"Türkmənistanın Rusiyaya qaz satmağa ciddi ehtiyacı var" ÖZƏL-MÖVQE

"Türkmənistanın Rusiyaya qaz satmağa ciddi ehtiyacı var" ÖZƏL-MÖVQE

"Türkmənistanın Azərbaycan vasitəsilə Avropaya qaz satması mövzusunda kifayət qədər ciddi dinamika yaranıb". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, Türkmənistanda səfərdə olan RF Xİ naziri S.Lavrovu Türkmənistan baş nazirinin müavini, Xİ naziri R.Meredov qəbul edərkən ölkəsinin Rusiya ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirdi: "Sergey Lavrov prezident Q.Berdıməhəmmədovla daha çox 2 məsələ-qaz problemi və Xəzər məsələləri müzakirə olundu. Lavrov qaz məsələsi üzrə “Qazprom”la Türkmənistan arasında gedən danışıqlardan prezident Q.Berdıməhəmmədovun razı olduğunu bildirdi. Yanvarın 1-dən etibarən “Qazprom” ümumiyyətlə Türkmənistandan qaz almalı idi. Türkmənistanın Rusiyaya qaz satmağa ciddi ehtiyacı var. Görünür, Xəzər məsələlərinə görə “Qazprom” Türkmənistandan hələ bu günədək qaz almayıb. “Qazprom”un bu qərarı siyasi qərardır və Xəzər dənizi vasitəsilə Türkmənistanın Avropaya qaz nəql etmək qərarından asılıdır.

Türkmənistanın Azərbaycan vasitəsilə Avropaya qaz satması mövzusunda kifayət qədər ciddi dinamika yaranıb. Bakıda keçirilən tədbir zamanı Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Gunter Ottinger Bakıda “Cənubi qaz koridoru” üzrə keçirilən müşavirədə Türkmənistana qazını Azərbaycan ərazisi vasitəsilə Aİ məkanına çatdırmağı yenidən təklif etdi. G.Ottinger indi büdcə və insan resursları üzrə komissar olsa da uzun müddət AI-nin enerji məsələləri üzrə komissarı işləyib.

Almaniya-Türkmənistan biznes forumu keçirildi. Həm biznes forum, həm sərginin Almaniya ərazisində keçirilməsinə baxmayaraq türkmən tərəfi bu biznes forum və sərgidə özlərini ev sahibi kimi aparıb, almanlara xüsusi mehribanlıq göstərirdilər. Biznes forumda da ən əsas müzakirə olunan məsələlərdən biri Almaniyanın Türkmənistandan qaz almaq məsələsi idi. Almaniyanın ortalığa qoyduğu variant daha realdır. Almaniya hal-hazırda mümkün imkanlar vasitəsilə qaz almaq istəyir. Alman mütəxəssislərinin hesablamalarına görə (ehtimal ki, azərbaycanlı mütəxəssislər də bu hesablamalarda iştirak edib) cüzi yenidənqurma işləri görməklə Türkmənistandan hər il 6 milyard m3 qazı Azərbaycan ərazisi vasitəsilə Aİ-yə ötürmək mümkündür. Görünür, onlar Xəzər dənizində Azərbaycan və Türkmənistanın qaz infrastrukturlarının yaxınlığını nəzərdə tuturlar. Belə hesablamalar əvvəldən də mövcud idi. Xəzər dənizində suyun altındakı Türkmənistanın qaz kəmərlərini Azərbaycanın qaz kəmərlərinə birləşdirməklə qazı Azərbaycan tərəfə keçirmək mümkündür. O baxımdan kifayət qədər ciddi optimizmin yarandığını düşünmək olar.

Əfqanıstanın prezidenti Məhəmməd Əşrəf Qəni Türkmənistanda rəsmi səfərdə oldu və iki ölkə arasında qarşılıqlı maraq doğuran bütün məsələlər müzakirə olundu. Strateji əməkdaşlıq müqaviləsi də daxil olmaqla təxminən 10-dan çox müqavilə imzalandı. İmzalanmış müqavilələr demək olar ki, bütün sahələri əhatə edir.

Türkmənistan Bəhreynlə birgə neft-qaz layihələri reallaşdırmağı müzakirə edir. Bu məqsədlə Bəhreyn krallığının nümayəndə heyəti Türkmənistana səfər etdi.

Türkmənistan aviakompaniyalarına Avropa səmasında uçmağı qadağan etdilər. Türkmənistanın avia parkı köhnədir. O hesaba görə Aİ öz səmasında belə uçuşları riskli hesab edir. ABŞ öz vətəndaşlarına Türkmənistanın aviakompaniyalarından istifadə etməyi qadağan etdi. “Türkmən Hava Yolları” kompaniyası öz sərnişinlərini Avropa ölkələrindən daşımaqdan ötrü Lütvanza aviakompaniyasının imkanlarından yararlanır.

Türkmənistanın Xəzər dənizi vasitəsilə neft nəqlinin miqdarı 2 dəfə aşağı düşüb. Səbəb treyderin və marşrutun dəyişdirilməsidir. Əvvəllər türkmən nefti SOCAR (ARDNŞ) treyderinin vasitəçiliyi ilə daşınırdı. Sonradan türkmən tərəfi İsveçrənin Vitol kompaniyası ilə müqavilə bağladı və Vitol kompaniyası Mahaçkala (RF) limanı vasitəsi ilə türkmən neftini daşıdı. Vitol kompaniyasının daşımaq üçün tankeri olmadığına görə problem yaranıb. Xəzərdə ən böyük tanker resursuna SOCAR (ARDNŞ) malikdir. SOCAR-da bu məsələdə Vitolu rəqib hesab etdiyi üçün ona tanker vermədi".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə