İşğalçının darmadağın olan planları TƏHLİL

İşğalçının darmadağın olan planları TƏHLİL

ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətində son zamanlar bir canlanma, bir tərpəniş hiss olunmaqdadır və bunun təsadüfi olmadığı da gün kimi aydındır. Səmərəli müzakirələr üçün əlverişli ab-havanı dəstəkləməyin vacibliyini vurğulayan, münaqişənin dinc yolla həlli üçün tərəflərə kömək etmək məramına tam sadiq olduqlarını diqqətə çatdıran həmsədrlərin, “Qarabağ ətrafındakı işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır”, bəyənatları ölkə başçımızın rəhbərliyi ilə aparılan düzgün siyasətin, uğurlu diplomatiyanın məntiqi nəticəsidir.

Ermənistana və beynəlxalq vasitəçilərə Azərbaycanın mövqeyi bəllidir. Ələlxüsus Ermənistan tərəfi bu mövqeyi çox yaxşı bilir. Amma işğalçı ölkədə adekvat tədbirlərin görülməsinin, məsələnin həllinə yönələcək siyasət aparılmasının vacibliyini dərk edəcək bir hakimiyyət formalaşa bilmir ki, bilmir. İndi Paşinyanın və onun hakimiyyətinin də münaqişənin həllinə pəl vurmaq üçün dəridən qabıqdan çıxması məhz bu səbəbdəndir.

Yeni Ermənistan, yeni hakimiyyət kimi sırımağa çalışdıqları hakimiyyət çevrilişləri qəhrəmanları, baş nazir kürsüsünü ələ keçirən nümayişçidən tutmuş ən sıravi hakimiyyət nümayəndəsinə qədər hər biri məsələnin həllinin uzadılmasının indi ermənilər üçün fəsadlarını dərk etmək məcburiyyətindədirlər. Dərk etmək məcburiyyətindədirlər ki, münaqişənin həllinin uzanması təhlükəsizliyin təminatına imkan vermir, terrorçuluğa qarşı mübarizəyə mane olur, iqtisadi inkişafa, əlaqələrə və əməkdaşlığa əngəl törədir. Əslində, işğalçı tərəfi bunu dərk etməyə məcbur edən, daha dəqiq desək, işğalçılara bunu dərk etdirən elə ölkə başçımızın rəhbərliyi ilə Azərbaycanın apardığı məqsədyönlü, düşünülmüş siyasət, uğurlu diplomatiyadır.

Ermənistandakı problemlərin kökündə Dağlıq Qarabağ münaqişəsi durur ki, bunu artıq hər bir erməninin etiraf etməkdən başqa çarəsi qalmır

Dağlıq Qarabağ məsələsinə görə, işğalçılıq siyasəti yürütdüyünə görə Ermənistanın özünü çətin vəziyyətə, hətta acınacaqlı duruma saldığı göz qabağındadır. Hadisələrin gedişi də təsdiq edir ki, bu durum, bu vəziyyət get-gedə daha da ağırlaşmaqdadır. Son bir ildə keçirilən nümayişlər, hakimiyyət çevrilişləri, hansısa avantüristin pafoslu çıxışları belə ermənilərin dərdinə çarə deyildi və bütün Ermənistan hamıdan əvvəl bunun şahidi oldu. Onun da şahidi oldu ki, Paşinyan nə bir siyasətçidir, nə də bir sehrbaz və onun özü də batmaqda olan bir işğalçı dövləti dirçəltmək iqtidarında ola bilməz. Çünki, Ermənistanın problemi təkcə Serj Sarkisyan deyildi və bu problemlərin kökündə Dağlıq Qarabağ münaqişəsi durur ki, bunu artıq hər bir erməninin etiraf etməkdən başqa çarəsi qalmır. Heç şübhəsiz ki, işğalçıların belə bir çarəsiz vəziyyəti, regionda küncə qısılmış duruma düşmələri, marginallaşmaları ölkəmizin düzgün strategiya seçməsi deməkdir və Azərbaycanın qələbəsidir.

İşğalçılıq siyasəti yürüdən Ermənistan, başda S.Sarkisyan olmaqla bunun acı nəticələri ilə qarşılaşmalı oldu. Ermənilərin hər zaman xarici qüvvələrin təsiri altında qaldıqları səbəbindən müstəqil ola bilmədikləri təkzibedilməzdir və indi bütün layihələrdən kənarda qalan işğalçılar bunu daha yaxşı dərk edirlər. Bunu səfalət içərisində yaşayan ən sıravi ermənidən tutmuş ölkəsini rüsvayçı, rəzil durumdan xilas edə bilməyən baş nazirə qədər hər kəs daha yaxşı başa düşür. Məsələ burasındadır ki, erməni xalqı da, Ermənistan dövləti də sonuncu dəfə bir şans əldə edə bilərdi və narıncı inqlablardan sonra məkirli niyyətlərə, işğalçılıq siyasətinə son qoyulmaqla doğru yol, münaqişənin sülh yolu ilə həlli, torpaqlarımız qaytarılması seçilə bilərdi ki, bu da ümumilikdə Ermənistanın düşdüyü bataqlıqdan xilas olması demək idi. Azərbaycan torpaqlarını işğaldan azad etməklə Ermənistan regional iqtisadi layihələrə cəlb oluna, bununla da iqtisadi böhrandan xilas ola bilərdi. Bu durum Ermənistanda indi donmuş investisiya axınına da öz müsbət təsirini göstərə bilərdi ki, nəticədə bütün bunlar ölkənin məhv olmasının qarşısının alınması deməkdir.

Hələ illər əvvəl ölkənin ilk Prezidenti, Ermənistan Milli Konqresi Partiyasının sədri Levon Ter-Petrosyan tərəfindən Ermənistanın düşdüyü vəziyyətin ağırlığı etiraf olunmuşdu və o çıxış yolu kimi Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmalı olduğunu demişdi. Levon Ter-Petrosyan etiraf etmişdi ki, torpaqlar könüllü qaytarılmazsa onsuz da bu torpaqlar sanksiyalarla alınacaq və Ermənistanın başqa çıxış yolu yoxdur. Etiraf etmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması Ermənistanı daha da zəiflədəcək.

Ermənistanın Dağlıq Qarabağ münaqişəsində əvvəl-axır güzəştlərə getməli olacağını ifadə edən məşhur məqalənin Ter-Petrosyanın istefa verməyə məcbur edilməsi ilə nəticələndiyi də sirr deyil. Ermənistanın keçmiş prezidenti ölkəsinin 20 il, 30 il status-kvonu qoruyub saxlamağa imkanı olmadığını da etiraf etmişdi. Etiraf etmişdi ki, iqtisadiyyatını inkişaf etdirməyə, blokadaları və blokadaların doğurduğu maneələri dəf etməyə Ermənistanın resursları kifayət etməyəcək və işğalçı ölkə Azərbaycanla rəqabətə tab gətirə bilməyəcək. Ermənistanın eks prezidenti bu mənada haqlı idi və göründüyü kimi belə də oldu. Yəni ölkəmizin qələbəsini əvvəlcədən də görmək mümkün idi və bu həqiqətləri etiraf etməkdən başqa işğalçıların çarəsi ola bilməz.

Diplomatik qələbə artıq təmin edilib və Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə şəksiz-şübhəsiz məğlub gedəcək

ATƏT-in Minsk qrupunun Ermənistana, öz müqəddəratını təyinetmə prinsipi ərazi bütövlüyünün pozulması hesabına baş verə bilməz deyə xəbərdarlıq etməsi Dağlıq Qarabağ masasında işğalçı ölkəni fakt qarşısında qoydu. Bu fakt isə ölkə başçımızın ərazi bütövlüyümüzün bərpası istiqamətində prinsipial mövqeyinin bəhrəsi deməkdir. Bu həm də o deməkdir ki, dövlətimizin başçısı planlaşdırılan görüş öncəsi diplomatik qələbəni artıq təmin edib və Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə şəksiz-şübhəsiz artıq məğlub gedəcək.

Həmsədrlər özləri də çox yaxşı başa düşürlər ki, Paşinyan Dağlıq Qarabağın adından danışmaq hüququna malik olmadığını bəhanə etdiyi halda öz oğlunu işğal edilmiş Azərbaycan torpaqlarına hərbi xidmətə göndərirsə, deməli, baş nazirin dedikləri tamamilə yersiz və uyğunsuzdur. Başa düşürlər ki, erməni baş nazir bütün bunları danışıqlar prosesini pozmaq, mövcud status-kvonu davam etdirmək üçün uydurur. Lakin artıq Paşinyanın bu uydurmaları heç bir işə yaramır və həmsədrlər işğalçının şərtlərini rədd etməklə arzularını da ürəyində qoydu desək yanılmarıq. Çünki, bundan sonra Nikolun daha hansısa bəhanələr uyduracağı heç inandırıcı görünmür və görünən odur ki, o indi fakt qarşısında, eləcə də çıxışmaz vəziyyətdədir.

Erməni baş nazirinin hazırki çıxılmaz vəziyyəti heç də birdən-birə ortaya çıxmadı və təsadüfi də deyil. Paşinyanın bu çıxılmaz durumu, yaxud şok vəziyyəti Azərbaycan Prezidenti Cənab İlham Əliyevin diplomatik qələbəsidir ki, buna heç kimin zərrə qədər şübhəsi ola bilməz. Çünki, məhz ölkə başçımızın diplomatiyası sayəsində, yürütdüyü doğrü, düzgün siyasət sayəsində işğalçı ölkənin baş naziri belə bir məğlub duruma düşüb və bunu öz mətbuat səhifələrində erməni cəmiyyəti də etiraf edir.

Ermənistan tərəfinin bundan sonra “format dəyişikliyi” tezisi üzərindən çıxış etməsinin qarşısını birmənalı şəkildə alındı

Ölkə başçımızın Putinin dəvəti ilə Soçiyə səfərinin ardınca Rusiya prezidentinin Bakıya səfəri Ermənistan tərəfinin yuxusunu ərşə çəkməyə bilməzdi. Çünki ermənilər arxalarını itirdiklərini, bunun ağır nəticələr verəcəyini yaxşı başa düşürdülər. Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) ağır məğlubiyyətə uğraması da təsadüfi deyildi. Bu, əslində Ermənistanın məğlubiyyəti ilə yanaşı, Azərbaycanın, yürüdülən düzgün siyasət, uğurlu diplomatik fəaliyyət sayəsində xüsusən Cənab İlham Əliyevin qələbəsi deməkdir. Martın 5-də Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakı Bakıda qəbul etdiyi zaman Ermənistan tərəfindən substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyətin olmadığını vurğulaması, Dağlıq Qarabağ münaqişəsinin həllindən məsuliyyətli olan qurumun rəhbərinə Azərbaycanın prinsipial mövqeyi idi.

Avropa Komissiyasının Avropa Siyasəti, Qonşuluq və Genişlənmə üzrə komissarı Yohannes Hanla martın 6-da baş tutan görüşdə Nikol Paşinyan münaqişənin həlli üçün Dağlıq Qarabağ probleminin həllinin incəlikləri və metodları barədə Azərbaycan Prezidenti ilə danışmamışıq deyən baş nazir sözsüz ki, yeni metodlar axtarışı bəhanəsi ilə vaxt qazanmaq, məsələni uzatmaq niyyətində idi. Bizim növbəti görüşümüz danışıqlar formatının müzakirəsinə həsr ediləcək deyən baş nazir, problemin həlli üçün ilk növbədə effektiv format yaradılmalı olduğunu orataya atdısa da bunun heç bir nəticəsi olmadı. Erməni baş nazirin nə formatın dəyişdirilməsi, nə də Dağlıq Qarabağın burada iştirakının təmin edilməsi barədə bəhanələri qəbul edilmədi. Daha dəqiq desək, Ermənistanın baş naziri Avropadan dəstək gözlədiyi halda, ona diplomatik dillə də olsa haqq qazandırılacağını güman etdiyi halda bunun əksi ilə qarşılaşmalı oldu. Yohannes Han açıq şəkildə bəyan etdi ki, ən yaxşısı indiki formatı saxlamaqdır və yenilik xətrinə yeni nəsə yaratmağa ehtiyac yoxdur.

Beləliklə, Paşinyan “format dəyişikliyi” tezisi alt-üst olmuş şəkildə Azərbaycan Prezidenti ilə görüşə getmək məcburiyyətindədir. Daha dəqiq desək, işğalçıların planları darmadağın oldu və işğalçı dövlətin baş naziri bəhanələrdən əli üzülmüş şəkildə görüşə getməli olacaq. İki ölkənin liderlərinin ilk rəsmi görüşünün bu formatda, yəni əvvəlki qaydada keçiriləcəyi Ermənistan tərəfinin bundan sonra “format dəyişikliyi” tezisi üzərindən çıxış etməsinin qarşısını birmənalı şəkildə alacaq. Yəni, ermənilərin, erməni baş nazirinin və onun hakimiyyətinin bundan sonra bəhanə axtarmasına yol verilməyəcək. Bu özü-özlüyündə Azərbaycanın işğalçı ölkə üzərində növbəti mükəmməl diplomatik qələbəsi, təkzibedilməz uğurudur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə