Gürcü ekspert: “Kim daha yaxşı təkliflər verərsə, Rusiya-Ermənistan qaz kəməri də ona satılacaq”

Gürcü ekspert: “Kim daha yaxşı təkliflər verərsə, Rusiya-Ermənistan qaz kəməri də ona satılacaq”

"Rusiya-Ermənistan təbii qaz boru kəmərinin satılması bir kommersiya işidir və daha yaxşı təkliflər verən kəməri alacaq". SİA-nın məlumatına görə, bu sözləri gürcü ekspert Paata Zakareşvili Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ermənistana səfərini dəyərləndirərkən deyib.

 

Qeyd edək ki, bu gün M.Saakaşvilinin Ermənistana ikigünlük işgüzar səfəri başlayır. Bu Saakaşvilinin 2011-ci ildə birinci səfəridir.

 

Gürcüstanın kəməri satmaqda maraqlı olduğunu söyləyən P.Zakareşvili bildirib ki, sözügedən səfərdə bu məsələnin müzakirə olunacağı gözlənilir. Ekspert həmçinin bildirib ki, gürcü prezident erməni həmkarına bu məsələnin sadəcə reklam olduğuna inandırmağa çalışacaq: "Gürcüstün başa düşüb ki, ilk olaraq Cənubi Qafqazdakı ölkələr arasında münasibətlər yaxşılaşdırılmalıdır. Saakaşvili buna görə də, Cənubi Qafqazdakı fəaliyyətini gücləndirib".

 

Azərbaycan da Rusiya-Ermənistan qaz kəmərini almaqda maraqlı olduğunu bildirib. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiya-Ermənistan qaz kəmərinin Gürcüstan hissəsinin özəlləşdirilməsi ilə bağlı işləri davam etdirir. ARDNŞ prezidenti Rövnəq Abdullayev bir müddət əvvəl jurnalistlərə açıqlamasında Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin bununla bağlı Gürcüstan hökuməti və Gürcüstanın Qaz Korporasiyası ilə danışıqlar apardığını bildirib. R.Abdullayev söyləyib ki, Azərbaycan tərəfi bu kəmərdən öz qazının Qara dəniz sahillərinə çıxarılması üçün istifadə etmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə