Elçin Mirzəbəyli: “Seperatizmin dəstəklənməsi gələcəkdə Avropa üçün də yaxşı olmayan presedentlərə gətirib çıxara bilər”
Xəbər verildiyi kimi, Avropa Komissiyasının rəsmi internet səhifəsi təəssüf və təəccüb doğuracaq səhvə yol verib. Bu texniki səhv olması isə inandırıcı deyil. Məsələ bundadır ki, yanvarın 13-də Azərbaycana gələn Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Prezident İlham Əliyevlə birgə mətbuat konfransında çıxışı zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Mətbuat konfransında Barrozunun dediyi "icazə verin, onu da bildirim ki, Avropa İttifaqı tərəfdaşlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir. Biz ATƏT-in Minsk qrupunun səylərini tam dəstəkləyirik və etimad yaratma tədbirlərini maliyyələşdirməyə hazırıq", fikri Avropa Komissiyasının rəsmi internet səhifəsində tam şəkildə yerləşdirilməyib və çıxışın Azərbaycanın ərazi bütövlüyünə aid hissəsi çıxarılaraq digər fikirlərlə əvəz edilib. Azərbaycan Xarici İşlər Nazirliyi də buna etiraz edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib ki, Azərbaycan Respublikası BMT, ATƏT və digər beynəlxalq təşkilatlara SSRİ daxilində olduğu sərhədləri çərçivəsində üzv qəbul olunub və ölkənin ərazi bütövlüyü və suverenliyi dünyanın bütün dövlətləri tərəfindən (Ermənistan Respublikası istisna olmaqla) tanınır.
Məlumatda qeyd edilib ki, Avropa Komissiyasının rəsmi internet səhifəsində M.Barrozunun çıxışına edilən düzəlişlər Avropa İttifaqının imicinə mənfi təsir edə biləcək addım kimi qiymətləndirilir, eyni zamanda, Aİ ilə Azərbaycan arasında 1999-cu ildə imzalanmış "Əməkdaşlıq və tərəfdaşlıq sazişi"nin ruhuna ziddir.
Politoloq Elçin Mirzəbəyli SİA-ya açıqlamasında bildirib ki, Barrozunun Azərbaycanın ərazi bütövlüyünün Avropa İttifaqı tərəfindən dəstəklənməsi ilə bağlı Bakıda səsləndirdiyi bəyanat ermənilər tərəfindən tənqidi qarşılanmışdı. Avropa Komissiyasının sədrinin dediklərinin komissiyanın rəsmi saytında korrektə edilməsində erməni bəyanatlarının da rol oynadığını deyən E.Mirzəbəyli qeyd edib ki, bu fakt bir daha beynəlxalq hüququn prinsiplərinə dünyanın aparıcı təşkilatların əməl etmədiyini və ikili standartlardan çıxış etmələrini göstərir. Bunun həm də Avropa Birliyini (AB) gözdən salan fakt olduğunu söyləyən politoloq bildirib ki, AB ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın verdiyi töhfələr təkcə Azərbaycan, Azərbaycan-AB üçün deyil, bütövlükdə region üçün kifayət qədər yüksəkdir.
Alternativ enerji layihələrinin həyata keçirilməsinin Avropa üçün vacib olduğunu dilə gətirən E.Mirzəbəyli vurğulayıb ki, bu istiqamətdə addımlar atılıb və bölgədə həyata keçirilən layihələrin təşəbbüsçüsü və əsas dayağı Azərbaycandır: "Rusiyanın asılılığından yaxa qurtarmağa çalışan Avropa Birliyinin ikili standartlardan çıxış etməsi və bir çox hallarda əsassız bəyanatlar səsləndirməsi hesab edirəm ki, bu münasibətlərə, beynəlxalq prinsiplərə qətiyyən uyğun deyil. Ortada konkret olaraq işğal faktı var və işğal faktına münasibətdə beynəlxalq hüququn normaları kobud şəkildə tapdalanırsa, bu təkcə Azərbaycanla bağlı deyil, bütövlükdə beynəlxalq aləmdə baş verən digər proseslərdə də ikili standartlara yol açır. Avropa yaxşı anlamalıdır ki, seperatizmin dəstəklənməsi gələcəkdə onların özü üçün də yaxşı olmayan presedentlərə gətirib çıxara bilər. Almaniya, İspaniya, Fransa, İngiltərə və digərləri də daxil olmaqla istənilən Avropa ölkəsinin bu cür problemlərdən əziyyət çəkməsi üçün kifayət qədər əsaslar var. Bu gün seperatizmə qarşı lazımı cavab verilmirsə, bu həm Avropa, həm də dünyanın digər ölkələri üçün ciddi problemlər yarada bilər".
E.Mirzəbəyli hesab edir ki, Barrozunun Azərbaycana səfəri zamanı imzalanan "Cənub dəhlizi"nə dair birgə bəyannamə" Avropanın istəyinə çatdığını deməyə əsas vermir: "Beynəlxalq münasibətlərdə tənzimləyici sənəd kimi ikitərəfli və çoxtərəfli müqavilələr əsas rol oynayır. İmzalanan bəyannamədə isə niyyət ifadə olunur. Bu və ya digər səbəblərdən bəyannamədə nəzərdə tutulan məsələlər baş tutmaya da bilər. Avropa indiyə kimi Azərbaycandan aldığının müqabilində heç bir obyektiv addım atmayıb. Avropa Birliyindən xüsusi bir imtiyaz tələb etmirik. Ortada işğal faktı var və konkret fakta münasibət tələb edirik. Avropanın siyasətçiləri bir çox məsələlərdə siyasi amillərin önə çəkməməsinin lazım olduğunu deyirlər. Bunun qarşılığında adekvat arqument ortaya çıxır. Bu arqument nədən ibarətdir? Avropa Birliyi Rusiyadan enerji almaqla kifayətlənmir, alternativ yollar axtarır. Rusiya isə qazını satan zaman siyasi motivlərdən istifadə edir və bu motivlərə məruz qalan Avropa Birliyi alternativ yollar axtarır. Deməli, ortalıqda faktiki siyasi motiv var. Belə olan halda digər hüquqi-siyasi motivlərlə Azərbaycanın ortaya qoyduğu obyektiv prinsiplər niyə qəbul olunmamalıdır? Afrikanın ucqarlarında yaşayan papuasları da bu cür arqumentlərə inandırmaq mümkün deyil, nəinki Azərbaycanda yaşayan insanları".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB