“Bildiyiniz kimi, 3 il öncə, 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə erməni işğalçıları, erməni təcavüzkarları yenidən məqsədli şəkildə atəşkəs rejimini pozaraq, Azərbaycanı təxribata çəkməyə, yenidən özlərini dünyaya məzlum, yazıq xalq kimi göstərməyə cəhd etdilər. Ancaq onların bu alçaq və məkrli niyyətləri baş tutmadı, bütün planları, bütün hesabları pozuldu. Bu planları, bu hesabları isə pozan güclü və qüdrətli Azərbaycan yüksək döyüş qabiliyyətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan xalqı və müdrik, uzaqgörən, dünya liderlərindən olan ölkə prezidenti cənab İlham Əliyev oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
O bildirib ki, ali Baş Komandan, ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında 2-4 aprel tarixlərində Azərbaycan Ordusu, xalqımızın igid və qəhrəman övladları erməni işğalçılarına, erməni qəsbkarlarına bütün cəbhə boyu ağır və sarsıdıcı zərbələr vurdu, Azərbaycanın işğal altındakı ərazilərinin bir qismini, xüsusilə, strateji əhəmiyyətə malik olan Lələ Təpə yüksəkliyini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini erməni işğalından, erməni işğalçılarından azad etdilər.
Aprel döyüşləri zamanı düşmənin böyük miqyasda itki, tələfatla üz-üzə qaldığını deyən deputat söyləyib ki, erməni işğalçıları, erməni hərbi birləşmələri bir andaca pərən-pərən salındı, çoxları silah-sursatlarını ataraq, döyüş, əsgər yoldaşlarını səngərdə qoyaraq, qaçmağa, fərarilik etməyə üz tutdular: “Ermənistanda dərhal erməni analarının ölkə rəhbərliyinə, keçmiş cinayətkar Serj Sarkisyan xuntasına qarşı kütləvi etirazları başlandı. Onlar artıq övladlarının Qarabağda xidmət etmələrinə, işğal olunmuş ərazilərə göndərilmələrinə, öldürülmələrinə, məhv edilmələrinə razı olmayacaqlarını açıq və sərt şəkildə bildirdilər. Erməni ordusunun “mifi” bir andaca yerlə bir olaraq ayaqlar altına sərildi. Ermənilər cəbhədə, işğal olunmuş ərazilərdə daha böyük, daha sarsıdıcı zərbələrə məruz qalacaqlarını, məhvedilmə təhlükəsini yaxşı anladıqları üçün əl-ayağa düşdülər, yenidən atəşkəsə nail olunması üçün bütün vasitələrə əl atdılar”.
E. Səlimov vurğulayıb ki, 4 günlük aprel döyüşlərində atəşkəs razılaşması əldə edilsə də, artıq Azərbaycan dövləti, xalqı və ordusu istəyinə nail olmuş, Ermənistana, erməni işğalçılarına, onların gizli və açıq havadarlarına öz layiq olduqları, haqq etdikləri yeri tanıtmışdı.
Onun sözlərinə görə, aprel döyüşləri ilə bütün dünyaya bəyan edildi ki, artıq Azərbaycan öz torpaqlarının işğalına dözmür və dözməyəcək: “Hər an torpaqlarını istənilən yolla azad etməyə hazır və qadirdir. Onun qarşısında heç bir güc dayana, heç bir əngəl ola bilməz. Qarabağın və ona bitişik işğal altındakı ərazilərin qanuni sahibi Azərbaycandır və kimsənin də bu torpaqlara sahiblənməsinə imkan verə bilməz, imkan verməyəcək. Bu, Aprel döyüşlərinin və zəfərinin ən böyük, və ən ciddi mesajlarından oldu”.
Deputat qeyd edib ki, aylar, illər ötəcək, on illər, yüz illər keçəcək, ancaq Aprel döyüşləri, Aprel zəfəri yaddaşlardan, tarixdən, hərb salnaməsindən silinməyəcək: “Bu döyüşlərdə həlak olan igidlərimiz, övladlarımız, şəhidlərimiz daim anılacaq, yad ediləcək, xatirələri hər zaman əziz tutulacaq. Nə qədər ki, Azərbaycan xalqı və dövləti olacaq, yaşayacaq, şəhidlərimiz, o cümlədən, Aprel şəhidlərimiz bizimlə, ruhən bizlərlə bir olacaq, yaşayacaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB