2 APREL QƏHRƏMANLIQ SALNAMƏSİ

Ali Baş Komanlanından aprel döyüşü əlillərinə növbəti qayğı

Azərbaycan tarixinin qürurverici səhifələrindən biri olan 2016-cı il aprel döyüşləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində, parlaq tarixi qələbələrlə tarixə qəhrəmanlıq salnaməsi kimi həkk olundu. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, qüdrətli Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi, Azərbaycan Ordusu dördgünlük aprel döyüşləri ilə 24 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı. Nəticədə, ermənilər öz "şanlı ordusu"nu tanıdı, eyni zamanda, bu ölkədə işğalçılığın və separatizmin dövlət səviyyəsində dəstəkləndiyi təsdiq olundu. Eyni zamanda, aprel zəfəri illərlə yaradılan "məğlubedilməz erməni ordusu" mifini dağıldı və bir daha erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi.

Aprel döyüşləri "Böyük Qayıdış" prosesinə start verdi

Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti o oldu ki, bu qələbə sayəsində "Böyük Qayıdış" prosesinə start verildi. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə "Böyük Qayıdış" prosesinə start verildi. Artıq bu kəndin əhalisinin 24 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunmasına bütün xalqımızda dərin inam yaratdı. Onu da, vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın təmas xəttinə gedərək, Ermənistan ordusunun təxribatı nəticəsində yaşayış məntəqələrimizə dəyən ziyanla yerində tanış olmaları, yerli əhali, eləcə də, ön xətdə şəxsi heyətlə görüşü xalqımızın və ordumuzun düşmən üzərində qəti qələbəyə ümidlərini daha da artırdı.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu qələbənin ordumuz və xalqımız üçün önəmini açıq şəkildə ifadə edir: "Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından, aprel döyüşləri, bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir".

Aprel döyüşlərində əlil olanların təqaüdləri 100 faiz artırıldı

Həmişə öz xalqının arxasında dayanan ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi yolunda fədakarlıq göstərən müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və veteranlara qayğısını daima diqqəttdə saxlayıb.
Məhz ərazi bütövlüyünün qorunub-saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlığa və igidliyə görə, Prezident Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupunu 2016-cı il aprelin 19-da müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq gördü. Onu da vurğulamayaq ki, dövlət başçısının Sərəncamı ilə bu il də şəhid ailələri və həmin döyüşlərdə yaralanaraq əlil olmuş hərbçilərlə bağlı mühüm sosial-müdafiə tədbirləri həyata keçirilib. Onlara qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq sosial təminat növləri, o cümlədən, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri, müavinət və ya əmək pensiyaları, habelə uşaqlarına, eləcə də, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə müavinətlər təyin olunub. Şəhid ailələrinə birdəfəlik ödəmələr verilib, onlar üçün Prezidentin aylıq təqaüdünün məbləği, mütəmadi olaraq artırılıb.
Rəsmi məlumata görə, cari ildə bu sahədə, növbəti mühüm addım kimi, 2019-cu il fevralın 1-dən həmin təqaüd 300 manata çatdırılıb. Eləcə də, müharibə əlilləri kimi, hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olanların, o cümlədən, aprel döyüşləri ilə əlaqədar əlilliyi olanlar üçün müavinət və təqaüdlər də cari il aprelin 1-dən 100 faizədək artırılıb. Eyni zamanda, aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin reabilitasiyasına xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşündə "Mənim tapşırığımla sizin hər birinizə fərdi yanaşma tətbiq olunacaq və normal hərəkət dinamikasına yardım edən müasir protezlə təmin olunacaqsınız" deyə bildirib. Bu tapşırığa uyğun olaraq, qeyd olunan əsgər və zabitlərin reabilitasiyası sahəsində yüksək səviyyədə işlər aparılıb.
Heydər Əliyev Fondunun "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi" layihəsi çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı reabilitasiya məhsulları ilə təmin edildilər.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, cari ilin fevral ayında 30-dək hərbçidən ibarət daha bir qrup Qarabağ müharibəsi əlili də protezləşməyə cəlb edildi. Onların hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri nəzərə alınmaqla yüksək texnologiyalı məhsullar seçilərək təmin olundular. Reabilitasiya vasitələri ilə təmin olunan həmin Qarabağ müharibəsi əlilləri, artıq aktiv həyata geri dönərək əmək fəaliyyətlərini davam etdirir, bir qismi hərbi xidmətlərinə davam edir, ayrı-ayrı əlilliyi olan hərbçilər isə paralimpiya idman növləri ilə məşğul olurlar. Beləliklə, bütün bu göstərilən qayğı, məhz ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinin məntiqi nəticəsidir.
Bir sözlə, Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən, müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır. Çünki İlham Əliyev bütün çıxışlarında Azərbaycan dövlətinin əsas siyasi istiqamətlərindən birinin, məhz sosial siyasət olduğunu qeyd edir və bu reallıq özünü davamlı şəkildə isbatlayır.
Müdrik insanların dəfələrlə söylədiyi "Siyasətin ədalətli, siyasətçinin adil olması onu dəstəkləyənlərin sırasına baxanda məlum olur" ifadəsi bu gün Azərbaycanda öz təsdiqini tapır. Çünki bizim dövlətin yeritdiyi siyasət də, dövlət başçımızın siyasi fəaliyyəti də dünyanın hər yerində, işğalçı Ermənistan istisna olmaqla, hamı tərəfindən dəstəklənir. Xarici siyasətimizin beynəlxalq aləmdə təqdir olunması, Siahlı Qüvvələrimizin Ali Baş Komandanının ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində nümayiş etdirdiyi qətiyyət, Milli Ordumuzun işğalçı dövlətin təxribatlarına tutarlı cavab verərək, düşmənin geri çəkilməsinə nail olması və bu kimi bir sıra başqa amillər həm ölkə əhalisi, həm də dünya ictimaiyyəti tərəfindən böyük hörmət və ehtiramla qarşılanır. Çünki Azərbaycanın igid oğul və qızları Vətənin şərəfini öz qeyrətləri ilə qoruyub, qanları ilə müdafiə etdilər. 2 aprel tarixli uğurlu qələbəbimiz də, məhz Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun, Ulu Öndər Heydər Əliyev siyasətinin təməlində dayanan, və ölkə başçısı, Ali Baş Komandanımız İlham Əliyevin davam edən, yaşadılan tərəqqinin məntiqi nəticəsidir!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə