Berlində ermənilər öz səhvlərini qayçı ilə düzəltdilər

Berlində ermənilər öz səhvlərini qayçı ilə düzəltdilər

Ermənistanın növbəti təxribatının qarşısı alınıb. SİA-nın əldə etdiyi xəbərə görə, təxribat Berlində ənənəvi "Yaşıl həftə" sərgisində baş verib. Belə ki, dünyanın bir çox ölkələrinin iştirak edərək, istehsal etdikləri yeyinti məmulatları, kənd təsərrüfatı mallarını beynəlxalq satış bazarına çıxarmaq imkanı əldə etdikləri sərgidə Ermənistan nümayəndə heyəti "Arsax" adlı konyakı təqdim edib. Həmin içkinin üzərində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan ərazisi kimi göstərilib.

 

Həmin içki üzərində olan şəkilə etiraz olaraq Azərbaycan Respublikasının "Yaşıl həftə" sərgisində iştirak edən nümayəndə heyəti və səfirliyin işçiləri dərhal sərgi təşkilatçılarına öz etirazlarını bildiriblər. Müraciətdən 15-dəqiqədən sonra Ermənistan nümayəndə heyəti həmin içkinin üzərində olan şəkilin Dağlıq Qarabağ və ətrafındakı 7 rayon yerləşən hissəsini redaktə ediblər (qayçı ilə kəsib götürüblər).

 

Qeyd edək ki, iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

 

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə