Mətləb Mütəllimli və Nemət Pənahlı İsgəndər Həmidovun əleyhinə Əli Kərimlinin şərtlərini qəbul edə bilərlər
Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidovun təşəbbüsü və rəhbərliyi altında yaradılan “Azərbaycan Xalq Hərəkatı”nda (“AXH”) kəskin ziddiyyətlər meydana gəlib. Xüsusilə, “AXH” daxilində yaranan narazılığın kökündə bu təşkilatın Əli Kərimlinin sədri olduğu AXCP ilə birləşşməsi məsələsi vəziyyəti kəskinləşdirib. Hətta vəziyyət o həddə qədər yetişib ki, “AXH”də funksionerlik edən şəxslər İsgəndər Həmidovdan gizlin şəkildə Ə.Kərimli ilə separat danışıqlara gediblər. SİA-nın məlumatına görə, bu barədə yazan müxalifətyönlü dövri mətbuat qeyd edir ki, həmin danışıqlarda əsasən, Sosial Ədalət Partiyasının (SƏP) sədri Mətləb Mütəllimli və Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı iştirak ediblər. Onlar “AXH” ilə AXCP-nin birləşşməsi mümkünlüyü barədə sövdələşmələrə gedərək, hətta müəyyən razılıqlara da gəliblər – ancaq İ.Həmidovsuz...
Əli Kərimli birliyin Qurban Məmmədovsuz və İsgəndər Həmidovsuz olmasını tələb edir
Beləliklə, məlum olub ki, danışıqlar “AXH” rəhbərliyindən, yəni İ.Həmidovdan xəbərsiz aparılır. Maraqlı nüans isə budur ki, sözügedən proses barədə “AXH”nin idarə heyətinin 11 martda keçirilən iclasında danışılmayıb, AXCP sədri ilə gedən sövdələşmələr SƏP və MDP sədrləri tərəfindən sirr kimi saxlanılıb. Qeyd edək ki, bu barədə saytımıza AXCP çevrələrinə yaxın olan və israrla adının açıqlanmasını istəməyən mənbə bildirib. Onun sözlərinə görə, aparılan gizli sövdələşmələrdə ilkin separat razılaşmalara da gəlinib. Belə ki, AXCP sədri Ə.Kərimli ilk növbədə, son vaxtlar Londondan qoşulduğu canlı yayımlar vasitəsi ilə “Milli Şura”nı hədəfə alan Qurban Məmmədovun, habelə İsgəndər Həmidovun “AXH”-AXCP birliyində təmsil olunmamayacaqlarını tələb edib. Buradan isə tam şəkildə aydın olur ki, Ə.Kərimli “Milli Şura”da olduğu kimi, əgər baş tutarsa, “AXH”-AXCP birllyində də bütün məsələləri öz əlində saxlamağı planlaşdırır.
“AXH”də daxili ittihamlar – Mətləb Mütəllimli: “Zərdüşt Əlizadə və digər cəbhəçilər İsgəndər Həmidovun qoçuları tərəfindən alçaldıcı hərəkətlərə məruz qalmışdır”
Lakin daha bir ilginc detal M.Mütəllimli ilə N.Pənahlının AMDP sədri İ.Həmidova qarşı atdıqları addımlarıdır ki, buradan da bəzi məsələləri aşkara çıxarmaq elə də çətinlik yaratmır. Yəni onlar arasındakı nifaq çoxdana söykənən reallıqdır.
Misal üçün, SƏP sədri M.Mütəllimli hələ bu ilin əvvəlində saytlardan birində yazdığı məqaləsində İ.Həmidovu ittiham edən ifadələr işlətmişdi. Belə ki, politoloq Zərdüşt Əlizadənin AXC iqtidarı dönəmində təzyiqlərə məruz qalmasını xatırladan M.Mütəllimli İsgəndər Həmidovu o dövrdə reketçilik etməkdə suçlamışdı. SİTAT: “Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti illərində də mövqeyinə, müəyyən fikirlərinə görə dəfələrlə Zərdüşt Əlizadəyə qarşı təhqiramiz hərəkətlərə yol verilmiş, hətta bir sıra hallarda nazirdən çox reketçilik edən, bununla da Xalq Cəbhəsi hakimiyyətinin nüfuzuna ağır zərbə vuran sabiq daxili işlər naziri İsgəndər Həmidovun qoçuları tərəfindən alçaldıcı hərəkətlərə məruz qalmışdır”.
İsgəndər Həmidovdan Mətləb Mütəllimliyə və Nemət Pənahlıya ismarıc: “Bir şeyi yaddan çıxarmasınlar ki, iti sahibi öldürür”
İ.Həmidov isə, M.Mütəllmlini yazısına görə ittiham edib və digər mətbu orqandakı çıxışı ilə suçlayıb. AMDP sədri qeyd edib ki, həmin dövrlərdə M.Mütəllimli baş prokurorun birinci müavini olub və əgər həqiqətən də cinayət törədilibsə, bu zaman özü cinayət edib. Yəni cinayət faktını bilib və bu məsələ ətrafında iş açmayıb.
İ.Həmidov M.Mütəllimlinin deputat olmaq istədiyini əsas gətirərək növbəti ittihamların yağdırıb və hətta onun hakimiyyətə işlədiyini də dilə gətirib. SİTAT: “Mətləb Mütəllimli deputat mandatı payı almaq istəyir. Azərbaycanda bir sıra adamların çörəyi İsgəndər Həmidovu, İsa Qəmbəri şərləməkdən çıxır. İndi görünür, M.Mütəllimli də bu yolu seçməklə deputat mandatı ilə mükafatlandırılmaq fikrinə düşüb. Parlament seçkiləri yaxınlaşdıqca belə hallar çox olacaq. Eybi yox, qoy deputat mandatını bizi söyməklə alsınlar. Amma bir şeyi yaddan çıxarmasınlar ki, iti sahibi öldürür. Hakimiyyət bir gün onları “öldürəcək”. Buna əmin olsunlar”.
AMDP sədri SƏP sədrinin torpaq sahələrinin, obyektlərinin olduğunu da iddia edərək bildirib: “Onun torpaq sahəsi, obyektləri var. Camaatın məhkəmədə dükanlarını əlindən almışdı. İndi ola bilsin həmin mülkləri saxlamaq istəyir”.
Nəticə olaraq isə, belə qənaətə gəlməyə zəmin yaranır ki, mövzunun görünməyən tərəfləri yavaş-yavaş üzə çıxır və əgər nəzərə alarsaq ki, İ.Həmidovun N.Pənahlı ilə də münasibəti hamar deyil, bu zaman kartların İ.Həmidovun əleyhinə, Ə.Kərimlinin isə lehinə açıldığını deyə bilərik. Daha dəqiq desək, Ə.Kərimli hələ “AXH”- AXCP birliyi formalaşmamış, baş tutmamış parçalamaq siyasətini aparıb. Əbəs deyil ki, M.Mütəllimli və N.Pənahlı Ə.Kərimlinin şərtlərini qəbul ediblər. Bu məsələ isə ənənəvi və radikal düşərgədə növbəti qarşıdurmaların, hədsiz ittihamların, ardıcıl ziddiyyətlərin davamına səbəb olacaq.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB