Rauf Zeyni: “Azərbaycanda olan tolerantlıq, dini azadlıqlarla bağlı vəziyyət dünya ölkələri üçün nümunə sayıla bilər”

Rauf Zeyni: “Azərbaycanda olan tolerantlıq, dini azadlıqlarla bağlı vəziyyət dünya ölkələri üçün nümunə sayıla bilər”

Son zamanlar müxtəlif xarici dairələr Azərbaycanda sabitliyi pozmaq, ölkəmizdə guya dini azadlıqların sıxışdırıldığı haqqında rəy formalaşdırmaq, dindarlarla dövlət arasında ziddiyyət yaratmaq, radikal dindarları fəallaşdırmaq məqsədilə tədbirlər həyata keçirməyə cəhd göstərirlər. Təəssüf doğurucu haldır ki, özümüzə dost hesab etdiyimiz qonşu müsəlman ölkəsi İran da Azərbaycanda baş verən dini prosesləri istiqamətləndirməyə və bu prosesləri öz maraqlarına uyğun şəkildə qiymətləndirməyə çalışır.

 

İranlı din xadimləri, həmçinin ayrı-ayrı siyasətçilərin qərəzli fikirlərini mütəmadi olaraq eşitsək də son günlər bu məzmunlu bəyanatların daha da çoxaldığını demək olar. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın tanınmış ictimaiyyət nümayəndələri, ziyalıları, o cümlədən sıravi vətəndaşları qəzəbləndirməyə bilməz.

 

Məsələ ilə bağlı SİA-ya açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bildirib ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistana müsəlman ölkə İranın yardım etməsi bu ölkənin məqsədini açıq-aydın ortaya qoyur. Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi, regionda lider dövlətə çevrilməsi və hərbi gücünün artmasının İranın xarici siyasətində öz əksini tapdığını deyən R.Zeyni qeyd edib ki, istər İran rəsmilərinin, istərsə də din xadimlərinin Azərbaycan əleyhinə bəyanatlar verməsi ölkəmizin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər: "İran öz fikrini müxtəlif yollarla açıq şəkildə ifadə edir. İranın Azərbaycana olan münasibətini onun Ermənistana verdiyi dəstəklə uzun illərdir ki, müşahidə edirik. Amma İranın dini və siyasi xadimlərin son vaxtlar daha da fəallaşması bilavasitə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə bağlı dövlət başçısının verdiyi bəyanatlarla, eyni zamanda Azərbaycan xalqının torpaqlarını azad edəcəyi ilə bağlı ortaya qoyduğu mövqe və iradə ilə bağlıdır. Hansı formada və məzmunda olmasından asılı olmayaraq məsələ yalnız onunla bağlıdır ki, Azərbaycanın mövqeyi güclənir. Düşünürəm ki, islam dinin daşıyıcısı olan bir ölkə kimi İran öz davranışlarında səmimi olmalıdır, üzdə bir, arxada başqa söz deməməlidir. Anlamalıdırlar ki, Azərbaycanla artıq başqa dildə danışmaq olmaz".

 

Azərbaycanda dini azadlıqların sıxışdırıldığı haqqında iranlı siyasətçilərin və din xadimlərinin fikirlərinə gəlincə, R.Zeyni bildirib ki, Azərbaycanda beynəlxalq hüquq normaları çərçivəsində istər dini etiqad və vicdan azadlıqları, həmçinin digər azadlıqlar qorunur. Milli QHT Forumun prezidenti başqalarının daxili işlərinə müdaxilə edən İranın özündə bu azadlıqların tapdalandığını vurğulayıb: "30 milyonluq azərbaycanlı isə ən adi insan hüquqlarından məhrumdur. İran din pərdə altında insan hüquq və azadlıqlarını kobud şəkildə pozur. İlk olaraq özlərinə baxsınlar, ölkələrində hüquq və azadlıqlarla bağlı vəziyyəti qiymətləndirsinlər, daha sonra başqalarına qiymət versinlər. İran rəsmiləri qoy 30 milyonluq soydaşımız üçün ana dilində bir məktəb açsınlar. İrandakı ermənilərin onlarla, yüzlərlə məktəbi varsa, bu şərait azərbaycanlılar üçün yaradılmırsa, hansı azadlıqlardan danışmaq olar".

 

İrandan səslənən bəyanatların Azərbaycanda da bir sıra qüvvələr tərəfindən dəstəkləndiyini dilə gətirən R.Zeyni həmin qüvvələrin də yanlış yolda olduğunu dilə gətirib: "Azərbaycanda olan tolerantlıq, dini və vicdan azadlığı ilə bağlı vəziyyət dünya ölkələri üçün nümunə sayıla bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə