AXCP ilə Müsavat arasındakı qarşıdurma kimə lazımdır?

AXCP ilə Müsavat arasındakı qarşıdurma kimə lazımdır?

Və yaxud satqınlarla xəyanətkarların davası böyüyür

Bu gün "müxalifət düşərgəsi" deyilən bir dağıdıcı məkanda cəmləşən və 26 ilə yaxın uğursuz yol gedən tör-töküntü "bir həsir, bir də Məmmədnəsir" olan partiyaciklərin nə dava-dalaşı və "birliyi" kimə lazımdır? Cavab birdir: ancaq xəyanətkar və cinayətkarlara. Çünki xəmirləri belə yoğrulub. Mənəviyyat onlar üçün xarici qüvvələrə satqınçılıq etməklə qəpik-quruş qazanmaqdır. Bu əxlaqsızlar hər cürə alçaqlıqlara əl atdılar- "siyasi mühacir", "siyasi məhbus" kimi "biznes" şousunu yaratdılar. İndi də mitinq savaşına çıxıblar. Kim qabağa düşəcəksə, alçaq əməlləri ilə ölkədə qarışıqlıq yaradacaqsa qrant daha çox alacaq.

Siyavuş Novruzov: "Qibləsini tanımayan və qibləsi Qərb olan

Əli Kərimli vətəndaşları çaşdıra bilməz"

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov son günlər yenə də dağıdıcı müxalifətin mitinq şousu ilə bağlı canfəşanlıq etdiyini bildirib. Vurğulayıb ki, bu mənəviyyatsızlar, artıq zibilliyə atılanlardır, indi də bir neçə gün öncə "Diqlas" ticarət mərkəzlərində baş verən yanğınla bağlı, guya sahibkarlara "dəstək" olmaq üçün mitinq keçirmək istəyinə düşüblər. Ancaq bu satqınlar bilməlidirlər ki, dövlət onlara dəyən ziyanı öz üzərinə götürdü. Bu, Prezidentin humanist addımı idi və belə addımları dəfələrlə olub".
S.Novruzov onu da bildirib ki, bu məsələdən sui-istifadə edən Əli Kərimli və Arif Hacılı kimi satqınlar mitinq çağırışları edirlər: "Bu məsələdən sui-istifadə edənlər var. Bu məsələ adı altında mitinq çağırırlar. Qibləsini tanımayan Ə.Kərimli ilə Sevinc Osmanqızı səhv məlumat yayaraq, vətəndaşları çaşdırırlar. Çünki onların qibləsi Qərbdir".

Əli Kərimlinin qabağa düşməsi Arif Hacılı dəstəsini narazı salıb

Elə yuxarıda sözügedən məsələ ilə bağlı martın 29-dan başlayaraq bar-bar bağıran Müsavat partiyası aprelin 7-də mitinq keçirəcəyini bildirib. Bundan duyuq düşən satqınçılıq simvolu AXCP sədri Əli Kərimli qabağa düşmək üçün növbəti xəyanətkarlığını nümayiş etdirərək, aprelin 6-na təkbaşına midinq keçirəcəyini bildirib. Müsavat başqanının müavini Fərəc Kərimli özünün şəxsi facebook profilində bildirir ki, "Milli Şura" aprelin 9-a sosial tələblər və siyasi məhbusların azad edilməsi şüarları ilə mitinq təyin etmişdir: "İndi isə Ə.Kərimli aprelin 6-na mitinq keçirəcəyini deyir. Bu da parçalanmış müxalifət cəbhəsində, xüsusən də, radikallar arasında yeni gərginliyin, narazılığın və fikir ayrılığının əsasını qoyub. Artıq bir neçə gündür ki, tərəflər bir-birlərini satqınçılıqda, riyakarlıqda və iqtidara işləməkdə günahkar bilirlər. Xüsusilə də, Ə.Kərimli kimi xəyanətkar partiya sədrindən bundan artıq nə gözləmək olar?"

Vaqif Hacıbəyli: "Əli Kərimli qeyri-sağlam düşüncəyə malik satqın, xəyanətkar və hoqqabazdır"

Müsavat başqanı Arif Hacılının qardaşı, "Əhrar" partiyasının sədri Vaqif Hacıbəyli də Ə.Kərimlinin atdığı addımı tənqid edib: "AXCP sədri Ə.Kərimli qeyri-sağlam düşüncəyə malik satqın və xəyanətkardır. Bu dəfə də, o, özünə yaraşan şəkildə hərəkət edərək, hoqqabazlığını nümayiş etdirdi. Mitinq baş tutmayacaq, ora heç 50 nəfər də gəlməyəcək. Özünə hörmət edən hansısa tanınan müxalifət nümayəndəsi hoqqabaz və satqın Ə.Kərimlinin təsiri altında olan "Milli Şura"nın tədbirində "çağrılmamış qonaq" sifətində iştirak etməyəcək. Bu mənada onun müxalifətin "lideri statusu" isə boş xəyaldır".
Təbii ki, Ə.Kərimli kimilər yalnız şəxsi maraqlarını düşünən satqınlardır. İstər Ə.Kərimli, istərsə də A.Hacılı mitinqlər keçirməyə cəhdlər etməklə, özləri barəsində xaricdəki qüvvələrdə ciddi rəy formalaşdırmaq, əsas müxalifət olduqlarını isbatlamaq, bununla da, kimlərdənsə əlavə gəlir əldə etmək istəyirdir. Çünki Azərbaycan xalqı bu vaxta qədər keçirilən istər seçkilərdə, istərsə də mitinqlərdə biabırçı şəkildə məğlub olan, yalan vədlərlə ad çıxaran radikallara etimad göstərməyib. Ona görə də, çarə qalıb xarici ölkələrin Azərbaycandakı səfirliklərində qapalı görüşlər keçirməyə, təlimatlar yerinə yetirməyə, mitinqlər keçirmək və "siyasi məhbus" şouları düzənləməklə, 5-10 manat əldə etməyə.
Bir sözlə, riyakar əməllərin səmimiyyət, ləyaqət, dürüstlük kimi mənəvi dəyrlərdən uzaq olan dağıdıcı düşərgənin "ölü sakinlərinin" istər mitinqi, istərsə də "liderliyi" heç kimə maraqlı deyil. Çünki bu mənəviyyatsızların Siyavuş Novruzovun dediyi kimi, onların qibləgahı Qərbdir.
Yəni idarə olunanların sonu isə, zibilliklərdir.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə