REAL-a qarşı müxalifətdaxili hücumlar hansı səbəbdən yaranıb? QARŞIDURMA
Vəziyyət şiddətlənməkdə davam edir
Müxalifətin yeniləşməsi və irəli gedə bilməsi üçün 90-ların siyasətçilərindən, eləcə də düşüncə tərzlərindən birdəfəlik qurtulmağın vacib olduğunu deyən REAL partiyasının məclis üzvü Azər Qasımlı məhz ittiham etdiyi köhnə təfəkkürlü müxalifətçilər tərəfindən hücumlara məruz qalmaqdadır.
ADP: “REAL-çılar özlərini güclü hesab edirlərsə, buyurub köhnələri sıradan çıxarsınlar”
Belə ki, Qasımlının sözlərinə qarşı ilk olaraq, ADP sədri Sərdar Cəlaloğlu çıxıb. Partiya sədrinin sözlərinə görə, 1990-cı ildə çıxan siyasətçilər “istiqlalçılardırlar” və onların siyasi arenadan silinmələri üçün REAL funksionerinin verdiyi təklif süni şəkildə ortaya atılıb. Məsələ ilə bağlı mətbuata açıqlamasında “unudurlar ki, sözdə ”sən siyasətdən get, mən gəlim" deməklə iş olmur”, açıqlaması verən Cəlaloğlu əlavə edib ki, əgər REAL-çılar özlərini güclü hesab edirlərsə, buyurub köhnələri sıradan çıxarsınlar: “ Sən güclüsənsə, xalqı öz arxanca apara bilənsənsə öz siyasi mübarizəni apar və təbii proses olaraq gəl bizi sıradan çıxar. Sən özün ortaya ciddi mübarizə qoya, özünü qəbul etdirə bilmirsənsə, hansı məntiqlə 90-ların siyasətçilərinə “sən get mən gəlim” deyirsən?!”
Sərdar Cəlaloğlu REAL-çıları dələduz adlandırdı
“Sən demirsən ki, 1990-cı illərin siyasətçiləri köhnəlib? Yaxşı, sən təzəsən, irəli çıx özünü göstər və mənə qalib gəl”, bildirən ADP sədri hətta A.Qasımlıya meydan da oxuyub: “Amerikada təhsil almısan, Amerikanın sənə verdiyi ağılla mənə qalib gəl. Yoxsa, sən özün heç nə etmə, heç bir mübarizə aparma, sonra da çıx mənə “sən get, biz gələk” tələbini ortaya qoy... Xeyir ola?! Niyə getməliyəm?! Mən meydanı, xalqı verməliyəm sənin kimi dil pəhləvanının, dələduzların əlinə ki, öz bildiyini edəsən?! Siyasət mübarizə meydanıdırsa, bu nə deməkdir ki, sən illərin siyasətçilərinə deyirsən ki, mən səndən önə keçə bilmirəm, sən kənara çəkil. Sən ona görə qalib gələ, önə keçə bilmirsən ki, sən özün guya yeni siyasi qüvvə olsan da sənin ideyaların köhnədir, bu xalqa lazım deyil. Xalq ağı qaradan yaxşı seçə bilir. Baxıb görür ki, sənin dediyin sözlər, sənin yanaşman onun milli maraqlarına uyğun deyil. Odur ki, 1990-cı illərin siyasətçiləri getsin kimi fikirlər hamısı cəfəng sayıqlamalardan başqa şey deyil".
AXP, Müsavat və AXCP də REAL-a qarşı hücuma start verib
Maraqlıdır ki, ADP sədrinin REAL səlahiyyətlisini ittiham etməsinə AXP sədri Pənah Hüseyn də dəstək göstərib və eyni zamanda, bildirib ki, bu məsələni ortaya atmaq zamanı deyil. Hətta qeyd edib ki, bu cür məsələlər gündəmdə aktual sayıla bilməz.
Digər ənənəvi müxalifət partiya sədrləri də REAL-a qarşı hücumlara başlayıblar. Xüsusilə, AXCP və Müsavat tərəfdarları sədrlərin təlimatları ilə sosial şəbəkələrdə REAL-a qarşı söyüş kampaniyalarına start veriblər. Sadəcə, ideya irəli sürən REAL-çının iddiasına qarşı belə bir radikal mövqenin bildirilməsi həm də belə düşünməyə zəmin yaradır ki, ənənəvi və radikal təmayüllü müxalifətçilər həqiqətən də köhnəldiklərinin fərqinə varmağa başlayıblar. Ancaq göründüyü kimi, heç vaxt reallığı dərk edə bilməyənlər bu dəfə də öz köhnə şakərlərinə qalmaqda davam edirlər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB