaycan cəmiyyəti hər hansı köhnə fikirli, mühafizəkar İran mollasının dediyi ilə oturub-dura bilməz"

Azərbaycan Milli Elmlər Akadmemiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Azərbaycanda hər hansısa xarici ölkənin mənafeyinə uyğun olaraq dini məsələlərlə bağlı qərar verməyin mümkünsüzlüyün dilə gətirib. Qeyd edib ki, Azərbaycan cəmiyyəti hər hansı köhnə fikirli, mühafizəkar İran mollasının dediyi ilə oturub-dura bilməz: "Biz özümüz beynəlxalq aləmdə İslam dəyərlərini lazımınca müdafiə edə bilirik. Ona görə də biz işlərimizi, o cümlədən hicab və digər din məsələsini birtərəfli qaydada İran islam rejiminin mənafeyinə uyğun qura bilmərik. İranlı mollalar, o cümlədən parlament üzvləri öz ölkələrinin işlərinə qarışsınlar. Onların Azərbaycanın daxili işlərinə qarışmasına qəti şəkildə etirazımı bildirirəm".

Qüdrət Həsənquliyev: "İrandan verilən hər hansı bir açıqlamanın arxasında nəyin dayandığını Azərbaycan xalqı çox yaxşı başa düşür və deyilənlərin də heç bir əsası yoxdur"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev isə hesab edir ki, İrandan hər hansı bir şəxsin Azərbaycandakı məsələlərə müdaxilə etməsinin və özünü "İslam təəssübkeşi" kimi göstərməsinin heç bir əxlaqi və mənəvi əsası yoxdur: "Ona görə ki, Azərbaycan torpaqları işğal olunanda bizim müsəlman olmağımız bu "İslam təəssübkeşləri"nin yadından çıxmışdı. Hətta onların Azərbaycanın o vaxtkı dövlət başçısı Yaqub Məmmədovu öz ölkələrinə dəvət etdiyi vaxt Şuşa və Laçın işğal olundu. Ancaq onlar yenə də ləyaqətlərinə sığışdırdılar və bu proseslərə müdaxilə etmədilər. Onlar müharibə dövründə Ermənistanın bütün texnikasını yanacaqla təmin etdilər. Bizim işğal olunmuş ərazilərdə minlərlə məscidimiz dağıdılıb, viran olunub, bir milyon insanımız qaçqın vəziyyətindədir, ancaq bu vaxta qədər müsəlman olmağımız İranın yadına düşmürdü. İndi isə beş-altı əlaltılarına görə hay-küy salmağa başlayıblar. Hesab edirəm ki, Azərbaycan xalqı həmin əlaltılarla bağlı da bir dözümsüz mühit yaratmalıdır ki, həmin o milli satqınların, milli xəyanətkarların, başqa dövlətin əlaltılarının heç yerdə camaatın içinə çıxmağa üzləri olmasın. Gedib yaşasınlar ayətullaların yanında. Buradakı "hicab problemi"ndən dini məsələlərdən danışırlar, halbuki İranın prezident administrasiyasının rəhbəri bu yaxınlarda açıqlama vermişdi ki, qadınların başlarının zorla örtülməsi ilə bağlı qanunu ləğv eləsək, İranda neçə qadın başını bağlayar? Yəni, onların hicabdan da danışmağa mənəvi haqqı yoxdur. Sadəcə Azərbaycan dövləti inkişaf edir, güclənir. Onlar da bu faktı özlərinə qarşı təhdid hesab edirlər. Ona görə ki, Cənubi Azərbaycanda sayı 30 milyondan çox olan azərbaycanlıları ən elementar hüquqlarından belə məhrum ediblər. O baxımdan, İrandan verilən hər hansı bir açıqlamanın arxasında nəyin dayandığını Azərbaycan xalqı çox yaxşı başa düşür və deyilənlərin də heç bir əsası yoxdur".

Fərasət Qurbanov: "Azərbaycan dünyəvi dövlət kimi məhz Qərblə-Şərqin qovşağında yerləşməklə yanaşı, hər iki dəyərlərə böyük önəm verir"

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının katibliyinin icraçı direktoru Fərasət Qurbanov da İranın ölkəmizin daxili işləriən qarışmasını pisləyib və buna qəti etirazını bildirib. Qeyd edib ki, bu cür siyasi gedişmələr həmişə mövcud olub. "Ayrı-ayrı ölkələr qonşularının və yaxud da ki, digər ölkələrin daxil işlərinə qarışmaq üçün müxtəlif metodlardan istifadə ediblər. Əlbəttə ki, biz bu cür məsələlərə qarşı ictimaiyyət adından münasibət bildiririk. Qeyd edim ki, mən də İran televiziyalarının Azərbaycan dilində olan proqramlarına baxmışam və veriliş aparıcıların Azərbaycanda olmayan məsələləri xüsusi olaraq qabartması "təəsübkeşlik" etməsi, hətta efirdə kövrəlməsi insanda müəyyən düşüncələr yaradırdı. Bu eyni zamanda bölgə ərazisinin Azərbaycanda olmayan məsələlərlə bağlı məlumatlandırılması demək idi. Onu da əlavə edim ki, ən inkişaf etmiş ölkələrdə belə xırda problemlər olur. Amma bu o demək deyil ki, İran telekanalları xüsusən də, qonşu, qardaş xalq hesab etdiyi azərbaycanlıların problemlərini qaldırıb hansısa, kənddə yolun pis olması ilə bağlı məsələni şirirdib ona kövrəlməsinin arxasında hansı amilin dayanmasını biz çox gözəl bilirik. Bütün bunlar isə Azərbaycan vətəndaşlarını zərərli informasiyalarla təmin etmək və dövlətçiliyimizin əleyhinə xidmət edən məsələlərdir. Ona görə də, hesab edirik ki, İranın hakimiyyət dairələrinin birbaşa iradəsi ilə onların televiziyalarında bu cür uyğunsuz proqramlar yayımlanır", - deyən F.Qurbanov Azərbaycanın hüquqi dünyəvi bir dövlət olduğunu vurğuladı.
"Azərbaycan dünyəvi dövlət kimi məhz Qərblə-Şərqin qovşağında yerləşməklə yanaşı, hər iki dəyərlərə böyük önəm verir. Həm özünün milli mənəvi, dini dəyərlərini qoruyur, həmçinin də, çox böyük sürətlə Avropaya inteqirasiya edir. Belə olduğu halda məktəblərdə hicab məsələsinin qoyulması, Azərbaycan xalqının və dövlətinin iradəsinə zidd olan məsələlərin İranın televiziya efirlərində səsləndiriməklə müəyyən təsir imkanları əldə etmək iddiaları yolverilməzdir", - deyən F.Qurbanov bildirib ki, ictimaiyyət nümayəndələri olaraq İran rəsmilərinin, hakim dairələrinin bu məsələlərə öz münasibətlərini bildirmələrini tələb edirik.

Qabil Hüseynli: "Azərbaycan beynəlxalq aləmdə kifayət qədər nüfuzu olan bir dövlətdir, öz siyasətini necə qurmağı, öz siyasətini necə həyata keçirməyi hamıdan yaxşı bilir"

Politoloq Qabil Hüseynli isə hesab edir ki, İran açıq-aşkar Azərbaycanın daxili işlərinə müdaxilə edir: "Özü də bunu İslam bayrağı altında pərdələyir. Ancaq hansı adla olur-olsun, bu, suveren bir dövlətin daxili işlərinə qarışmaq və ona necə fəaliyyət göstərməyi öyrətmək təsiri bağışlayır. Digər tərəfdən, Azərbaycan beynəlxalq aləmdə kifayət qədər nüfuzu olan bir dövlətdir, öz siyasətini necə qurmağı, öz siyasətini necə həyata keçirməyi hamıdan yaxşı bilir. Bu zaman nəyi necə etmək barədə kənar dövlətin nə isə deməyi tamamilə qeyri-etik səslənir. İranın bu və ya digər etikadan uzaq hərəkətlərinə qarşı hansısa formada cavab verilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə