“Azərbaycan Xalq Hərəkatı”nda təpik-yumruqlu iclas ANALITIK+VIDEO

“Azərbaycan Xalq Hərəkatı”nda təpik-yumruqlu iclas ANALITIK+VIDEO

Yaxud, çayxana müxalifəti yenidən gündəmə çıxmaq arzusundadır

Ənənəvi və radikal təmayüllü müxalifətin yarandığı dövrlərdən hazırkı zamana qədər dəyişmədiyi gözlər önündədir. İstər düşərgədəki partiyaların, istərsə də, həmin partiyaların birləşib-ayrıldıqları azömürlü birliklərin illərdən bəri dəyişməyən təfəkkürləri necə var, elə də qalmaqda davam edir. “DUBB”-dan başlayaraq “SİDSUH”a qədər, “MKM”dən başlayaraq, “Azadlıq”, “Bizim Azərbaycan” və s. bloklarına qədər, “İctimai Palata”dan başlayıb, “Milli Şura”ya qədər yaradılan birliklərin acı sonluğu barədə isə yenidən xatırlamalar etməyə gərək yoxdur, çünki siyasi ictimaiyyət baş verən hər bir hadisələri ən kiçik detallarına qədər xatırlayır.

Dava-dalaşa səbəb isə, MDP-nin sədri Nemət Pənahlının hərəkatın idarə heyətinin üzvlüyündən çıxarılması olub

Beləliklə, illər ötsə də, zaman dəyişilsə də, müxalifət dəyişilməyib və yerində addımlamağa davam edir. Necə ki, bu düşərgədə fəaliyyət göstərən birliklərə qarşı alternativlik iddiasını ortaya qoyan “Azərbaycan Xalq Hərəkatı” (“AXH”) kimi...

Məsələ həm də ondadır ki, bu gün “AXH”-də özlərini başbilən hesab edənlərin əksəriyyəti elə yuxarıda adları hallanan qurum və birliklərdə təmsil olunublar. Ancaq məsələ ondadır ki, xüsusi canfəşanlığı AMDP-nin sədri İsgəndər Həmidov və sabiq müdafiə naziri, başı hələ də sahibi tərəfindən vəd edilmiş gülləsini gözləyən Rəhim Qazıyev göstəriblər. Dava-dalaşa səbəb isə, MDP-nin sədri Nemət Pənahlının hərəkatın idarə heyətinin üzvlüyündən çıxarılması olub. Maraqlıdır ki, bu iclasda heç N.Pənahlının özü iştirak etməyib.

İsgəndər Həmidov və Rəhim Qazıyev Tural Abbaslıya qarşı

Onu da qeyd edək ki, “AXH”yə dönəm sədrliyi edən “Ağ Partiya”nın sədri Tural Abbaslı N.Pənahlının çıxarılmasına etirazını bildirib və onun etirazını VİP sədri Əli Əliyev, sabiq hərəkatçı Bəxriyar Tuncay dəstəkləyiblər. İ.Həmidov, R.Qazıyev N.Pənahlının qalmasın tələb edərkən, KXCP sədri Mirmahmud Mirəlioğlu isə bitərəfliyini bildirib. Məsələ də məhz bundan sonra başlayıb. Xüsusilə, İ.Həmidovun iclasdakı adamları özü də daxil olmaqla, T.Abbaslıya hücum ediblər. Lakin buna baxmayaraq, N.Pənahlı “AXH”nin idarə heyəti üzvlüyündən çıxarılıb.

Tural Abbaslı İsgəndər Həmidova: “Sən Əli İnsanova “ağsaqqlım” demisən”

Bu qərarın ardınca, İ.Həmidov və R.Qazıyev T.Abbaslının adıçəkilən hərəkatın idarə heyətindən çıxarılmasına səs verməyə çağırıblar. Maraqlısı da budur ki, AMDP sədri “Ağ Partiya” sədrinin bir neçə gün öncə mətbuatda yaşlı siyasətçilərin siyasi arenanı tərk etməli olduqları ilə bağlı fikirlərini, eləcə də, Abbaslının hərəkata daxil olmayan siyasi partiyalarla görüşməsini arqument olaraq gətirib. Böyük qalmaqala çevrilən qarşıdurmalar pik həddinə çatıb və tərəflər bir-birlərini ən ağır söyüşlərlə təhqir ediblər.

T.Abbaslı isə İ.Həmidova hər yerdə hərəkatın adından danışmaqda və həbsdən çıxan sabiq səhiyyə naziri Əli İnsanova "ağsaqqalım" deməkdə ittiham edib. Beləliklə, gərginlik daha da artıb və hər iki siyasətçi əlbəayaxa dava həddinə çataraq, üz-üzə belə gəliblər. Üç saat davam edən iclasda gərginlik sona qədər davam edib.

Necə deyərlər, çayxana müxalifəti iş başındadır...

Məhz adicə bir məqamın videoçəkilişinə baxarkən, bir daha aydın olur ki, özlərini müxalifətin başbilənləri hesab edən bu “zümrə” ümumiyyətlə, nə Azərbaycan dövləti, nə də xalq haqqında qətiyyən düşünmürlər. Əksinə, onları düşündürən amil şəxsi maraqlarının təmin olunması üçün siyasi arenada özlərini reklam etdirmək, bu vasitə ilə xarici təşkilatların diqqətini özlərinə cəlb etməkdir. Əgər bir yerdə ki, İ.Həmidov, R.Qazıyev və s. adamlar varsa, orada xaosun, başıpozuqluğun olacağını bəri başdan proqnozlaşdırmaq mümkündür. Artıq “AXH”-nin daxilində baş verənlər də həmin reallığı bütün çılpaqlığı ilə növbəti dəfə sübuta yetirdi. Necə deyərlər, çayxana müxalifəti iş başındadır...

Videoya bu linkdən baxa bilərsiniz:

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə