Azər Badamov: “Aprel zəfəri gələcək tarixi qələbənin bünövrəsini yaratdı ” RƏY-ÖZƏL
“Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Aprel döyüşləri ordumuzun zəfər tarixidir”. Bunu SİA-ya açıqlamasında Millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, Aprel hadisələri uzun illər dəyişilməz qalmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni bir nəfəs verdi: “Aprel döyüşləri güclü erməni ordusu mifini dağıtdı və düşməni öz danışıq ritorikasını dəyişməyə məcbur etdik. 4 gün davam edən müharibə kimin nəyə qadir olduğunu göstərdi. Həm də aprel zəfəri gələcək tarixi qələbənin bünövrəsini yaratdı. Aprel döyüşlərinə qədər Ermənistan və dünya hesab edirdi ki, Azərbaycan işğalla barışıb və zaman keçdikcə torpaqlar yaddan çıxacaq. Amma aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı heç zaman işğalla barışmayacaq və hər zaman torpaqları azad edib öz ata yurdlarına qayıtmağa hazırdır. Aprel döyüşləri ümumilikdə cəbhədə vəziyyəti dəyişdi. Düşmənin üzərində tam nəzarət etmək imkanı əldə etdik. Fizuli, Cəbrayıl və Ağdərə rayonlarının 2000 hektardan çox torpağımız işğaldan azad olundu və oralara Azərbaycan bayrağı sancıldı. Strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyindən Ermənilərin mövqelərinə tam nəzarət imkanını əldə etdik. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycanın mübariz, mətin ordusu və konkret tapşırıqları verən Ali Baş Komandanı var. Aprel döyüşləri heç də başa çatmayıb. Məhz aprel döyüşlərindən sonra Naxçıvanda Günnüt əməliyyatı aparılaraq 11000 hektar torpağımızı azad etdik. Azərbaycan ordusu addım-addım irəliləyir. Uduzan isə ancaq işğalçı Ermənistandır. Ordusunun gücü hamıya məlum oldu, iqtisadi böhran dərinləşib, əhalisi ölkədən qaçır və demək olar ki, müstəqillik əldə edə bilmədi. Bütün bunların kökündə təbii ki, Azərbaycan torpaqlarının işğal edilməsi dayanır. Biz isə ancaq irəli gedirik. Bu irəli getməyimiz işğal altında olan torpaqların azad edilməsində, iqtisadi inkişafımızda, ordumuzun güclənməsində, vətəndaşın rifahın yaxşılaşmasında, ölkəmizin beynəlxalq mövqelərimizin möhkəmlənməsində görürük”.
sia.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB