"Prezidentin addımı dünya üçün bir nümunədir" ÖZƏL-ŞƏRH

"Prezidentin addımı dünya üçün bir nümunədir" ÖZƏL-ŞƏRH

"Son bir neçə ay ərzində Azərbaycan Prezidenti tərəfindən imzalanan fərman və sərəncamların hər birinin arxasında Azərbaycan vətəndaşının həyat şəraitinin daha da yaxşılaşdırılması, sosial problemlərinin həlli dayanır. Bütün bunlar Azərbaycanda dövlət və xalq birliyinin bariz nümunəsidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Deputatın sözlərinə görə, bu, Azərbaycanda dövlətin, dövlət başçısının hər bir vətəndaşına diqqətinin və qayğısının bariz nümunəsidir: "Bir neçə gün bundan əvvəl “Diqlas” ticarət mərkəzində baş verən yanğından sonra da Prezidentin qısa zamanda hərəkətə keçməsi və bununla bağlı verdiyi tapşırıqlar, sərəncam onu göstərir ki, hətta dövlətə aidiyyəti olmayan məsələlərdə belə yenə də öz vətəndaşının və bu sahə ilə bağlı əlaqədar qurumların yanındadır. Aydın məsələdir ki, “Diqlas” ticarət mərkəzi özəl müəssisədir. Burada işləyən və işəgötürən də hər birinin qarşılıqlı əmək münasibətləri müəyyən qanunlarla tənzimlənir. Yəni bu birbaşa dövlətin müəssisəsi deyil. Dövlət əslində orada baş verən yanğında orada ödəniləcək yardıma cavabdeh deyil. Bu məsələ işəgötürənlə işçi arasında tənzimlənir. Amma buna baxmayaraq dövlət yenə də bu böyük yükü öz üzərinə götürdü. Burada sadəcə yanğına məruz qalan vətəndaş deyil, eyni zamanda sahibkarların özü də bir şəkildə bu tapşırıqlar, sərəncamlar sayəsində qorundular. Mən deyərdim ki, bu analoqsuz bir addımdır. Çünki dünyanın heç bir yerində özəl sektorda baş verən hadisə ilə bağlı dövlət bu şəkildə hərəkətə keçmir. Bu böyük bir nümunədir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə