Misir səfiri ADU-da olub

Yanvarın 21-də ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri, Sabir Əbdülqadir Mənsuru qəbul edib. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Qonağı salamlayan rektor bir müddət əvvəl ADU-da keçirilən ərəb ölkələrinin səfirləri ilə görüşdən çəkilmiş şəkli səfirə təqdim etdi. Səməd Seyidov yeni tədris ilindən 10 azərbaycanlı tələbənin ADU-da ərəbşünaslıq ixtisası üzrə təhsil alacağını diqqətə çatdırdı. Ərəbşünaslıq ixtisasının 2011-2012-ci dərs ilindən tədris olmasını məqsədəuyğun hesab etdiyini bildirdi. Rektor gələcəkdə Ərəb filologiyası ixtisasının açılması və bu sahədə mütəxəssislərin hazırlanması barədə də fikirlərini dilə gətirdi.

Sabir Əbdülqadir Mənsur ərəb dili, mədəniyyətinin tanıdılması üçün məşhur alimlərin əsərlərinin Azərbaycan dilinə tərcüməsi və bu sahədə aparılan işlərin vacibliyindən danışdı. O, bildirdi ki, ikitərəfli münasibətlərin inkişafında elm və təhsil sahəsində əməkdaşlığın xüsusi rol oynadığı danılmazdır və universitetə bu sahədə dəstək verməyə hazır olduqlarını vurğuladı. Bu baxımdan tərəflər Ərəb mərkəzinin müxtəlif lazımi elmi-metodik materiallarla təmin edilməsi, Misirdən müəllimlərin, mütəxəssislərin dəvəti məsələlərini də müzakirə etdilər.

Xatırladaq ki, ötən il dekabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) ərəb ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirlərinin görüşü keçirilib. Heydər Əliyev adına muzey-lektoriyada keçirilən görüşdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, millət vəkili Fəttah Heydərov, İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Adel Məhəmməd Adeylah, Misir Ərəb Respublikasının səfiri Sabir Əbdülqadir Mənsur, Küveytin səfiri Hassan Yusuf əl-Zavavi, İraqın səfiri Heydər əl-Barrak, Fələstinin səfiri Nasir Əbdül Kərəm A. Rəhim, Qətərin səfiri Şeyx Mübarək bin Fahad əl-Tani, Səudiyyə Ərəbistanı Krallığının səfiri Fahad bin Ali F. əl-Dosari, Mərakeş Krallığının səfiri Hassan Hami, eləcə də Liviya Xalq Sosialist Ərəb Cəmahiriyyəsinin Azərbaycandakı müvəqqəti işlər vəkili Naji E. Qazala iştirak ediblər. Görüşdə 2011-2012-ci il tədris ilindən ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Ərəbşünaslıq ixtisasının fəaliyyətə başlaması ilə bağlı danışıqlar aparılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə