Sevil Yusifova: “Müayinələr zamanı jurnalistlərdə ən çox mədə - bağırsaq problemləri üzə çıxıb”- AÇIQLAMA

Sevil Yusifova: “Müayinələr zamanı jurnalistlərdə ən çox mədə - bağırsaq problemləri üzə çıxıb”- AÇIQLAMA
Jurnalistlər üçün nəzərdə tutulan pulsuz müayinələrin başa çatmasına bir həftə qalıb. Bu barədə SİA-ya layihənin təşkilatçısı Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) prezidenti Sevil Yusifova açıqlamasında deyib. O bildirib ki, ötən ilin 20 dekabr tarixində başlanan layihə uğurla davam etməkdədir. Onun sözlərinə görə, sevindirici hal ondan ibarətdir ki, biz bu vasitə ilə jurnalistləri müayinələrə cəlb edə bildik: "Hətta jurnalistlər bizim müayinələrdən əlavə digər müayinələrdən güzəştli şərtlərlə keçə biliblər. Jurnalistlərin sağlamlığı vacibdir. Prezident İlham Əliyevin söylədiyi kimi jurnalistlər yaxşı yaşamalıdır. Əgər biz də bu işdə bir damla da olsa iş görə bildiksə və bu bir ay müddətində onların sağlamlıqlarının qayğısına qala bildiksə, bu çox sevindirici haldır".

Layihə çərçivəsində baş verən mənfiliklərə də toxunan qurum rəhbəri bildirib ki, jurnalistlərin ən mənfi tərəfi ondan ibarətdir ki, bir aydan çox davam edən layihənin yalnız son həftəsində aktivləşirlər: " Baxmayaraq ki, layihə bir aydır ki, davam edir. Yalnız indi bu müayinələrə böyük axın başlayıb. Hətta müayinələrin keçirildiyi mərkəzdə iki diaqnostika mərkəzi bu işə cəlb olunub. Müayinələr zamanı jurnalistlərdə ən çox mədə - bağırsaq problemləri üzə çıxıb, digər xəstəliklər az hallarda aşkarlanıb. Bu səbəbdən də jurnalistlər öz mədə-bağırsaq sistemlərinə ciddi fikir verməlidirlər. Ona görə ki, bu xəstəlik digər orqanlara da təsir göstərir".

S. Yusifova qeyd edib ki, müayinələr siyahı əsasında aparılsa da siyahıdan kənar gələn jurnalistlərə də rast gəlmək mümkündür. O vurğulayıb ki, hətta müayinə zamanı əvvəlcə etiraz edib, sonradan qoşulan mətbu orqanları da olub: "Bu işlər davamlı olacaq. Amma işimizi həmin şirkətlə deyil, digər klinikayla davam etdirməyi planlaşdırırıq. Bundan əlavə biz qaydalarda da dəyişiklik edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə