Millət vəkili: “İranda bəzi dairələr hələ də imperiya əhval- ruhiyyəsindən əl çəkə bilmirlər”- MÜNASİBƏT

Millət vəkili: “İranda bəzi dairələr hələ də imperiya əhval- ruhiyyəsindən əl çəkə bilmirlər”- MÜNASİBƏT
"İranın müəyyən dairələrinin ara sıra Azərbaycanın daxili işlərinə qarışacaq şəkildə bəyanatlarına rast gəlmək mümkündür. Gah hansısa bir telekanal, yaxud din dairələrinin nümayəndələri, vaxtilə hərbçi olmuş şəxslər Azərbaycana məsləhət, daxili, xarici işi ilə bağlı tövsiyyələr vermək səlahiyyətlərini öz üzərinə götürüblər". Bu sözləri millət vəkili Aydın Mirzəzadə SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, bir ölkə nümayəndələrinin digər ölkə nümayəndələrinin daxili işlərinə qarışması deməkdir.

O bildirib ki, Azərbaycan tərəfindən bu etirazlara İranın rəsmi dairələri bunun rəsmi mövqe olmadığını və heç bir zaman Azərbaycanla bağlı problemləri olmayacağını bildirilər. Millət vəkili vurğulayıb ki, lakin bu cür bəyanatların dayanmaması və İranda təsir qüvvəyə malik olan dairələrin vaxtaşırı belə addım atması onu göstərir ki, İranda bəzi dairələr hələ də imperiya əhval- ruhiyyəsindən əl çəkə bilmirlər: "Onlar Azərbaycanın müstəqilliyini həzm edə bilmirlər. Azərbaycanı İranın bir əyaləti forması kimi qəbul etməyə çalışırlar. Eyni zamanda İranla müqayisədə Azərbaycanın durmadan inkişaf etməsi, dünya birliyinə inteqrasiyası, texnologiyanın yeni nümunələrinin Azərbaycana gəlməsi də həmin dairələri narahat etməyə bilməz. O baxımdan onlar Azərbaycanın qazandığı nailiyyətlərə kölgə salmağa çalışırlar. Həmçinin nəzərə alsaq ki, İran əhalisinin təxminən 40 faizini azərbaycanlılar təşkil edir, oar həmin insanların ölkəmizə olan marağını öldürməyə, Azərbaycan haqqında pis təəssürat yaratmağa çalışırlar."

İranın vaxtaşırı daxili problemlərinin olduğunu deyən A. Mirzəzadənin fikrincə, onlar ölkəmizə qarşı bəyanatlar səsləndirməklə cəmiyyəti daxili problemlərdən yayındırmağa çalışırlar: "Ancaq İranın həmin dairələri bilməlidirlər ki, Azərbaycan dövləti, cəmiyyəti heç bir zaman kimlərinsə bizə məsləhət verməsinə, özünü hakim kimi aparmasına razı olmayacaq və hər zaman ölkəmiz tərəfindən kəskin etirazla qarşılanacaq. Azərbaycan tərəfi ölkəmizə qarşı səslənən bəyanatların İranın rəsmi dairələri tərəfindən deyil, qeyri-rəsmi dairələri tərəfindən verildiyini nəzərə alır. Hətta İranın Azərbaycanın ərazi bütövlüyün dəstəkləməsi, ölkəmizi qane edir. Bizi narahat edən məsələ İranın Ermənistanla olan münasibətidir ki, ölkəmiz bu məsələyə dəfələrlə öz etirazını bildirib. İş burasındadır ki, İran dövlətinin onun qeyri- rəsmi dairələrinin daxili işinə qarışma səlahiyyəti yoxdur. Çox istərdik ki, İranın hakimiyyəti belə məsələlərə ciddi təsir etsin. Azərbaycan da bu məsələdə boş durmur, ölkəmizdə buna dair müvafiq tədbirlər görülür".

Bütün xəbərlər Facebook səhifəmizdə