"Sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır" AÇIQLAMA-ÖZƏL

"Sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır" AÇIQLAMA-ÖZƏL

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Böyük Vətən müharibəsi iştirakçıları, Qarabağ müharibəsi veteranları və əlilləri, Çernobıl hadisəsi, Əfqanıstan müharibəsi iştirakçıları ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalanıb. Bu sərəncamlarda veteranların sosial şəraitinin yaxşılaşdırılması, onların ev, avtomobillə təmini, sosial müdafiəsinin gücləndirilməsi və sair məsələlər əksini tapıb. Bütün bu addımlar insanların sosial rifahının yüksəldilməsinə hesablanıb”. Bu fikirləri SİA-ya açıqlamasında Respublika Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Polkovnik bildirib ki, veteranlara, əlillərə qayğı hər zaman dövlətimizin diqqət mərkəzində olub: “Bu məsələyə indi də xüsusi diqqət yetirilir. Bu yöndə silsilə addımların atılması bir daha onu göstərir ki, dövlətimizin başçısının yürütdüyü sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət veteranların sosial təminatına başlıca məsələ kimi yanaşır, onların rifahının yaxşılaşması üçün ardıcıl tədbirlər həyata keçirir. Bu günədək müharibə əlilləri üçün çoxlu sanatoriyalar, reabilitasiya, protez mərkəzləri və sair inşa edilib. Bu müəssisələr müasir avadanlıqla təchiz olunub. Veteranların və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşması, sosial rifahının yüksəlməsi, müalicə və reabilitasiya prosesinin daha səmərəli olması üçün dövlət bütün imkanlarından istifadə edir”.

Azərbaycanda veteranlara göstərilən yüksək diqqət və qayğının digər dövlətlərə nümunə olduğunu dilə gətirən C. Xəlilov söyləyib ki, veteran ailələrinə də dövlət tərəfindən yardımlar edilir: “Müxtəlif ölkələrin nümayəndələri ölkəmizə, Respublika Veteranlar Təşkilatına təşrif buyuranda və veteranlara göstərilən qayğını, yaradılan şəraiti görəndə bizə qibtə edirlər. Ölkəmizin hər yerində veteranlar üçün yüksək şərait yaradılıb. Buna görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Bütün bunlar veteranlara dövlət qayğısının bariz nümunəsidir”.

Təşkilatının sədr müavini qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə mütəmadi görüşür, müharibə veteranlarının arzu və istəklərinə, onları narahat edən problemlərin həllinə xüsusi diqqət və həssaslıqla yanaşırlar: “Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı Prezidentimizin ətrafında sıx birləşməli, yeni uğurların qazanılmasına əməli işi ilə töhfə verməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə