Politoloq: “Son zamanlar İranın aşkar şəkildə Azərbaycanın maraqlarına təcavüz etməsi iki ölkə arasındakı münasibətlərə kölgə salacaq”

Politoloq: “Son zamanlar İranın aşkar şəkildə Azərbaycanın maraqlarına təcavüz etməsi iki ölkə arasındakı münasibətlərə kölgə salacaq”
"Son zamanlar qonşu ölkələr, xüsusilə İranın Azərbaycana qarşı açıq şəkildə qərəzli mövqeləri müşahidə olunmaqdadır. Xüsusən də bu istiqamətdə İran din faktorundan istifadə edir". Bu barədə SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu son zamanlar Azərbaycan İran münasibətləri ilə bağlı məsələlərə münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycanda dini tolerantlığın olmaması haqqında qeyri-obyektiv fikirlər səsləndirilir. Onun sözlərinə görə, Azərbaycan dünyanın yeganə ölkələrindən biridir ki, burada yüksək səviyyədə dini tolerantlıq mövcuddur. Müxtəlif dinlərin nümayəndələrinin öz dəyərlərinin qoruyub saxlaması üçün Azərbaycanda hər cür şərait və imkan mövcuddur: "Sadəcə olaraq İran bu məsələdən bir bəhanə kimi istifadə edir. Bunun arxasında İranın siyasi məqsədləri durur. Təbii ki, regionda hər bir ölkə bu nüfuz dairəsinin, maraqlarının təmin olunması imkanlarını gücləndirməyə çalışır. Bu istiqamətdə addımlarını atır. Din amilindən bəhanə kimi istifadə edir. Azərbaycanla İranın münasibətləri inkişaf səviyyəsinə görə normal xarakterizə oluna bilər. Amma İranın bu cür addımları iki ölkə arasındakı münasibətlərə xələl gətirəcək. İranın kütləvi informasiya vasitələrində, xüsusilə televiziyasında Azərbaycanın maraqlarına toxunan verilişlər müşahidə olunmaqdadır. Bunların hamısı məqsədli xarakter daşıyır. Bu gün Azərbaycanın yüksək səviyyədə inkişafına İranda bir qısqanclıq hiss olunur. Çünki İranda çoxsaylı həmvətənlərimiz yaşayır və bu məsələlər İranda müəyyən bir təhlükə yaradır. Orada yaşayan həmvətənlərimiz Azərbaycanın yüksək inkişafını, mövcud demokratik inkişaf yolunu görür və onlar da bu cür şərait arzulayırlar. İranda isə bu bir xof yaradır. Hesab edirəm ki, İranın atdığı addım bu məsələlər üçün hesablanıb".

Politoloq həmçinin qeyd edib ki, bu günə kimi Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanla İranın hərtərəfli əməkdaşlığı göz qabağındadır. Onun sözlərinə görə, Ermənistanın iqtisadiyyatının tamamilə məhvinin qarşısının alınmasında İranın çox böyük rolu olub. Politoloq hesab edir ki, Ermənistanla hərtərəfli, xüsusilə iqtisadi münasibətlərin saxlanması Azərbaycan torpaqlarını daha çox və qətiyyətlə işğal altında saxlamağa rəvac verir.

"Təbii ki, bu münasibətlərin tam inkişafına maneə törədir. Son zamanlar İranın aşkar şəkildə Azərbaycanın maraqlarına təcavüz etməsi, Azərbaycan haqqında qeyri-obyektiv fikirlərin səsləndirməsi iki ölkə arasındakı münasibətlərə kölgə salacaq. Bu münasibətlərə onsuzda vaxtilə İran özü kölgə salmışdı. Bir müsəlman dövləti olaraq bizə dəstək verməli olduğu halda, işğalçı Ermənistana hərtərəfli dəstək verib. Bunun özü vaxtilə münasibətlərin bünövrəsində müəyyən laxlamalar yaradıb. Amma sonradan münasibətlər müəyyən normaya düşüb. Hazırda İranın son addımları bu həssas münasibətlərə öz təsirini göstərəcək. Bu baxından İran Azərbaycanla münasibətlərə aydınlıq gətirməli və obyektiv yanaşma sərgiləməlidir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə