"Ermənilər konstruktiv mövqe göstərməyəcəklər" ÖZƏL-ŞƏRH

"Ermənilər konstruktiv mövqe göstərməyəcəklər" ÖZƏL-ŞƏRH

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub. Təbii ki, burada Azərbaycanın mövqeyi məlumdur". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, rəsmi Bakı birmənalı olaraq öz mövqeyini ortaya qoyub ki, işğalçı dövlət Azərbaycan ərazilərindən çıxmalıdır, ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır, qaçqın və məcburi köçkünlər öz doğma yuvalarına qayıtmalıdırlar: "Ancaq Ermənistanın bundan əvvəlki və hal-hazırdakı rəhbərliyinin fikirləri isə tamamilə bunun əksinədir. Yəni Ermənistan rəsmilərinin müxtəlif vaxtlarda verdiyi bəyanatlardan belə məlum olur ki, onların belə bir fikri yoxdur. Onlar erməni xəstəliyi, xülyası olan “Böyük Ermənistan” yaratmaq ideyasını həyata keçirmək məqsədilə Azərbaycan torpaqlarını işğaldan azad etmək fikrində deyillər və bu torpaqları nə vaxtsa Ermənistana birləşdirmək fikrindədirlər. Yən bu tərəflərin mövqeyidir.

Uzun illər ərzində olan danışıqlarda həmişə riyakar, qeyri-səmimi olan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri də pərdəarxası hər zaman Ermənistanın mövqeyini müdafiə ediblər. Yəni onların fikri ancaq budur ki, güc tətbiq olunmasın, müharibə olmasın və problemlər sülh danışıqları yolu ilə həll olunsun. Bu addımlar bir növ ermənilərin xeyrinə işləyir. Artıq 30 ilə yaxındır ki, Azərbaycan torpaqları işğal altındadır. Ermənistanla həmsədr dövlətlərin çalışdıqları ondan ibarətdir ki, bu status-kvo elə-belə qorunub saxlanılsın, ermənilər orada qeyri-qanuni məskunlaşmaları günü-gündən artırsınlar, orada daha da möhkəmlənsinlər və s. Hesab edirəm ki, bu danışıqlarda da ermənilər konstruktiv mövqe göstərməyəcəklər və bu danışıqlar problemin həlli üçün heç bir nəticə verməyəcək. Sadəcə olaraq ermənilər bicliklə, hiyləgərliklə və həmsədrlər də onlarla bərabər müəyyən fikirlər işlədəcəklər. Təbii ki, bunların hamısı da vaxtın uzadılmasına xidmət edir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə