Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra ilk dəfə olaraq, iki dövlət rəhbəri arasında Qarabağ probleminin həlli ilə bağlı danışıqların baş tutması artıq Azərbaycanın diplomatik qələbəsidir. Nikol Paşinyanın "nizamlama prosesinin formatı dəyişdirilməli, danışıqlar Bakı ilə Xankəndinin arasında getməlidir", iddiasının tamamilə gündəmdən yığışdırılması, Vynada danışıqların bu vaxta qədərki formatda aparılması ölkəmizin diplomatik qələbəsini isbatlayır.
Unutmaq lazım deyil ki, Paşinyan vaxtaşırı, “Məni Qarabağın əhalisi seçmədiyi üçün, onların adından danışa bilmərəm”, tezisini ortaya atsa da, hər dəfə danışıqlarda iştirak edir və hətta yeni format icad etməyə də cəhd edir. Bu isə onun dedikləri ilə birbaşa təzad təşkil edir. Çünki, əgər Paşinyanı Qarabağın erməni əhalisi seçməyibsə və onların adından danışa bilmirsə niyə hər zaman yuyulmamış qaşıq kimi ortaya atılır? Niyə erməni separatçıları tərəfindən işğal olunmuş Azərbaycana məxsus torpaqların Ermənistanın nəzarətində saxlanılması üçün bu ölkənin baş nazir dəridən-qabıqdan çıxır?
Digər tərəfdən, Paşinyandan soruşmaq yerinə düşərdi ki, əgər danışıqlarda Dağlıq Qarabağ tərəf kimi iştirak etməlidirsə, nə əcəb həmin torpaqlar bu vaxta qədər Ermənistanın nəzarəti altındadır, özü də qanunsuz şəkildə? Daha dəqiq desək, Dağlıq Qarabağ müstəqil qərar verməlidirsə, niyə Ermənistan tərəfi, hətta erməni cəmiyyətləri, lobbiləri, diasporları müdaxilələr edir? Təbii ki, Qarabağın müstəqil qərar verməsi, tərəf kimi iştirakı, erməni baş nazirinin "danışa bilmərəm", deməsi bəhanələrdir və danışıqların pozulmasına, yaxud, ən azından uzadılmasına hesablanıb.
Beynəlxalq səviyyədə və beynəlxalq ictimaiyyətin gözü qarşısaında Azərbaycanın diplomatik qələbəsi reallaşdırıldı
Azərbaycan tərəfi hər zaman olduğu kimi yenə də danışıqların aparılmasına, özü də əvvəlki formatda aparılmasına öz qətiyyətini göstərdi və qəti şəkildə bəyan etdi ki, danışıqların formatında dəyişiklik ola bilməz. Əgər Vyanda danışıqların formatında heç bir dəyişiklik olmadısa, ATƏT-in Minsk Qrupu həmsədrlərinin dediyi kimi, "heç bir formar icad etməyə ehtiyac yoxdur", fikri öz təsdiqini tapdısa, bu, ölkəmizin diplomatik qələbəsini xarakterizə edir. Özü də beynəlxalq səviyyədə və beynəlxalq ictimaiyyətin gözü qarşısında bu diplomatik qələbə reallaşdırıldı.
Paşinyan bu vaxta qədər irəli sürdüyü bütün tezisləri, fikirləri, uydurmaları ayaq altına alaraq, əvvəlki formatı qəbul edərək geri çəkilməli oldu. Ermənistanın baş naziri Azərbaycan Prezidenti ilə bir masa arxasında rəsmi Bakının irəli sürdüyü şərtlərlə oturmaq məcburiyyətində qaldı. Danışıqların aparılması üçün yeni format icad etmək istəyən Paşinyanın heç elə bil bu icadından xəbəri də yox idi və məğlubiyyəti ilə barışmalı olduğunu hamıdan yaxşı başa düşdüyü də göz qabağında idi. Məhz təkcə bu fakt özü-özlüyündə Azərbaycanın diplomatik qələbəsidir.
Ölkəmiz tərəfindən qeyd olunduğu kimi, görüşdən əvvəl iki şərt qoyulmuşdu və bu şərtlərin birincisi format dəyişikliyinin yolverilməzliyi, digəri isə danışıqların substantivliyi, yəni nəticəyə yönəlik olması idi. Vyanadakı görüşdən sonra bəlli olur ki, əslində Azərbaycan tərəfinin qoyduğu ikinci şərt də qəbul olunub. Yəni, əgər format dəyişikliyi ləğv olunubsa və bu şərtlər daxilində, bu şərtləri qəbul edərək Ermənistanın baş naziri danışıqlarda iştirak edirsə, danışıqlar baş tutursa, deməli, artıq danışıqlar nəticəyə yönəlik xarakter alır. Daha dəqiq desək ikinci şərtə müvafiq olaraq substantiv xarakter daşımağa başlayır və ölkəmiz tərəfindən qoyulan ikinci şərt də təmin edilib. Sözsüz ki, bu Azərbaycanın tərəfinin, ölkə başçısının hər iki istiqamətdə əldə etdiyi diplomatik qələbəsi deməkdir.
Danışıqlar prosesində artıq yeni mərhələ başlayıb və bu dəfə substantiv qaydada, münaqişənin həllinə yönəlik istiqamətdədir
ATƏT-in Minsk qrupunun həmsədrlərinin erməni baş nazirin format dəyişkənliyi cəhdinə qarşı çıxması və bunu təsdiq edən bəyənatı Paşinyanın aciz durumunu, məğlubiyyətini elə o zamandan da proqnozlaşdırırdı. Vyanadakı görüşdən qabaq ölkəmizin irəli sürdüyü hər iki tələbin, formatın dəyişdirilməməsi və danışıqların substantiv aparılması tələbinin qəbul edilməsi Azərbaycanın dəstəklənməsi və bir sözlə, əvvəlcədən qazanılmış qələbəsi idi.
Vyanda keçirilən görüşdə də ölkə başçımızın beynəlxalq hüquq normaları və beynəlxalq təşkilatların təsdiqlədiyi qətnamələrin tələbləri ilə çıxış etməsi Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərimizdən qeyd-şərtsiz çıxarılması, torpaqlarımızın azad edilməsi tələbidir. Sözsüz ki, bu tələblərdə ölkə başçısı haqlıdır və heç bir beynəlxalq təşkilat, heç bir qurum bu tələbə qarşı çıxa bilməz. Heç qarşı çıxmadı da. Yəni, bir sözlə, bu diplomatik qələbələrimiz sırasına daxildir və məntiqi olaraq erməni tərəfinin şübhəsiz məğlubiyyətidir.
Görüşdən sonra diqloqun davam etdirilməsi barədə anlaşma və bu barədə nazirlərə yaxın gələcəkdə də həmsədrlərlə yenidən görüşmək üçün təlimat verilməsi heç də təsadüfi deyil. Bu sadalananlar ondan xəbər verir ki, danışıqlar prosesində artıq yeni mərhələ başlayıb və bu dəfə substantiv qaydada, münaqişənin həllinə yönəlik istiqamətdədir. Bu isə Azərbaycanın qeyd olunan uğurları içərisində ən böyük uğuru və ən böyük qələbəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB