"İnanırıq ki, yeni prezident Nazarbayevin siyasətini davam etdirəcək"

"İnanırıq ki, yeni prezident Nazarbayevin siyasətini davam etdirəcək"

“Bu günlərdə Azərbaycana dost olan Qazaxıstana uzun müddət rəhbərlik edən Nursultan Nazarbayev istefa verdi. Həmin şəxs Azərbaycanın böyük dostu, türk dünyasının böyük şəxsiyyəti kimi tanınır. Onun apardığı gərgin və zəngin fəaliyyət nəticəsində dünyada Qazaxıstan kimi nüfuzlu və möhkəm türkdilli dövlət formalaşıb”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, Qazaxıstan təkcə post sovet məkanında deyil, regionda və dünyada nüfuzlu dövlətə çevrilib.

Nursultan Nazarbayevin Azərbaycanla dostluğa xüsusi diqqət etdiyini deyən A. Mirzəzadə söyləyib ki, o, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı hərtərəfli müdafiə edirdi: “Buna görə də Azərbaycan cəmiyyəti, xalqı ona Azərbaycanın böyük dostu kimi qiymətləndirir, onun fəaliyyətini Qazaxıstan-Azərbaycan əlaqələrinin möhkəmlənməsində, türk dünyasının güclənməsində böyük fəaliyyət hesab edi”.

Deputat qeyd edib ki, eyni zamanda yeni prezident Qasım Comərd Tokayev də Azərbaycanın dostu kimi tanınır: “Biz inanırıq ki, o ilk səfərlərindən birini Azərbaycana edəcək. Gözləyirik ki, Azərbaycan parlamentində Qazaxıstan-Azərbaycan əlaqələri ilə bağlı çıxış da edəcək. Ona uğurlar arzu edir, inanırıq ki, yeni prezidentlik dövründə Nazarbayevin Azərbaycan, türk dünyası ilə bağlı apardığı, ümumiyyətlə dünyada sülh və əmin-amanlığın güclənməsi ilə bağlı siyasətini davam etdirəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə