Bu gün AŞPA-nın qış sessiyası öz işinə başlayacaq

Bu gün AŞPA-nın qış sessiyası öz işinə başlayacaq
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlayacaq. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov, Fəzail İbrahimli, Elxan Süleymanov, Sahibə Qafarova və Fazil Mustafa daxildirlər.
Sessiyada Azərbaycanda keçirilmiş son parlament seçkilərinin müşahidəsi barədə məruzə dinləniləcək, Assambleya prezidentinin seçilməsi, insanlarla qeyri-insani davranış və Kosovada insan orqanları ilə qanunsuz alver, Avropa Şurasında islahatlardan sonra atılacaq addımlar, İnsan Haqlarına dair Avropa Məhkəməsi qərarlarının yerinə yetirilməsi, təşkilata üzv dövlətlərdə sağlamlıq siyasəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İclaslarda deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Qeyd edək ki, sessiya yanvarın 28-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə