2011-ci il yanvarın 20-də Berlində qida məhsulları və kənd təsərrüfatı üzrə dünyanın ən böyük sərgisi olan növbəti "Beynəlxalq Yaşıl Həftə"nin açılışı olub.
SİA-nın məlumatına görə, artıq 4-cü ildir ki, Azərbaycan da "Beynəlxalq Yaşıl Həftə"də iştirak edir və bu il ölkəmiz beynəlxalq sərgidə 35 şirkət və bu şirkətlərin müxtəlif adda məhsulları ilə təmsil olunur. Tədbir başlanan günün səhəri-yanvarın 21-də sərgi çərçivəsində Azərbaycan Respublikasının (AR) pavilyonunun açılışı olub. Açılışdan sonra Almaniya Federativ Respublikasının ərzaq, kənd təsərrüfatı və istehlakçıların hüquqlarının müdafiəsi üzrə federal naziri xanım İlse Aygner (Ilse Aigner) Azərbaycan pavilyonunu Berlin şəhərinin meri Klaus Voverayt (Klaus Wowereit) və "Beynəlxalq Yaşıl Həftə"nin də keçirildiyi Berlin sərgi kompleksinin sədri Raymund Hoş (Raimund Hosch) ilə birlikdə ziyarət ediblər.
Pavilyonun açılışından sonra Azərbaycanın AFR-dəki səfirliyinin, Şərqi və Mərkəzi Avropa Birliyinin və Almaniya-Azərbaycan İqtisadi Birliyinin birgə təşkilatçılığı və AR İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə "Azərbaycanda kənd təsərrüfatının vəziyyəti və inkişaf perspektivləri, kənd təsərrüfatı məhsullarının hazırlanması" mövzusunda iqtisadi forum keçirilib. Forumda 70-dən artıq alman şirkəti iştirak edib. Tədbirdə nitq söyləyən AR-ın AFR-dəki səfiri P.Şahbazov Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ilin fevral ayında AFR-ə səfərinin və səfər zamanı AFR Kansleri xanım Angela Merkel ilə keçirdiyi görüşün iki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyat və kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına yeni bir dinamika gətirdiyini bildirıb və bu dinamikanı konkret rəqəmlərlə iştirakçıların diqqətinə çatdırıb.
Səfir AR-ın "Beynəlxalq Yaşıl Həftə" sərgisində iştirak etdiyini, Almaniyada keçirilən "BioFach" və "Anuga" kimi digər beynəlxalq əhəmiyyətli sərgilərdə də iştirakı nəzərdə tutduğunu qeyd edərək, bunun eyni zamanda iki ölkə arasında əməkdaşlığın genişlənməsinə xidmət etdiyini deyd edib. Tədbirdə daha sonra Azərbaycanın kənd təsərrüfatı naziri İ.Abbasov çıxış edib. O, Azərbaycan Respublikasının müstəqil siyasət həyata keçirdiyini diqqətə çatdıraraq, digər sahələrlə yanaşı kənd təsərrüfatının da inkişaf etdiyini bildirib.
Nazir dünyada ərzaq təhlükəsizliyinin təmin olunmasının aktual məsələ olduğunu vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətdən bəhs edib, ölkədə müvafiq dövlət proqramının qəbul və icra edildiyini forum iştirakçılarının nəzərinə çatdırıb və ümumiyyətlə ölkə başçısının kənd təsərrüfatına göstərdiyi xüsusi diqqətdən danışıb. Nazir ölkədə kənd təsərrüfatı sahəsinin inkişafı üçün dövlətin fermərlərə göstərdiyi hərtərəfli dəstək haqqında məlumat verib. O, kənd təsərrüfatı sahəsində AR və AFR arasındakı uğurlu və səmərəli əməkdaşlığı diqqətə çatdıraraq, xüsusilə elmi kadrların hazırlanması sahəsində faydalı işbirliyinin əhəmiyyətini önə çəkmiş və alman şirkətlərini Azərbaycana dəvət edib. Sonra forumda AR iqtisadi inkişaf nazirinin müavini N.Səfərov çıxış edərək, ölkədə həyata keçirilmiş uğurlu islahatlar nəticəsində iqtisadiyyatın davamlı şəkildə inkişaf etdiyini, makroiqtisadi sabitliyin təmin edildiyini vurğulayıb. O, Azərbaycanda bazar iqtisadiyyatının formalaşdığını və inkişaf etdiyini, ölkəmizin etibarlı tərəfdaş olduğunu forum iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavini, hökumətin əsas prioritetinin qeyri-neft sektorunun inkişafını təmin etmək olduğunu vurğulayaraq, bu gün Azərbaycanda 100-dən artıq alman şirkətinin fəaliyyət göstərdiyini qeyd edib. Bu istiqamətdə alman şirkətləri ilə əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib.
Tədbirdə çıxış edən Almaniya Federativ Respublikasının ərzaq, kənd təsərrüfatı və istehlakçıların hüqualarının müdafiəsi üzrə federal nazirliyinin şöbə müdiri Herman Şlöder (Hermann Schlöder) bildirib ki, Azərbaycan, o cümlədən də ölkənin kənd təsərrüfatı dinamik şəkildə inkişaf edir və Azərbaycana səfərləri zamanı onlar bu dinamikadan çox təsirlənmişlər. O, daha sonra əmin olduğunu bildirdi ki, keyfiyyət göstəricilərinə görə Azərbaycanda istehsal edilmiş məhsullar Almaniya bazarına çıxa bilər. O, habelə kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiq edilməsinin vacibliyinə, ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yönəltmişdir. H.Şlöder müvafiq şirkətlər arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi baxımından bu cür iqtisadi forumların əhəmiyyətini yüksək qiymətləndirdiyini bildirib.
Forumda daha sonra "Azərbaycanda investisiya mühiti və ikitərəfli əməkdaşlıq üçün imkanlar" mövzusunda AZPROMO-nun prezidenti Adil Məmmədov, "Azərbaycanda alman müəssisələri və Almaniyada Azərbaycan müəssisələri-gələcək üçün potensial" mövzusunda Almaniya-Azərbaycan İqtisadi Birliyinin rəhbəri Florian Şröder (Florian Schröder), "Claas şirkətinin Azərbaycandakı təcrübəsi" mövzusunda şirkətin MDB və Çin üzrə əməliyyatlarının rəhbəri Diter Döringer (Dieter Döringer), "Azərbaycanın kənd təsərrüfatının inkişaf potensialı" mövzusunda isə "İAK AGRAR Consulting GmbH" şirkətinin rəhbəri Dithard Rudert çıxış ediblər.
"Beynəlxalq Yaşıl Həftə" sərgisi yanvarın 30-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB