İsmayıl Ağayev: “İranlı din xadimləri və siyasətçilərin bəyanatları Azərbaycanın uğurlarından doğan narahatlıqdır” - MÖVQE
Son zamanlar müxtəlif xarici dairələr Azərbaycanda sabitliyi pozmaq, ölkəmizdə guya dini azadlıqların sıxışdırıldığı haqqında rəy formalaşdırmaq, dindarlarla dövlət arasında ziddiyyət yaratmaq, radikal dindarları fəallaşdırmaq məqsədilə tədbirlər həyata keçirməyə cəhd göstərirlər. Təəssüf doğurucu haldır ki, özümüzə dost hesab etdiyimiz qonşu müsəlman ölkəsi İran da Azərbaycanda baş verən dini prosesləri istiqamətləndirməyə və bu prosesləri öz maraqlarına uyğun şəkildə qiymətləndirməyə çalışır. Buna nümunə olaraq iranlı millət vəkili Həmid Rassayinin açıqlamasını göstərmək olar. O rəsmi Bakının orta məktəblərdə hicabı qadağan etməsində yəhudi lobbisinin barmağı olduğunu bildirib və Azərbaycanın sionistlərə boyun əydiyini deyib. Millət vəkili Azərbaycanın hər zaman bu lobbilərin arzu və təlimatlarına görə hərəkət etdiyini vurğulayıb. "Təhsil ocaqlarında hicabın qadağan edilməsi ABŞ və sionist lobbilərinin arzusudur, çünki islami örtünmə ABŞ və İsrailin maraqlarını təhlükəyə atar".
İranlı din xadimləri, həmçinin ayrı-ayrı siyasətçilərin qərəzli fikirlərini mütəmadi olaraq eşitsək də son günlər bu məzmunlu bəyanatların daha da çoxaldığını demək olar. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın tanınmış ictimaiyyət nümayəndələri, ziyalıları, o cümlədən sıravi vətəndaşları qəzəbləndirməyə bilməz. SİA-ya açıqlamasında Beynəlxalq Diaspor Mərkəzinin direktoru İsmayıl Ağayev zaman-zaman iranlı din xadimləri, həmçinin ayrı-ayrı siyasətçilərin qərəzli bəyanatlarının şahidi olduqlarını bildirib.
İranın "Səhər" telekanalda bir müddət əvvəl azərbaycanlıların "tarakan" adlandırıldığını xatırladan İ.Ağayev bildirib ki, son günlər iranlı din xadimləri və siyasətçilər Azərbaycanla bağlı səsləndirdiyi fikirlər ölkəmizin daxili işlərinə qarışmaq kimi qiymətləndirilməlidir: "Azərbaycanda dini etiqad və vicdan azadlığına təminat verilməməsi, beynəlxalq standartlara uyğun mövcud qanunvericilik çərçivəsində dini fəaliyyətə məhdudiyyətlərin tətbiq olunması ilə bağlı deyilənlər qərəzlidir və həqiqətə uyğun deyil. Təbii ki, bu bəyanatlar Azərbaycanın güclənməsindən doğan narahatlıqdır. Azərbaycan bütün sahələr üzrə inkişaf edir, uğurlar qazanır. Azərbaycanın Qafqazın ən güclü dövlətinə çevrilməsini həzm edə bilməyən iranlı din xadimləri və siyasətçiləri qərəz və böhtan dolu bəyanatlarla uğurlarımıza kölgə salmağa cəhd edirlər".
Beynəlxalq Diaspor Mərkəzinin direktoru bildirib ki, İranın azərbaycanlılardan fərqli olaraq sayı çox az olan ermənilərə baxışı da rəsmi Tehranın iç üzünü göstərir: "Sayı 100 min olan erməni üçün 100-lərlə məktəb, mətbu orqan fəaliyyət göstərir. 30 milyonluq azərbaycanlı isə ən adi insan hüquqlarından məhrumdur. İran din pərdə altında insan hüquq və azadlıqlarını kobud şəkildə pozur. İlk olaraq özlərinə baxsınlar, ölkələrində hüquq və azadlıqlarla bağlı vəziyyəti qiymətləndirsinlər, daha sonra başqalarına qiymət versinlər".
İ.Ağayev bildirib ki, iki ölkə münasibətlərinin pozulmasını istəyən iranlı din xadimləri və siyasətçilərin sayı kifayət qədər olsa da, İranın mütərəqqi fikirli insanları da var və o, onların vəziyyəti gərginləşdirilməsinə yol verməcəyinə əmindir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB