Aydın Mirzəzadə: “Joze Manuel Barrozunun ölkəmizin ərazi bütövlüyünün dəstəkləməsi ilə əlaqədar dediyi fikir tarixdədir və heç kim onu silə bilməz” -AÇIQLAMA

Aydın Mirzəzadə: “Joze Manuel Barrozunun ölkəmizin ərazi bütövlüyünün dəstəkləməsi ilə əlaqədar dediyi fikir tarixdədir və heç kim onu silə bilməz” -AÇIQLAMA
"Azərbaycanda səfərdə olarkən Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun ölkəmizin ərazi bütövlüyünün dəstəkləməsi ilə əlaqədar dediyi fikir tarixdədir və heç kim onu silə bilməz". Bu sözləri SİA-ya millət vəkili Aydın Mirzəzadə Avropa Komissiyası prezidentinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi barədə sözlərinin qurumun internet səhifəsində dəyişdirilməsinə münasibiət bildirərkən deyib. Millət vəkili bildirib ki, Barrozu bu fikri şəxsən öz adı ilə deyil, Avropa Birliyinin adından səsləndirdiyinə görə, Azərbaycan cəmiyyəti Avropa Birliyinin bu məsələdə prinsipal mövqe ortaya qoyduğundan çox məmnundur.

Ərazi bütövlüyümüzlə əlaqədar hissənin Avropa Birliyinin saytından çıxarılmasına gəldikdə millət vəkili bildirib ki, bu məsələ ilə bağlı hazırda araşdırma aparıldığına görə, onunla əlaqədar qəti fikir söyləmək bir qədər çətindir.

A.Mirzəzadə vurğulayıb ki, qəti fikir yaxın günlərdə Avropa Birliyi tərəfindən bu məsələyə aydınlıq gətirildikdən sonra söyləmək mümkün olacaq: "Əgər onlar Barrozunun fikirlərinin səhv başa düşüldüyünü deyəcəklərsə, Azərbaycanın Avropa Birliyi ilə münasibətlərinə yenidən baxmaq hüquqi saxlanılır. Yox əgər bunu texniki səhv adlandırıb yenidən yerində otuzduracaqlarsa, o zaman mənə elə gəlir ki, Avropa Birliyi özünün bu işə cavabdeh olan məsul şəxslərinin məsuliyyətə cəlb olunması məsələsinə baxmalıdır. Heç bir diplomatik normaya sığmayan məsələ üzə çıxıb və yaxın günlərdə ona aydınlıq gətiriləndən sonra bu məsələyə ya qəti şəkildə nöqtə qoyub və ya davam etdirmək olar".

A.Mirzəzadə qeyd edib ki, Barrozu öz sözündən imtina etməyib, ona görə də onun dediyi fikirlər qüvvədədir. Onun sözlərinə görə, Barrozunun eyni zamanda Avropa Birliyi adından Azərbaycana səfər etdiyini nəzərə alaraq, dediyi fikirlər Avropa Birliyinin rəsmi mövqeyi kimi qəbul edilməlidir.

"Hər bir situasiyaya ona müvafiq olaraq qiymət vermək lazımdır. Hələ ki, nə Barrozunun, nə də Avropa Birliyinin dilindən Azərbaycanın ərazi bütövlüyünü şübhə alıtına alan fikir səsləndirilməyib. Ola bilər ki, kimlərsə qəsddən belə edib. Halbuki, heç kəsin Avropa Birliyi rəhbərinin dediyi fikri özünün bildiyi kimi dəyişdirməyə, redaktə etməyə və saytda yerləşdirməyə ixtiyarı yoxdur. Nə Avropa Birliyinin rəsmi şəxslərinin, nə də texniki işçilərinin buna səlahiyyəti çatmır. Hər halda burada saxtakarlıq faktı var və bu faktın aşkarlanmasına böyük ehtiyac duyulur", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə