Bu gün Azərbaycan-Türkiyə ticari-iqtisadi hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək

Bu gün Azərbaycan-Türkiyə ticari-iqtisadi hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək

Bu gün Azərbaycan-Türkiyə ticari-iqtisadi hökumətlərarası komissiyanın altıncı iclası keçiriləcək. SİA-nın xəbərinə görə, iclasda iki dövlət arasında ticarət və iqtisadiyyat sahəsində olan əməkdaşlığın genişləndirməsi və energetika sahəsində yeni sazişlərin imzalanması müzakirə olunacaq. Eyni zamanda iclasdan sonra iki ölkə arasında mineral ehtiyatların kəşfiyyat və tədqiqi sahəsində protokolun imzalanacağı gözlənilir.

 

Azərbaycan-Türkiyə ticari-iqtisadi hökumətlərarası komissiyasına Azərbaycan tərəfdən baş nazirin birinci müavini Abid Şərifov, qarşı tərəfdən isə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız rəhbərlik edir. Komissiyanın tərkibinə müdafiə sənayesi, sənaye və energetika, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və turizm, rabitə və informasiya texnologiyalari, gənclər və idman nazirləri, Naxçivan MR-nın baş naziri, Milli Bankın idarə heyətinin sədri, maliyyə, iqtisadi inkişaf, xarici işlər, vergilər nazirlərinin müavinləri, gömrük komitəsinin, xaricdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət komitəsinin sədri, ticarət-sənaye palatasının prezidenti, Azərbaycanın Türkiyədəki səfiri və nazirlər kabineti aparatının xarici iqtisadi məsələlər şöbəsinin müdiri daxildir.

 

Artıq iclasda iştirak etmək üçün Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Bakıdadır. Türkiyəli naziri səfər zamani "Türk petrolları" milli neft şirkətinin və "Botaş" şirkətinin başçıları müşahidə edəcək. Türkiyə xəzinədarlığının 2010-cu il sentyabrın sonuna olan statistik məlumatlarına görə, Azərbaycanda Türkiyə investisiyalari 3,825 milyard dollara çatıb. Onların 3,573 milyard dolları Azərbaycanın energetika sektoruna qoyulub. Azərbaycanın bank sektoruna isə 17,588 milyon dollar investisiya yatırılıb. 2010-cu ilin doqquz ayı ərzində Türkiyə investorları Azərbaycan iqtisadiyyatına 3,971 milyon dollar sərmayə qoyublar, eləcə də üç türk şirkəti yaradılıb. Səfər zamanı türkiyəli nazirin həmçinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü də nəzərdə tutulub.

 

Qeyd edək ki, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə hökumətlərarası komissiyası 1996-ci ildə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə