Elman Nəsirli: “Rəsmi Bakı Avropa Komissiyası ilə bağlı xarici siyasətinin vektorunda müəyyən dəyişiklik edə bilər” - MÖVQE
Avropa Komissiyasının prezidentinin Bakıda verdiyi bəyanatın arxasında durmaması qurumun nüfuzuna xələl gətirən bir məsələdir. Burada heç bir təsadüfi hal baş verməyib və ya texniki səhv olmayıb. Bunu SİA-ya açıqlamasında politoloq Elman Nəsirli Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun Azərbaycanla bağlı fikirlərinin Avropa Komissiyasının rəsmi internet saytında təhrif olunmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu planlı və məqsədyönlü şəkildə olub: "Avropa İttifaqına ermənipərəst qüvvələrin çox ciddi təzyiqləri var. Nəzərə alsaq ki, Barozzu "Nabucco" layihəsi üçün gəlmişdi və Bakıda verdiyi bəyanatlarında açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini səsləndirirdi, bununla da Azərbaycan tərəfini məmnun və razı salmaq istəyirdi. Lakin bu bəyanatlardan sonra görünür ona ciddi təzyiqlər olub və o geri qayıtdıqdan sonra təzyiq edən tərəfləri razı salmaq üçün həmin ifadələrini internet saytına yerləşdirməyib. Görünür, bununla balansı qoruyub saxlamaq istəyirlər. Yəni, nə Azərbaycan, nə də Ermənistan tərəfi inciməsin".
Politoloq hesab edir ki, "Nabucco" layihəsinin reallaşmasında həddindən artıq maraqlı olan Avropa tərəfi və onun rəhbərliyi bu məsələdə düşünülmüş addım atmalıdır. Çünki, belə addımlar nəticə etibarı ilə proseslərin arzuolunmaz ssenari üzrə inkişafına səbəb ola bilər: "Nəzərə alsaq ki, Avropanın il ərzində 550 mlrd. kub metr qazın istehlakına ehtiyacı var. Belə olan təqdirdə, Avropa asılı tərəfdir və onlar heç şübhəsiz ki, geniş enerji potensialına malik olan ölkələrlə davranışını düzgün müəyyənləşdirməlidirlər. Əks halda Avropa İttifaqına qane etməyən şəkildə proseslərin istiqamət almasına gətirib çıxara bilər. Ona görədə mən belə hesab edirəm ki, Azərbaycan tərəfi öz mövqeyini bildirib və hazırda top Avropa İttifaqı tərəfindədir. Baxmayaraq ki, qurumun mətbuat xidməti iddia edir ki, mətndə heç bir dəyişiklik nəzərdə tutulmayıb. Mənə elə gəlir ki, bu mətbuat xidmətinin erkən verdiyi bir bəyanatdır. Fikrimcə burada hər hansı bir dəyişiklik baş verməsə, qurumun ikiüzlü siyasəti ifşa olunacaq".
Elman Nəsirli deyir ki, bunudan sonrakı hadisələrin gedişatına məsuliyyət Joze Manuel Barrozonun üzərinə düşür. Belə ki, bu məsələ ilə bağlı, hələlik onun mövqeyi bəlli deyil: "Heç şübhəsiz ki, Azərbaycan tərəfi belə halları dəyərləndirir və belə halların bilvasitə diqqəti altında özünün bundan sonrakı siyasətinin konturlarını müəyyənləşdirəcək. Şəraitin diqtəsi altında Avropa Komissiyasının yeritdiyi siyasətin bilavasitə təsiri altında rəsmi Bakı real status-kvodan çıxış edərək özünün Avropa İttifaqı ilə bağlı xarici siyasətinin vektorunda müəyyən dəyişiklik edə bilər. Nəzərə alsaq ki, Avropa İttifaqı heç bunda maraqlı deyil. Yəni Avropa İttifaqı Azərbaycanla münasibətlərin mənfi istiqamətdə dəyişməsində heç maraqlı deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB