YAP Binəqədi rayon təşkilatında "Güclü Lider - güclü Azərbaycan" adlı tədbir keçirildi - VİDEO
Dünən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasının İcra Katibliyi, Binəqədi rayon icra hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Cənab İlham Əliyevin 2018-ci ildə yenidən Prezident seçilməsinin 1 illiyinə və ölkədə aparılan sosial, iqtisadi və siyasi islahatlara həsr olunmuş "Güclü Lider-güclü Azərbaycan" adlı tədbir keçirildi.
Tədbirdən öncə, 2016-cı ildə baş verən aprel döyüşlərində həyatını itirmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri R.Göyüşov qonaqları salamlayaraq, bugünkü tədbirin əhəmiyyətindən bəhs etdi. R.Göyüşov dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə davamlı islahatların həyata keçirildiyini və vətəndaşların maraqlarına xidmət edən bir sıra məsələlərin öz həllini tapdığını diqqətə çatdırdı. Həyata keçirilən dövlət proqramlarından, bölgələrdə və Bakı şəhərində böyük infrastruktur layihələrinin uğurla icra olunmasından danışdı.
R.Göyüşov çıxışında, eyni zamanda, Azərbaycan əleyhinə çirkin və əsassız qara kampaniya aparan bir qrup şəxsləri, müxalifət nümayəndələrini kəskin tənqid edərək, dövlətimizin çiçəklənməsini və inkişafını gözü götürməyən qüvvələrə qarşı hər zaman xalqımızın layiqli cavab verdiyini vurğuladı. Bildirdi ki, xalqımız dövlət başçısı Prezident Cənab İlham Əliyevin ətrafında sıx birləşib və heç bir antimilli qüvvə bu birliyə mane ola bilməz.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov Cənab İlham Əliyevin 2018-2025-ci illəri əhatə edən Prezidentlik dövrünün ilk 1 ili ərzində Azərbaycanın öz dinamik inkişafını təmin etdiyini və ölkəmizin əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində yaşadığını bildirdi. Z.Əsgərov ölkə başçısı İlham Əliyevin prezidentlik dövrünün ilk 1 ilini yüksək səciyyələndirərək, dövlətimizin hərtərəfli inkişafı və xalqın sosial rifahının daha da gücləndirilməsi istiqamətində görülən işləri məqsədyönlü dövlət siyasətinin mühüm tərkib hissəsi adlandırdı. Son bir il ərzində ölkəmizdə ciddi instutitusional islahatların aparıldığını, bu islahatların ölkəmizə və vətəndaşlarımıza olan töhfəsini qeyd etdi. Bununla yanaşı, Cənab Prezidentin son çıxışlarında da, xüsusilə, məhkəmə-hüquq sahəsində isalahatların aparılması anonsunun bu cür inkişafa əsaslı təkan verəcəyini söylədi. Z.Əsgərov, həmçinin, 2019-cu ilin ilk iki ayında əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımların atıldığını, yeni islahatların ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsinə xidmət etdiyini bildirdi: "Son illər Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənib, Azərbaycan bu gün bir çox ölkələrlə çox səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurur, bir çox hallarda isə, Azərbaycanın çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarı qismində çıxış edir və qonşu dövlətlərlə əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Hər bir ölkə üçün qonşularla münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, son 1 ildə ölkəmiz xarici siyasət kontekstində ölkə başçısının rəhbərliyi ilə mühüm uğurlara imza atıb".
Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında Milli Məclisin ötən payız sessiyyasında "İcbari Tibbi Sığorta haqqında qanun"a edilən əlavə və dəyişikliklər haqqında ətraflı məlumat verdi. Millət vəkili, həmçinin, çıxışında Milli Məclisdə Azərbaycanın 2019-cu il üçün dövlət büdcəsinin layihəsinin təsdiq olunduğunu, gələn ilin dövlət büdcəsində səhiyyə sahəsində mühüm tendensiyaların müəyyənləşdiyini diqqətə çatdırdı. Hər il dövlət büdcəsindən səhiyyənin inkişafına ayrılan xərclərin əhəmiyyətli dərəcədə artdığını, bunun səhiyyə sahəsinin inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğunu söylədi.
Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxış edərək, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqrammı"na uyğun olaraq, Bakı şəhərində aparılan abadlıq-quruculuq, yenidənqurma işləri fonunda Binəqədi rayonunda görülən işlərdən və gələcəkdə görülməsi nəzərdə tutulan işlər haqqında məlumat verdi. Diqqətə çatdırdı ki, son 15 il ərzində Azərbaycanda bütün sahələrdə ancaq müsbət inkişaf dinamika müşahidə olunur: "İqtisadiyyatın elə bir sektoru yoxdur ki, orada, ən azı 2 dəfədən çox artım olmasın. Bu, Cənab Prezidentin dövlət quruculuğu kursunun inkişafına daim diqqət göstərməsi ilə bağlıdır. Azərbaycan Prezidentinin və dövlətinin əsas məqsədi əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq və son illərdə qazanılmış sosial-iqtisadi uğurların davamlı olmasını təmin etməkdir".
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Sonda xatirə şəkli çəkdirildi.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB