Dost Ukrayna, işğalçı Ermənistan və güclü Azərbaycan TƏHLİL

Dost Ukrayna, işğalçı Ermənistan və güclü Azərbaycan TƏHLİL

Ermənilərin boş haray-şivənləri sadəcə, erməni həyasızlığının bariz göstəricisidir

Ukraynanın xarici işlər nazirliyinin öz vətəndaşlarını Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməmələri ilə bağlı verdiyi bəyanatın ardınca, Ermənistan tərəfi ciddi təlaş keçirməyə başlayıb. SİA xəbər verir ki, artıq bu ölkənin bir sıra saytları sözügedən məsələ ilə bağlı narahatlıqlarını gizlədə bilmirlər. Misal üçün, armenianreport saytı Ukrayna XİN-nin qərarını “diplomatik təxribat” adlandırır ki, bu da ermənilərin həmin qərardan nə qədər kəskin əndişə hissləri keçirdiyini açıq-aydın göstərir.

Ukrayna XİN-nin bəlli qərarı tam yerində və zamanında atılmış addımdır!

Lakin buna qədər xatırlada bilərik ki, məhz Ermənistanda martın 29-da “Krımın Rusiya ilə birləşməsinin beşinci ildönümü” adı altında tədbir keçiriləcək, o cümlədən, Krımın rəhbərliyi də həmin tədbirə dəvət alıb. Baxmayaraq ki, Ermənistan XİN Krımın rəhbəri Georgi Muradovu sözügedən tədbirə rəsmi şəkildə dəvət etmədiyini desə də, fakt budur ki, həmin şəxs bu tədbirə qatılacaq.

Məhz bu faktın özü artıq sübut edir ki, işğalçılıq siyasəti aparan Ermənistan üçün həmin siyasətə dəstək verənlər eyni maraqları – işğalçılıq faktorunu bölüşür. Əbəs deyil ki, sözügedən tədbirə Grücüstandan işığal olunmuş Cənubi Osetiya, Abxaziya nümayəndələri, habelə, Ukraynada separatçılıq müharibəsi aparan “DXR” (Donetsk) “LNR” (Liqansk) kimi qondarma respublikaların təmsilçiləri də qatılacaqlar.

Belə olan halda, Ukrayna XİN-nin bəlli qərarı tam yerində və zamanında atılmış addımdır ki, bu addım işğalçı Ermənistanı necə deyərlər, yerində otuzdurub.

Qanunları pozan ukraynalı vətəndaşlar olacaqsa, onlar bilavasitə Azərbaycanın qanunları çərçivəsində cəzalandırılacaqlar

Onu da xatırlatmaq olar ki, Ukrayna XİN-nin bəyanatında bu ölkənin vətəndaşlarına qəti (!) olaraq Dağlıq Qarabağa və Azərbaycanın işğal edilmiş yeddi rayonuna getmək qadağası qoyulub. Digər məsələ isə, ukraynalı vətəndaşların bu səfərləri gerçəkləşdirmələri üçün, bilavasitə Azərbaycan dövlətindən rəsmi icazə almaları ilə bağlı tələbdir. Bu, bir daha sübut edir ki, Azərbaycanın ərazi bütövlüyü tam təmin edilməyincəyə qədər heç bir Ukrayna vətəndaşı işğal altındakı torpaqlarımıza səfər edə bilməyəcək. Məhz bu amil, erməniləri sözün əsl mənasında çaş-baş qoyub. Daha dəqiq desək, diplomatik məğlubiyyətin növbəti mərhələsini yaşayan ermənilər açıq-aşkar başlarını itiriblər.

Yeri gəlmişkən, verilən qərarda o da vurğulanır ki, əgər bu qanunları pozan ukraynalı vətəndaşlar olacaqsa, onlar bilavasitə Azərbaycanın qanunları çərçivəsində cəzalandırılacaqlar.

Növbədə GUAM-ın da qərarı ola bilər...

Yuxarıda adı çəkilən erməni saytı həmçinin yazır ki, belə davam edərsə, mövcud sənəd GUAM çərçivəsində də qəbul edilə bilər və artıq ehtimallar da buna doğru inkişaf edir. “Belə olarsa, həmin məsələ daha yüksək səviyyədə qaldırılacaq”, deyə erməni saytı yazır.

Beləliklə, erməni müəllif Azərbaycanın siyasi və diplomatik gücünü dolayısı ilə etiraf edir, o cümlədən, gerçəkliyi həyasızcasına “təxribat” adlandıraraq, qarşı tərəfin, yəni Azərbaycan dövlətinin daha sərt addımlara gedəcəyini yazır. Hətta iddia olunur ki, belə şəraitdə Yerevan Bakı ilə danışıqlardan rəsmi şəkildə imtina etməlidir və s. “Lakin bu qərar verilmədi. Ümid edək ki, həmin səhvin nəticələri fatal olmayacaq”, deyə erməni müəllif daxilindəki aşkar həyasızlığını gizlətməyib.

Fatal nəticələr total nəticələrə də səbəb ola bilər – ermənilər üçün...

Bütün bunlardan həm də belə qənaətə gəlmək olar ki, danışıqlar prosesində Ermənistan tərəfi öz işğalçılıq ambisiyalarından geri çəkilməsə, əslində, erməni müəllifin ehtiyat elədiyi məsələ onlar üçün fatal, hətta total nəticələrə səbəb ola biləcək. Daha dəqiq desək, dünya birliyi, konvensiya və qanunlar, BMT və digər nüfuzlu təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr işğal olunmuş ərazilərimizi ölkəmizin tərkib hissəsi kimi tanıdığı üçün, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün onsuz da ayaqda qala bilməyən Ermənistanı qarşısında diz çökdürəcək. Bu baxımdan, ermənilərin boş haray-şivənləri sadəcə, bir erməni həyasızlığının bariz göstəricisidir. Onlar nə qədər həyasızlıq göstərəcəklərsə, bir o qədər də ciddi zərbələr almaqda davam edəcəklər. Bu baxımdan, dost Ukrayna dövlətinə qəbul edilən qərarına görə sonsuz təşəkkürlər düşür!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə