Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib- FOTOSLAYD

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib- FOTOSLAYD

Azərbaycanın Respublikasının Təbrizdəki Baş Konsulluğunda Azərbaycan xalqının qanlı faciəsi - 20 Yanvar ümumxalq hüzn günü ilə əlaqədar anım mərasimi keçirilib. SİA-ya Baş Konsulluqdan verilən məlumata görə, mərasimdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna "Quran"dan ayələr oxunub, 20 Yanvar faciəsinin bəşəriyyətə və insanlığa qarşı cinayət, Azərbaycan xalqına qarşı isə törədilən qətliamlardan biri olduğuna dair fikirlər səsləndirilib.

 

Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək 21 il öncə, 1990-ci il yanvar ayının 20-də Azərbaycan xalqının taleyində qorxunc anların yaşandığını, xalqımızın erməniləşmiş sovet hərb maşınının zorakılığına məruz qaldığını, dinc insanlarımızın küçələrdə gülləbaran edilərək vəhşicəsinə qətlə yetirildiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, insanlığa sığmayan bu zorakılıq aktı Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda inadkar dəyanətini sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi olub, lakin buna nail olacaqlarını düşünənlər səhv etdiklərini anlayıblar. Bildirilib ki, həmin gün Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq məqsədilə Bakıya böyük bir ordu yeridilib və xalqımıza qarşı insanlığa sığmayan növbəti qətliamlardan biri həyata keçirilib. Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu hüquqi qiyməti hələ də almayıb və bunun səbəbkarları da məhz o vaxtkı Azərbaycan rəhbərliyi olub. Hadisədən dərhal sonra Azərbaycanın o vaxtkı rəhbərliyi nəinki 20 Yanvarın gerçək miqyas və mahiyyətini dünya birliyinin diqqətinə çatdırmayıb, əksinə, bu hərbi cinayəti ört-basdır etməyə çalışıb.

 

Baş konsul vurğulayıb ki, o vaxt Azərbaycan xalqı adından yeganə etiraz bəyanatını Moskvada yaşayan ümummilli lider Heydər Əliyev verib: "Bilavasitə imperiyanın mərkəzində, dünyanın onlarca kütləvi informasiya vasitələri təmsilçilərinin qarşısında verilən bu bəyanat o zaman böyük əks-səda doğurub və onun sayəsində xalqımızın etiraz səsi həmin dövrdə ilk dəfə dünya ictimaiyyətinə çatdırılıb".

 

Baş konsul 20 yanvar şəhidlərinin xatirəsinin Azərbaycana dost və qonşu ölkə olan İran İslam Respublikasında, Təbriz şəhərində də yad edilməsinin önəmindən danışaraq mərasim iştirakçılarına iştiraka görə təşəkkür edib və sonda bir daha bütün səhidlərə rəhmət diləyib. Çıxışdan sonra erməni təcavüzündən və 20 Yanvar faciəsindən bəhs edən "Azadlığa gedən yol" adlı film nümayiş etdirilib, Baş Konsulluğun əməkdaşlarının uşaqları tərəfindən şeirlər oxunub və şəhidlərin xatirəsinə ehsan verilib. 20 Yanvar faciəsinə dair "Azadlığa gedən yol" adlı film Baş Konsulluq tərəfindən DVD formatında hazırlanaraq faciəyə dair azərbaycan və fars dilinə tərcümə edilmiş digər materiallarla birgə mərasim iştirakçılarına paylanılıb.

 

Mərasim iştirakçıları Baş Konsulluq tərəfindən qanlı 20 Yanvar faciəsinə aid şəkillərdən təşkil olunmuş sərgiyə baxıb, həmçinin kitab və qəzetlərlə tanış olub. Baş Konsulluq tərəfindən təşkil olunan sərgi ictimaiyyət üçün açıq saxlanılaraq mərasimdən sonra da gün ərzində fəaliyyətini davam etdirib.

 

Mərasimdə Türkiyənin Təbrizdəki baş konsulu və əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə